Modern.az

Azərbaycanda ərəb dilinə aid yeni kitab çap olunub

Azərbaycanda ərəb dilinə aid yeni kitab çap olunub

Mədəni̇yyət

9 Yanvar 2012, 17:13

Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullahın ərəb dilinə aid “Sərf” adlı kitabı çapdan çıxıb. Bu barədə müəllif bizimlə söhbətində bildirib.

Qeyd edək ki, ərəb qrammatika elminin morfologiyasından bəhs edən şöbəsi “Sərf” adlanır. Dilimizə “dəyişmək”, “çevirmək” kimi tərcümə edilən bu söz  qrammatik ifadə kimi istifadə edildiyi zaman müvafiq kök samitlərindən ibarət bir sözün dəyişərək müxtəlif formalara düşməsindən, formalar dəyişdikcə yeni-yeni mənaların ortaya çıxmasından, sözlərin qruluşundan, sözlərin tərkibində olan hərflərin kök, yaxud sonradan artırılma hərflər olmasından, hərflərin müxtəlif növlərindən (düzgün, yaxud zəif olmasından) və bu hərflərin fleksiya zamanı məruz qaldığı fonetik və morfoloji dəyişikliklərdən bəhs edən fənnin adını ifadə edir. Sabit formalı, fonetik və morfoloji dəyişikliyə məruz qalmayan köməkçi sözlər və s. isə bu fənnin tədqiqat obyekti deyil.

Ərəb qrammatika elmində olduqca əhəmiyyətli rola malik olan sərf elmi ərəb dilini, eləcə də dini elmləri öyrənənlərin daim diqqət mərkəzində olmalıdır. Sözlərin kök samitlərini düzgün müəyyən etmək, sözlərə əlavə olunan hərflərin hansı məna dəyişikliyi ilə nəticələndiyini bilmək ərəbdilli mənbələrdən istifadə edən tədqiqatçıların qarşısında duran problemlərdir. Bu fənn sayəsində bu problemlər dəqiq həll olunur və bununla da ərəb dilində danışarkən, yazarkən və ən əsası Qurani-Kərimi, hədisləri, müxtəlif dini rəvayətləri oxuyarkən düzgün nəticələr əldə edilir. Ərəb, türk, fars dillərində müxtəlif üslublarda sərf elminə dair kitablar, dərs vəsaitləri olmasına baxmayaraq azərbaycan dilində bu mövzudan bəhs edən əlverişli dərs vəsaitlərinə asanlıqla rast gəlmək mümkün deyil. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, ərəb filologiyası, eləcə də ilahiyyat elmləri sahəsi ilə məşğul olan tələbələrin, müəllimlərin, mütəxəssislərin mütəmadi şəkildə müraciət etdiyi sərf  elmindən bəhs edən, doğma dilimizdə yazılmış kitaba böyük tələbat var. Bu baxımdan bu kitab qabarıq şəkildə özünü büruzə verən boşluğu dolduracaq və aidiyyəti sahənin əməkdaşlarının işini xeyli asanlaşdıracaq.

Qorqud

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır