Modern.az

Türk deputat hökumətin Qarabağla bağlı xarici siyasətini tənqid edib

Türk deputat hökumətin Qarabağla bağlı xarici siyasətini tənqid edib

Təhsil

19 Dekabr 2009, 13:26

Türkiyə Böyük Millət Məclisində 2010-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentdəki ən təcrübəli və yaşlı millət vəkili Şükrü Ələkdağ Ermənistanla imzalanmış protokollarda Dağlıq Qarabağın və digər Azərbaycan torpaqlarının işğaldan azad olunmasının yer almadığına diqqət çəkərək hökumətin xarici siyasətini tənqid edib. Deputat vurğulayıb ki, bu yanlış addım Ermənistanın xeyrinə olub. Onun sözlərinə görə, son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistan protokolları ilə bağlı rəsmi bəyanatlarda ciddi ziddiyyətlər mövcuddur.

 

Parlamentin iclasında bu tənqidə cavab verən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə regionda bütün münaqişələrin həllinə səy göstərir. Bu münaqişələr gələcəkdə Türkiyənin də təhlükəsizliyinə mənfi təsir göstərə bilər: “Biz Ermənistanla münasibətlərin normallaşdırılması prosesini bölgədəki siyasətlə bütünləşdiririk. Əgər, Cənubi Qafqazda tam normallaşma olmasa, yəni Azərbaycanın işğal altındakı torpaqları azad edilməsə, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasa, təktərəfli normallaşmanın mümkün olmadığını hər yerdə söyləmişik və söyləməyə davam edəcəyik. Protokolların imzalanması mərasimində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirak etməsi də buna sübutdur. Bu iki proses birlikdə davam edəcək. Son səkkiz ayda Azərbaycan və Ermənistan prezidentlərinin altı dəfə görüşməsi, ATƏT-in son toplantısında ciddi irəliləyiş əldə olunması da səylərin gücləndiyini göstərir”.

 

 

Türkiyə Xarici İşlər Nazirliyinin hüquqşünaslarının Vyana Müqaviləsinin müvafiq maddələri ilə təsbit olunmuş sərhədlərin dəyişməz olduğu ilə bağlı iş apardıqlarını və bununla Qars müqaviləsinin şərtlərinin davam edəcəyini diqqətə çatdıran Əhməd Davudoğlu deyib: “Heç bir ölkənin Türkiyənin torpaqlarında gözü ola bilməz. Belə bir şey olarsa, alacaqları cavab da hazırdır. Naxçıvanın təminatı məsələsində də güzəştə getməmiz heç zaman mümkün ola bilməz”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!