Modern.az

Ukraynalı deputat nümunə göstərdi: “Bizə də Azərbaycanın Diaspor Komitəsi kimi dövlət qurumu lazımdır”

Ukraynalı deputat nümunə göstərdi: “Bizə də Azərbaycanın Diaspor Komitəsi kimi dövlət qurumu lazımdır”

Diaspor

15 Aprel 2019, 22:12

“Bu gün mən Ukrayna - Azərbaycan parlamentlərarası əlaqələr şurasının üzvü kimi Ukrayna azərbaycanlılarının birləşdirici qurultayında iştirak etdim. Məni bu qurultaya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev dəvət etmişdi. Və inanın ki, nazir statusunda olan azərbaycanlı məmurun Ukraynaya gəlişi möhtəşəm bir hadisənin gerçəkləşdiyini təsdiqləyirdi”.

Modern.az xəbər verir ki, bu sözləri Ukrayna - Azərbaycan parlamentlərarası əlaqələr şurasının üzvü Borislav Bereza Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayındakı iştirakı barədə açıqlamasında deyib.

Borislav Bereza bildirib ki, indiyədək dağınıq şəkildə fəaliyyət göstərən Ukrayna azərbaycanlılarının diaspor təşkilatları daha əvvəl vahid bur qurumda birləşsəydi, öz maraqlarının qorunması və mədəniyyətin inkişafı baxımından mühüm işlər görmüş olardı.

Ukraynalı deputat nəhayət belə bir nümunənin gerçəkləşdirilməsindən məmnun qaldığını gizlətməyib.

O,  Ukrayna azərbaycanlılarının ümumi maraqlar naminə bir-birinə güzəştə gedərək, aralarındakı ziddiyyətləri və şəxsi ambisiyaları kənara qoyub birləşmə istiqamətində atdıqları addımı mühüm qərar  kimi dəyərləndirib.

“Bu nümunədən bizim hamımız öyrənməliyik. Və ümid edirəm ki, azərbaycanlıların ümumi məqsədlərə nail olmaq üçün vahid qurumda birləşməsi, nümayiş etdirdikləri birlik yaxın vaxtlarda məhz Ukrayna cəmiyyəti üçün trend olacaq. Çünki birləşməsək, bizim Ukraynada maksimum müsbət nəticəyə nail olmağımız mümkün deyil”, - deyə ukraynalı deputat bildirib.

Borislav Berezanın sözlərinə görə, o, Ukraynanı ikinci vətənləri sayan bu ölkədəki azərbaycanlıların birləşmə prosesini yaxından izləməyə çox şad olub. Deputat bir daha bu birliyin Ukrayna cəmiyyəti üçün yaxşı nümunə olduğunu qeyd edib:

“Çünki müasir dünyada yalnız gücümüzü  birləşdirməklə səmərəli fəaliyyət göstərə və maksimum tez nəticə əldə edə bilərik! Ümid edirəm ki, cəmiyyətimizdə birləşmək istəyi həyata keçiriləcək”.

Borislav Bereza Azərbaycan Respublikasının Diasporla İş üzrə Döclət Komitəsinin fəaliyyətini də müsbət qiymətləndirib və onu tərifləyib:

“Yeri gəlmişkən, Azərbaycanda fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi kimi və ya ona oxşar nazirliyin Ukraynada da yaradılması çox faydalı olardı. Bu qurum bütün dünyadakı Azərbaycan diaspor təşkilatlarının təkcə qarşılıqlı əlaqəsinin qurulması ilə məşğul deyil, həm də xalqın mədəni kökünü qoruya bilir, birləşməyi təmin edir. Eyni zamanda faktiki olaraq bütün dünyaya yayılmış diasporların əsasında Azərbaycan üçün qlobal dəstəyi yaradır. Ukraynaya da buna bənzər bir təsir rıçaqı lazımdır. Ukraynalıların da dünyaya səpələndiyi əslində heç kimə sirr deyil. Ona görə də belə bir rəsmi strukturun Ukraynada da fəaliyyətə başlamasını gözləmək qalır”.


Xatırladaq ki, aprelin 14-də Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayı keçirilib. 

Qurultayın işində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov da iştirak edib. 

Səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin Ukrayna Azərbaycanlıları Radasının həmsədrləri seçiliblər. Ukrayna Azərbaycanlıları Radasının baş katibi isə Seyid Qədiməliyev təyin olunub. Eyni zamanda, 3 əsas təşkilatdan 5 nəfər İdarə Heyətinə üzv seçilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!