Arxiv
12 Aprel 2019, 16:19 | İQTİSADİYYAT
Bakının yeni Baş Planını alman şirkəti hazırlayacaq

Bakının Baş planının hazırlanması üçün beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üzrə açıq tender başa çatıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Modern.az-a verilən məlumata görə, Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinə start verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığını rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması işini davam etdirir. İki mərhələdən ibarət olan bu prosesin birinci mərhələsində görülmüş təhlil və hazırlıq işlərinin davamı olaraq 2018-ci ilin sonunda beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq tender elan edilmişdi. Komitənin, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti seçilib.


“Keçirilmiş açıq tender bir çox aparıcı şəhərsalma və memarlıq şirkətinin marağını cəlb etmişdir. Dünyanın müxtəlif ölkələrini təmsil edən 20-yə yaxın iri beynəlxalq şirkət tərəfindən iştirakla bağlı tender komissiyasına müraciət olunmuşdur. İştirakçıların təkliflərinin dəyərləndirilməsi beynəlxalq təcrübə, işçi heyətinin peşəkarlığı, yanaşma tərzi, qiymət və 40-dan çox digər meyar üzrə hərtərəfli təhlil əsasında aparılmışdır. Tenderdə iştirak üçün müraciət etmiş şirkətlərin əvvəlki illərdə reallaşdırdıqları işlər sırasında Paris, Frankfurt, London, İstanbul, Çikaqo kimi iri şəhərlərin planlaşdırılması layihələri qeyd oluna bilər”,-deyə Komitədən bildirilib.

Qalib gəlmiş “AS+P” – qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən, geniş beynəlxalq təcrübəyə malik olan aparıcı şəhərsalma və memarlıq şirkətidir. 1964-cü ildə təsis olunmuş “AS+P” şirkəti tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində 2000-dən çox layihə uğurla icra olunub. Şirkətin təcrübəsi Almaniyanın Münhen, Köln və Frankfurt, Misirin Qahirə və İskəndəriyyə, həmçinin Sürix, Tbilisi, Şanxay, Moskva, İstanbul və bir çox digər tanınmış şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir.

Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi “AS+P” şirkəti ilə birlikdə Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılması fazasına start verir. Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq.


Baş planın hazırlanması prosesinin 2-ci mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq. Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. “Ərazilərin tarazlı istifadəsi və inkişafı”, “Yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı”, “Ətraf mühitin və ekoloji durumun yaxşılaşdırılması”, “Mühəndis-kommunikasiya sisteminin inkişafı”, “İctimai məkanların inkişafı”, “Əsaslı tikinti və tikinti sıxlığının tənzimlənməsi” və digər proqramlar paytaxtın Baş planı üzərində işin əsas tərkib hissələri kimi nümunə gətirilə bilər.


Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Baş plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, paytaxtın sistemli və davamlı inkişafında strateji əhəmiyyətə malik əsas şəhərsalma sənədi olan Bakının Baş planının vaxtında və keyfiyyətli hazırlanması məqsədilə bütün resurslarını səfərbər edib, bu prosesin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun və aparıcı dünya təcrübəsi nəzərə alınmaqla təşkili üçün bütün səylərini əsirgəməyəcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00