Modern.az

Moskva xatirələri - V HİSSƏ  

Moskva xatirələri - V HİSSƏ   

13 Aprel 2019, 23:44

Cəlaləddin Qasımov

Əvvəli burada

Səhəri mən MAD İnstitutundan çıxıb MİU-a getdim. Atam elə bi­lir­di ki, mən orada oxuyuram. Amma onunla görüşəndə hiss etdim ki, nəsə duyub. Mənə dedi:

- Dayına dedim, axşam restoranda görüşüb nahar edək, dedi ki, ax-şama işi var, gələ bilməyəcək. Hiss etdim ki, məndən qaçır. Bəlkə nə baş verdiyini deyəsən.

- İndi zəng vurub deyərəm, - söylədim.


Dayım yaşadığı evin telefonunu yığdım. Yenə səhv edib Lenagilin ev nömrəsinə düşdüm. Lena ilə danışıb, sonra dayıma zəng etdim. Ona dedim ki, atam restoranda səni gözləyir, niyə gəlmirsən?

- Atanın gözünün içinə necə baxacam, ona yalan danışmışam. Məni məcbur etdin. Deyərsən, görüşü var, gələ bilməyəcək, - dayım dedi.

Dayımın gələ bilməyəcəyini bələndə atam dedi:

- Sabah neçə nəfər olsa, tələbə yoldaşlarını dəvət et, harada istə­sə­ni­niz sizə qonaqlıq verəcəm.

Yemək yeyib axşama qədər atamla birlikdə şəhərdə gəzdik. Sonra o, otelə getdi, mən də Samir dayım qaldığı evə gəldim. Dayım evdə idi. Mənə dedi:

- Sabah tezdən Bakıya gedirəm. Atanla üz-üzə gəlsəm o, başa düşə­cək. Çünki onun gözlərinin içinə baxa bilmərəm.

 Səhərisi dayım Bakıya getdi, mən də Lenagilin tələbə yoldaşları olan üç qıza və beş nəfər də öz dostlarıma, bir də Qazax rayonunun Daş Salahlı kəndindən Zakirə xəbərdarlıq etdim ki, mənimlə birlik­də MİU-da oxuduqlarını desinlər, yəni biz hamımız tələbə yolda­şı­yıq. MADİ-dan isə heç kimlə yaxın əlaqə saxlamırdım. Tələbə yol­daş­larım hamısı yaşlı idi, əsgərlikdən gəlmişdilər.

 Biz restorana gəldik. Şəhərin mərkəzində “Rusiya” otelinin yanın-da atam onlarla tanış oldu. Sonra restoranda əyləşdik. Məclisdə atam sağlıq söylədi:

- Mehriban olun, həyatda ən yaxıin dostlar bir uşaqlıq dostu olur, bir də tələbəlik dostu,- sözünə bir az ara verib əlavə etdi, -siz yeyin-için, istirahət edin, - birinci sağlıqdan sonra, - hə, mən get­­dim otelə, - deyib süfrədən qalxdı. Onu yola salanda mənə dedi:

- Sabah tez gəl, gedib bilet alaq. Birlikdə Gəncəyə gedəcəyik.

 Səhəri gün tezdən atamla görüşdüm və getməmək üçün ona yalan dedim:

- Mənim təcrübəm var, on gün gedim təcrübə keçməyə, sonra icazə alıb gələcəm.

 Atam isə təkid etdi:

- A bala, anan deyib ki, sənsiz gəlməyim. Bu Moskvada sən nə tap-mısan ki, ayrıla bilmirsən? Yaxşı, on gün gözləyərik.
Atam özünə bilet aldı. Onu yola saldım. Dərs də qurtarmışdı. Peşə məktəbində keçəcəyim təcrübəyə getmirdim. Lenadan da ayrıla bilmirdim. Hər gün Lena ilə görüşürdüm. On gün keçdi. Mən rayona gəldim. On gün də qalıb, sonra Moskvaya qayıtdım. Dərslərimiz başlamışdı. 18 yaşım tamam idi. Krasnı Qvardeyski rayonunda hərbi komissarlıqda yoxlamadan keçmişdim. Birinci kursu bitirib əsgər gedəsiydim. Artıq imtahan­ların vaxtı çatmışdı, müvəffəqiyyətləri verib qurtardım, birinci imta­handan da keçdim.

