Modern.az

Prezident Cümə məscidinin açılışında iştirak edib

Prezident Cümə məscidinin açılışında iştirak edib

Təhsil

19 Dekabr 2009, 19:42

Dekabrın 19-da Bakının Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində yenidən qurulan Cümə məscidi istifadəyə verilib. Açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.
İnşasına 1896-cı ildə başlanmış Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalıb. 1918-ci ildə yenidən tikinti işlərinə başlanılsa da, Azərbaycanda sovet hakimiyyətinin qurulması bu məscidin binasından başqa məqsədlər üçün istifadə olunması ilə nəticələnib. Sovet dövründə məsciddən anbar və dükan kimi istifadə olunub. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidinin binasında bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapıb. Həmin ilin fevralında başlanan yenidənqurma işləri artıq başa çatıb.
Mərasimə gələn dövlət başçısı və xanımı məscidin əvvəlki və indiki vəziyyətini əks etdirən fotoşəkillərə baxıblar.
Onlara bildirilib ki, sahəsi 500 kvadratmetr olan məsciddən başqa, burada köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar tikilib. Məscid bütövlükdə sal daşlardan inşa olunub, fasad ərəb əlifbası ilə yazılan daş kitabələrlə üzlənib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Cümə məscidində yaradılan şəraitlə tanış olublar. Məscidin birinci mərtəbəsində kişilər, ikinci mərtəbədə isə qadınlar ibadət edəcəklər. Eyni vaxtda burada 500 nəfər namaz qıla biləcək.
Prezident İlham Əliyev Cümə məscidində yaradılan şəraitdən razı qaldığını bildirib, dindarlar və qəsəbə sakinləri ilə söhbət edib.
Dövlətimizin başçısına və xanımına müqəddəs “Quran” kitabları hədiyyə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır