Modern.az

Hər cümləsində bir roman gizlənən kitab

Hər cümləsində bir roman gizlənən kitab

26 Dekabr 2011, 16:19

Lap uşaqlıqdan özümü kitab oxumağa elə alışdırmışam ki, indi də oxumayanda nəyimsə çatışmır. Çağdaş ilətişim texnologiyalarının yaşamımızı işğal etdiyi bir dönəmdə kitab oxumaq, özəlliklə də bədii ədəbiyyat oxumaq bəzən mümkünsüz olur. Ancaq buna baxmayaraq əlimə düşən kiçik fürsətlərdə belə bir neçə səhifə də olsa oxumağa çalışıram.

Bədii ədəbiyyat oxumaqdan xüsusi zövq alıram. Uzun müddət ac qalmış insan önünə gələn ləzzətli yeməkləri necə iştahla yeyirsə, mən də əlimə keçən fürsətdən istifadə edib çoxdan oxumaq istədiyim bir kitabı o cür iştahla oxuyuram. Oxuduqca zənginləşirəm, yeni şeylər öyrənirəm və özümə inamım artır. Həm də söz ehtiyatım, yazı imkanlarım genişlənir.

Bəzən elə kitablar olur ki, onu oxumaq sadəcə mümkün olmur. Ya yazarın məntiqini anlamaqda çətinlik çəkirsən, ya da ki, kitab “mənim də kitabım var” yanaşmasıyla çap olunduğu üçün oxuya bilmirsən. Ancaq elə kitablar da var ki, onları acgözlüklə, sevə-sevə oxuyursan. Hətta oxuyub qurtardıqdan sonra təəssüflə köks ötürüb niyə bu kitabın bu qədər qısa olduğunu sorğulayırsan. Və sonra da yazarın fikirlərini necə qısa və aydın ifadə etməsini xatırlayıb özünə təskinlik verirsən.

Gənc qələm adamı, özünəməxsus yazı tərzi və ruh halı ilə seçilən Oktay Hacımusalı da, məncə, hər kəsin sevə-sevə oxumaq istədiyi yazarlar sırasındadır. Bugünlərdə onun “Bu vaxtın sahibi” kitabının imza mərasiminə qatılmışdım. Düzü, bu vaxtadək daha çox mətbuatdan izlədiyim bu gəncin adı çəkilən kitabının məni bu qədər valeh edə biləcəyini düşünmürdüm.

Yanılmışdım. Həcmcə kiçik olsa da az qala hər cümləsində bir roman gizlənən kitab təsiri bağışlayır “Bu vaxtın sahibi”. Yazar özünün əsgərlik xatirələrinə, ən adi və ülvi yaşam anılarına yer verdiyi əsərdə bəzən və çox zaman demək istədiklərini bir cümləyə sığdırmağı bacarır. Özü də kitabı oxumağa başlayan kimi istər-istəməz ona aludə olursan və “daha sonra?” deyə sual edirsən. Və bir sonrakı cümlədə, səhifədə daha sonra nələrin olduğunu oxuya bilirsən.

Yazar bu kitabın bir yerində Knut Hamsunun “Aclıq” romanının adını da çəkir. Düzü, təxminən on il öncə həmin romanın rus variantını oxumuşam və açığı orada təsvir olunan insan halı hələ də məni öz təsiri altında saxlamaqdadır. Oktay Hacımusalının bu kitabı da hardasa “Aclıq” romanındakı duyğusallıqla qələmə alınıb. Düzdür, burada əsas mövzu aclıq deyil, ancaq insan halının başqa bir aspektdən təsvir olunması baxımından bu kitab “Aclıq” romanı ilə bir rəfə qoyula bilər.

“İndi düşünmək zamanı deyil, indi ancaq və ancaq qışqırmaq lazımdır…” (səh. 30). Bu bir cümləlik paraqrafı oxumaq yetərlidir ki, insan öz içində uzun müddət yığılıb qalmış etirazı, qəzəbi hər tərəfə hayqırsın.

Yaxud da səhifə 33-dəki “Xəbərlər xidməti öz işini davam etdirirdi. Dünya birliyi hələ də bu ədalətsizliyə dözürdü” tərkibli cəmi iki cümləlik bir paraqraf necə də hər kəsə çox böyük bir mətləbdən xəbər verir. Bu iki cümləni oxumaq yetərlidir ki, müasirlərimiz Ermənistanın işğalı altında olan torpaqlarımızın məsələsinin sadəcə xəbər qədər dəyərinin qaldığına, dünyanın isə heç vecinə olmadığına əmin olsun. Oktay bu boyda böyük problemə dünyanın etinasız münasibətini bər-bəzəksiz, müdrik bir şəkildə cəmi iki cümləyə sığdırmağı bacarıb bu kitabında.

Bu kitabda həm də bir sarkazm var. Çox yumşaq və nəzakətli bir dillə ifadə olunan sarkazm. Yenə də misal üçün, 38-ci səhifədəki cəmi bir cümləlik paraqrafa diqqət yetirək: “Qəlblərinizi Allaha əmanət edin, əgər ibadət əyilib durmaqla olsaydı, Siyəzənin kaçalkaları çoxdan müctəhid idi”. Bu cümləni oxuyanda istər-istəməz insanın gözü qarşısına din pərdəsinə bürünüb hər cür haramzadalığa imza atan adamlar gəlir. Oktay bu bir cümləsi ilə demək istəyir ki, qəlbində Allah sevgisi olmayanların ibadəti riyakarlıqdan başqa bir şey deyil.

“Sənə qurban olduğum Allah, axır mən bunu başa sala bildim ki, kompüter təkcə musiqi mərkəzi deyil.” Bu cümlə isə, görünür, Oktayın uzun müddət nadanlığından bezdiyi birisi haqqında qənaətini yığcam şəkildə ifadə etməsi üçün gərək olub.

Bu cür qısa, yığcam və dərin məna yükü olan cümlələrlə zəngin bir əsərin yaradıcısını alqışlamamaq olmur. Xüsusən də mənasız sözçülüyün baş alıb getdiyi bir dönəmdə gənc bir yazarın belə bir əsər ərsəyə gətirə bilməsi Azərbaycan bədii ədəbiyyatı üçün doğrudan da sevindiricidir. Çox arzu edərdim ki, Oktayın qələmi (qorxuram ki, Oktay bu cümləni oxuyandan sonra “qələm deyil, klaviatura” fikrini ağlından keçirib mənə də başa salmaq istəsin ki, artıq qələmlə yazmaq keçmişdə qaldı…) bu yöndə də yazmağa davam etsin: qısa, anlaşıqlı, sadə və dərin mənalı. Yuxarıda dediyim kimi, bir romanlıq fikri bir cümlədə ifadə edərcəsinə…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...