Gecə saat dörd idi. Qapı döyüldü. Yuxudan oyanıb qapını açdım. Gələn dayım idi. Birbaşa hava limanından mən qaldığım yerə  gəl­miş­di. Onun sərt sifətinə baxan kimi bildim ki, nə isə baş verib. Da­yım əsəbi mənə:

- Keç əl-üzünü yu, cəld ol, - dedi.

 Keçib əl-üzümüm yudum. Amma hiss etdim ki, dayım Lena ilə aram­dakı münasibətdən xəbər tutub. Yoxsa, gecənin bu vaxtı belə əsə­bi bura gəlməzdi. Dayım olan otağa keçdim. İstədim ki, Lena ilə mü­nasibətimizdən danışım:

-  Dayı, - demişdim ki, məni görüb üstümə əsəbiləşdi:

- Ə, nə dayı? Hə, nə dayı? Sənə nə demişdim? Bu son şansındı, Moskva sənilk deyil, dedim? Niyə mənə qulaq asmadın?

- Nə olub axı? Bir de görüm, - deyə təəccübümü gizlətmədim.

- Sənin hələ xəbərin yoxdu? Mən Bakıdan eşidib gəlmişəm, sən isə heç nə olmayıb deyirsən. Səni ikinci institutun MADİ-dən də qo­vub­lar, - möhkəm səslə dedi.

- Necə qovublar? Mən dünən imtahan verdim. Biri gün də imtaha-nım var, - dedim.

 - Sən peşə məktəbində təcrübəyə getmədiynə görə.

- İnstitutun peşə məktəbinə nə aidiyyatı var axı? – sual verdim.

- Sən təcrübəyə getmədiynə görə, 201 nömrəli SQPTU məktəbin-dən qovulmusan. Səni SQPTU-dan qovan kimi, Moskvada qeydiy-yatdan çıxardıblar, qeydiyyatdan çıxdığına görə də institutdan xaric olunursan. Sən MADİ-də qiyabi oxuyursan, ona görə də qeydiyyat-sız oxuya bilməzsən. Dünən MADİ-yə SQPTU-dan məktub yazıb-lar və dekan da axşam mənə zəng vurdu. Dur hazırlaş gedək, gö-rüm neyniyəcəyik?

 Mən saata baxdım.

- Hələ saat 5 deyil. Səhər açılmayıb. Bir çay içək, - dedim.

- Tez ol geyin, piyada gedəcəyik, biz çatana kimi səhər açılar, - da­yım hazırlaşmağımı istədi.

 Biz piyada gedə-gedə dayım məni danlayir, mən isə sakitcə başımı aşağı salıb hələ məni həyatın hansı sürprizlərinin gözlədiyindən xəbərsiz gedirdim.

Biz SQPTU-ya çatdıq. Dayım müdirin otağına getdi. İki saat söhbət etdi. Müavin də, usta da gəldi. Sonra məni çağırıb danladılar və son xəbərdarlıq edib MADİ-yə yeni məktub yazıb poçtla göndərdilər.

Biz MADİ-na getdik. Dayım dekanla görüşdü. Sonra direktorla uzun çəkən söhbət etdi. Artıq hava qaralmışdı. İnstitutdan çıxanda mənə dedi:

- Sabah saat 10-da MADİ-nin qarşısında olarsan.

 Səhər tezdən gəldim. Gözləyirdim ki, dayımın SSRİ Elmlər Aka­dem­ya­sının yaşlı bir akademiki ilə gəldiyini gördüm. Onlar rek­to­run qəbuluna  keçdilər. Yarım saatdan sonra çıxdılar. Akademiki yo­la salan kimi, bir taksiyə minib aeroporta gəldik. Yol boyu mənə cid­di tapşırıqlarını verdi:

- Peşə məktəbində hər gün təcrübədə olacaqsan. İki, ya üç aydan son­ra əsgərliyə gedəcəksən. Əsgərlikdən gələndə peşə məktəbi səni işlə təmin edəcək və Moskva qeydiyyatı veriləcək, amma bir şərtlə ki, gərək SQPT-da imtahan verib diplom alasan. Sonra fərq imtahanlarını verib ikinmci kursdan oxuyacaqsan. Əsgərlikdən sonra da rus dilini yaxşı öyrənəcəksən.

Biz aeroporta çatdıq. Dayımı Bakıya yola salıb Lena ilə şəhərdə görüşdüm. Lena fikirli olduğumu görüb soruşdu:

- Nə olub? İmtahandan kəsilmisən? Kefin niyə yoxdu?

- Yox, bu dəfə də institutdan qovuldum, - dedim və başıma gələn­lə­ri danışdım. Lena özünü günahlandıraraq dedi:

- Bütün günahlar məndədi. Sən gərək hər gün təcrübəyə gedəsən.

 Səhəri gün təcrübəyə getdim. Orada 120 metr hündürlükdə krana qalx­dım. Əlcək götürməmişdim, möhkəm də qar yağmışdı. Bir güc­­lə yuxarı qalxa bildim. Əllərim donmuşdu. Kabinaya daxil ol­duq­da cavan bir qızın yay geyimində olduğunu gördüm. Pəncərə də açıq idi. Qız bizim məktəbi iki il öncə bitirib burada çalışırdı. Mənim təcrübəyə gəldiyimi bilib dedi:

- Usta hər gün səni soruşur. Bəs hardaydın?

- Sən burada necə oturmusan? Üşümürsənmi şaxtada? – deyə təəccübümü gizlədə bilməyib soruşdum.

- İndi sən də soyunacaqsan, - qız gülərək dedi.

 Bir az oturmuşdum ki, məndən bir tər axmağa başladı. Qızın dediyi kimi oldu. Soyunmağa məcbur oldum. Üst paltarımı asmağa yer axtarırdım ki, qiz əlimdən alıb yerə atıb dedi:

- Hər yer gül kimidir, bir qram da toz ola bilməz. Ayaqqabının altına bax, bu qarda toz da yoxdu.

 Sonra o, kranın istifadə qaydalarını başa saldı. Dörd sürətötürücü olduğunu və hər birinin hərəkət qaydasını bildirdi və dedi:

- On səkkiz mərtəbəli hərbi akademya tikmişik. Artıq bina hazırdır. Gündə bir-iki dəfə iş olur. Bütün gün yatıram burada. Yaxşı ki, gəldin. Dərdləşməyə adam axtarırdım, - deyib ah çəkdi. Sözünə az ara verib davam etdi, - burada qayda belədir ki, yeni gələn təcrübəçi qonaqlıq verir. İşdən sonra məni hara aparacaqsan? Hansı restorana gedəcəyik? – soruşdu.

 Mənim isə Lena ilə görüşüm vardı. Dedim:

- Bu gün vaxtım yoxdu.

- Yaxşı, onda burada, kranın içində qeyd edərik, - deyib mənə gös­tə­riş verdi, - get, bir şeylər al, burada oturarıq. Onsuz da saat altıya qə­dər buradasan.

- Bu şaxtada bir də düşmərəm aşağı. Əllərimə bax, çat-çat olub. İstəyirsən get özün al, - deyib ona iyirmi beş rubl izatdıb, - özün nə istəyirsən get al, - dedim.

- Hamısına? – təəccüblə soruşdu.

- Hə, - dedim. O, çıxıb getdi. Yarım saat keçmişdi ki, aşağıdan bir yük maşının siqnalını eşitdim. Fəhlələr işarə edirdilər ki, kranın asılqanını yük olan tərəfə gətirim, onlar da yükü boşaltsınlar. Pəncərədən başımı çıxardıb:

- Mən təkəm burada, kranı idarə edə bilmirəm, - desəm də, onları ba­­şa sala bilmədim. Onlar əsəbiləşərək əlləri ilə işarə edirdilər ki, kra­­nın asılqanını yük maşının üzərinə gətirim, amma mənim nə de­mək istədiyimi eşitmirdilər. Elə bilirdilər ki, kranda olan krançı qız­­dır. Sonda asılqanı yük maşını tərəfə gətirə bildim. Ka­na­tı aşağı buraxdım. Fəhlələr isə qarmağın dördünü də yükə keçirib əl­ləri ilə işarə etdilər ki, yükü qaldırım. Mən də kanatı yığaraq asıl­qa­nı işarə etdikləri tərəfə çəkməyə başladım. Yükü tam qaldırmadı­ğı­ma görə, sağa tərəf çəkəndə yük maşının bortuna dəydi və av­to­mo­bil iki təkər üzərinə qalxdı. Fəhlələr özlərini yük maşınından ye­rə atıb hərəsi bir tərəfə qaçdı. Təcrübəm olmadığına görə kranıın sü­­rətötürücüsünü çaşıb birbaşa dördüncüyə qoymuşam. Ona görə də yük yellənməyə başladı. Dörd qarmağın üçü çıxdı. Bir qarmaq­dan asılı qalan yük isə daha bərk yelləndi. Nəticədə kabina da ye­rin­­dən hərəkət etdi. Çox qorxdum. Kran sanki aşacaqdı. Mən özü­mü itirdiyimdən sürətötürücünü gah saga, gah sola tez-tez hərəkət et­dirərək kranı saxlamaq istəyirdim. Bu vaxt fəhlələr aşa­ğı­dan elekt­­­riki söndürdülər. Bir də onda özümə gəldim ki, kran artıq ni­zam­­lanıb, asılqanda olan yük artıq hərəkət etmir və kabinada olan elekt­rik qızdırıcı da sönüb. İçəri bir anda soyumağa başladı. Pən­cə­rə­dən gördüm ki, işçilərin hamısı mənə baxır. Briqadir qışqıraraq:

- Axmaq qız, içki içmisən? – dedi. Onlar hələ də başa düşmürdülər ki, kranda qız yox, mənəm. Bu vaxt qız gəlib çıxdı. Briqadir onu görüb əli ilə məni göstərərək qızdan:

- Sən hardan gəlirsən? Bəs krandakı kimdir? - soruşub onun əlində­ki bağlamanı açdı. Orada pivə, çaxır, kolbasa, çörək olduğunu gö­rüb, onu inşaatın vaqonuna apardı. Gördüm ki, vəziyyət pisdir, içəri isə buz kimi olub. Mən də düşüb vaqona gəldim. Onlar çaxırla pivələri stolun üsünə qoyub sənədləşdirirlər. Baş idarədən də nümayəndə gəldi. Dəyən zərərin üç min rubla qədər olduğunu hesabladılar. Dedim ki, ziyanı ödəyəcəyəm. Onlar isə dedilər ki, sən get, bir də ayağın bura dəyməsin. SQPTU-ya gəlib direktorla ustaya hadisəni olduğu kimi danışdım və dedim:

- Bütün ziyanı ödəməyə hazıram.

 Direktor mənə:

- Əgər dediyin kimi olubsa, sən heç bir məsuliyyət daşımırsan, bü­tün ziyanı krançı qızla, briqadir ödəməlidir. Çünki onların səni kra­na tək qoymaları  qadağandır. Hələ səni məcbur ediblər ki, kranı idarə edəsən, - dedi və üzünü ustaya  tutub tapşırdı, - sabah gedib hadisə yerini araşdır və hadisənin necə baş verdiyini dəqiqləşdir. Sonra bizim zaldakı kranda Qasımovu öyrət, imtahanlara az qalıb, mən qardaşına söz vermişəm.

Dayım Samir Tağızadə həmişə məni direktora qardaşı kimi təqdim et­mişdi. Səhəri gün usta mənə dedi ki, orada baş vermiş hadisəyə gö­rə sən heç bir məsuliyyət daşımırsan, günahkar onlardı. Sonra mə­ni zala gətirdi. Orada olan balaca kranın içinə girdim. Güclə yer­lə­şirdim. Hər gün saat altıya kimi məşq etdirirdi. Kranı idarə etmək çox asan idi. Bircə günə öyrəndim, amma usta hər gün saatb altı ta­mam olmamış məni buraxmırdı. Üçüncü gün ona qiymətli konyak al­dım ki, məni tez buraxsın. O, mənə dedi ki, sənin qardaşın bizə et­diyi hörmətin yanında bu konyak heç nədi. Sən nə qədər hədiyyə al­san da, onu bil ki, o qədər də səni çox öyrədəcəyəm.

 Bir ay da keçdi. İmtahanı verib diplom aldım. Məni mühasibin yanına göndərdilər. O, mənə dedi:

- Sən burada necə oxuyursan ki, hər ay sənə çatacaq otuz iki rubl təqaüdünün cəmi bir ayını almısan, digər aylar yığılıb qalıb.

 O, hesablayıb mənim pulumu da verdi. Diplomumu da yazdılar. Artıq azadlığa çıxmışdım. Lena ilə görüşməyə vaxtım olacaqdı. Lena da imtahanlarını verib ikinci kursu bitirmişdi.

 Həftədə bir dəfə akademik Saxraddin Abasoviçgilə getməliydim. Onun da evi şəhərin mərkəzində yerləşirdi. Sonuncu dəfə gedəndə mənə dedi ki, dayın təcili ona zəng vurmağını istəyib. Mən də dayıma zəng etdim. O dedi:

- Təcili rayona get. Peşə məktəbin ilə danışdım. Təbrik edirəm, dip­lom almısan. Amma bir aydan sonra əsgər gedəcəksən. Ona görə də rayona getməlisən. Anan səni gözləyir. Bir aydan sonra qayıdarsan.

 Dayımla danışdıqdan sonra Lena ilə görüşdüm. O, dedi:

- Mən də valideynlərimə sənin kimi yalan danışmağa məcbur ol­dum. Onlar Leninqrada getdilər, mən də yalandan dedim ki, bir im­ta­hanım qalıb, onu verib gələcəyəm. Səni gözləyirdim. Gedək Le­ninq­­ra­da.

 Mən razılaşdım. Axşama dəmir yolu vağzalında görüş yerini təyin et­dik. Evə gelib paltarlarımı götürdüm. Fikirləşdim ki, Leninqrad­dan da Gəncəyə gedərəm. Axşam dəmir yoluna gəldim. Lena ilə gö­rüşüb bilet almaq üşün kassaya yaxınlasdıq. Kassir dedi:

- Bilet yoxdu, son bir həftəyə bütün biletlər satılıb. Xariçdən çoxlu turistlər gəlib, Leninqrada gedəcəkər.

 Biz aeroporta getdik. Orada da bilet olmadı. Bu vaxt elan eşitdik ki, Tallinə gedən təyyarəyə qeydiyyat başlayır. İkimiz də bir-biri­mi­zin üzünə baxdıq. Tallində Tartuda gəzdiymiz yadımıza düşdü və ona başımla işarə etdim. O, gülümsədi. Baxışımızdan bir-birimi­zi başa düşürük deyə, kassaya yaxınlaşıb bilet soruşdum. Kassir biletin olduğunu dedi. İki bilet alıb Tallinə getdik. Oradan da Leninqrada biletin üç gündən sonraya olacağını dedilər. Bilet alıb Tartuya gəldik. Lena anası ilə danışdı. Biletin olmadığını və üç gündən sonra gələcəyini dedi. Sonra restorana getdik. Mən çox rahatlanmışdım. Çünki üç gün heç kim bizi axtarmayacaqdı. Üç gün Lena ilə bir yerdə olacağam. Lena dedi:

- Yadındadı, bura birinci dəfə gəldiyimiz? Tanrı bizi yenə bura gə­tir­di.

- Əlbəttə, birinci gəlişimizdə həyəcan, qorxu, fikir içindəydim, am­ma indi üç gün səninlə birlikdə olacağam. İnanıram ki, biz üçüncü də­fə də gələcəyik bu şəhərə. Onda artıq mənim həyat yoldaşım ola­caq­san, - dedim.

O günləri arzulayaraq bir şampan sifariş etdim. Yemək yedikdən sonra res­torandan çıxıb otelə gəldik. Yolda bir mağazaya girdim. Lenaya dedim ki, bu gecə sərxoş olmaq istəyirəm. O, etiraz etmədi.  Bir şampan almaq istədim, amma yox idi. Azərbaycanın “Göy-göl” konyakını görüb onu aldım. Oteldə konyakın bircə qədəhini Lena içdi. Qalanını özüm içdim. Az keçməmiş sərxoş oldum.

Səhər açıldı. Yuxudan oyananda gördüm ki, Lena ilə bir yatmışam. Tez durub əynimi geyindim. Lena da oyandı. Axşamkı hadisəni xatırlayıb utandım. Dedim:

- Lena məni bağışla. Mən artıq özüm özümə güvənimi itirdim. Sözümdə durmadım.

 Lena cavabında:

- Mən peşiman deyiləm. Sevdiyim oğlanla yatmışam. Öz istəyimlə olub hər şey, - dedi.

 Əl-üzümü yuyanda güzgüdə özümə baxdım. Niyə səhv etdiyimi düşündüm. On dəqiqə idi ki, hamamda idim. Qapı açıldı. Lena mənə dedi:

- Sən peşimansan? Məni sevmirsənmi? Biz evlənməyəcəyikmi?

- Mən səni sevirəm. Biz evlənəcəyik, amma sənin valideynlərinə söz ver­mişdim ki, səninlə aramızda toy gününə qədər heç nə olmaya­caq. İndi onların üzünə necə baxacam?

- Elə bunun dərdini çəkirsən? Bizim ikimizin də on səkkiz yaşı tamamdır. Pasportumuz da üstümüzdədi. Gedək VVAQ şöbəsinə. Atamın da üzünə bax, əmimin də, - deyəndə güldüm. Onu qucaqlayıb:

- Düz deyirsən, elə indi gedərik, səhər yeməyini yemədən mən hazır, - dedim. Lena gülüb dedi:


Ardı var

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi