Modern.az

Əsgərlik gündəliyim - 1

Əsgərlik gündəliyim - 1

İqtisadiyyat

19 Yanvar 2012, 15:50

«Ədalət» qəzetinin yazarı

Ali məktəbi bitirməyimizə aylar qalır. Uşaqlarla razılaşmışıq ki, dövlət imtahanlarını verən kimi pul atışıb tələbə yoldaşımız Tərlangilə-İsmayıllıya gedək. Amma hamımız da olmasa, mən samuxlu Mehdiyev Rasim, sumqayıtlı Əliyeva Tünzalə, onun qardaşı Tural, bir də Tərlanın özü İsmayıllıya gedirik, onlara. Salmanova Zeytunəni görməkçünsə Şəkiyə getməliyik. Çünki üçüncü kursun sonlarında istədiyi oğlanla qoşulub Şəkiyə qaçıb.

…Başım bir yandan imtahanlara, o biri yandan da İsmayıllıya o qədər qarışıb ki, heç hərbi komissarlığa gedib çağırış vərəqəmi götürmək yadıma da düşmür. 2007-ci ilin iyun ayının 28-də atam yadıma salır ki, get bir maraqlan, gör nə vaxt əsgərliyə gedirsən. Ayın 29-u səhər Sumqayıtda yerləşən Qubadlı rayon hərbi komissarlığına gəlirəm. Özümdən çox razı halda içəri girib çağırışçı olduğumu bildirirəm. Ortayaşlı komissarlıq işçisi mənə hirslənir

- İndiyə kimi hardaydın? Camaat bir ay əvvəl gəlib maraqlanır. Sən indi ayılmısan?

- Nə bilim e dayı, başım imtahanlara qarışmışdı.Sonra da uşaqlarla rayona getdik, yaddan çıxdı.

- Deyəsən ağzın isti yerdədir. Gedərsən orda sənə dayını öyrədərlər. Yox bir əmi... Bax istəsəydim çağırış vərəqəni ayın 20-nə yazardım. Həm vaxtından gedərdi, həm də bir az dincələrdin. Amma elə belə yekəxana-yekəxana danışığına görə səni yazıram ayın 2-nə. Get, ağıllan.

Heç vecimə də deyil. Bəlkə də üç gündən sonra əsgər gedəcəyim hələ də mənə çatmayıb  ondandır.  Amma yox. Deyəsən, yavaş-yavaş ayılıram və-deməli,  üç gündən sonra mən əsgər olacam-deyə qayğılı-qayğılı düşünürəm. Camaatla görüşmək, sağollaşmaq vaxtıdır. Elə Sumqayıtdakılardan başlayım. Onsuz da Bakıda kimim var ki? Olanlar da uzaq qohumlar, bir də qonum-qonşu, tanış-tunuş. Atamınsa bütün qohum-əqrəbası Sumqayıtdadır. Gəlib atamın bacısıyla, yəni bizim ləhcəylə desək mamamla, şəhərlilərin diliylə desək bibimlə görüşürəm.  Kövrəlir... Axı uşaqlıqdan məni “intiş”, “intiş” deyə o qədər əzizləyib ki... Hələ evdəkiləri, ələlxüsus da babamı incidəndə bir-iki şilləsini də əsirgəməyib.

Evə qayıdıram və üç gündən sonra əsgər gedəcəyimi deyəndə, anamın dediklərindən belə başa düşürəm ki, ənənəvi dədə-baba qaydası işə düşəcək. Yəni atam komissarlıqda kiməsə zəng eləsin, o kimsə də kiməsə ağız açsın. Hələ o ağızaçdı da ya qəbul olunacaq, ya yox. Nəyə görə? Nə var, nə var məni əsgərliyə beş-on gün gec aparacaqlar. Açığı, mənimçün ayın ikisində, ya beşində getməyin bir o qədər də əhəmiyyəti yoxdur. Amma bu üç gün məsələsi yadıma düşəndə lap tıncıxıram. Yenə beş-on gün olsaydı... Nəysə tələm-tələsik bir heyvan alıb, kasıbın olanından süfrəyə düzürlər anamgil. Buralardakı tanış-bilişə də xəbər verirlər ki, bəs İntiqam əsgər gedir.

Hər zaman “oğlan uşağını əzizləməzlər” deyən atamın da gözlərində özümə qarşı bir mülayimlik hiss edirəm. Özgə vaxt maşınına yaxın duranda... İndi açarı mənə verib ki, hara lazım olsa gedim-gəlim. Bu yerdə deyim ki, bəlkə də indi çoxları üçün Vaz 2106 maşın deyil. O isə hələ də bizi ora-bura daşıyır. “Kaş hər gün əsgərliyə gedəydim”-düşüncəm.  Anamın davranışlarından isə danışmağa dəyməz. Hələ də deyir ki, İntiqamı əsgər getməyə qoymuyacam. Deyəsən atam da mənim evdən ayrılmağımı heç cür qəbul eləmir....

Nəysə hər kəs gəlir, deyir-gülür... Səhərəyaxın saat 5-də yatıram. Maraqlı olan bir məsələ var. Deyəsən, evdəkilər bir az rahatlaşıblar. Heç mənə “yat” deyən də yoxdur. Sən demə, elə bayaq düşündüyüm kimi də olub. Yəni mənim hərbi komissarlığa getməyim qalıb iyulun 4-nə. Bunu da mənə səhər-səhər deyirlər. Ayın 4-dür. Hərbi komissarlıqdayıq. Alınmır...Hələ ki mənə ehtiyac duymayıblarmış. Bir də ki, mənim kimi əsgər kimə lazım? Şübhələnirəm axı...Olmaya yenə kiməsə xahiş-minnət ediblər. Amma yox, doğrudan bu gün yer yox imiş. Dünəndən bütün qonşularla sağollaşdığımdan evə qayıtmağa tərəddüd edirəm. Utanıram... Bəlkə mamamgildə qalım-deyə düşünürəm. Bircə əsgərlikqabağı döyülməyim qalmışdı. Bu saat atam məni...

Maşından düşüb evə gizlənə-gizlənə girirəm. Demək daha bir neçə gün avara-avara gəzmək imkanım olacaq. Amma necə? Axı camaat məni əsgər gedən bilir...

Ayın 8-dir...Yenə İntiqama ehtiyac yoxdur... Daha nə oldu? Eləydisə bu komissarlıq işçisi məni niyə məzəmmət edirdi? Qaldı ayın 12-nə. İntuisiyam deyir ki, bu dəfə alınacaq... Anam kövrəlib...

Ayın 12-dir. Evdən yüz metr uzaqlaşmışıq ki, atamdan maşını saxlamağını istəyirəm. Saxlamır... yenə saxlamır... Nəhayət ki... Yan güzgüdən görürəm ki, anam gizli-gizli ağlayır. Dayana bilməyəcəm. Mərdəkandan Sumqayıta hələ xeyli yol var. Bu uzun yolu o göz yaşlarını görsəm... əsgərlikdə də yadıma düşsə...

Elə buna görə də yarızor, yarıxoş düşüb avtobusa minirəm. Zəng edirlər... cavab vermirəm... Maşınımız oturduğum avtobusu əməllicə takib edir... Belə olmaz ay arvad, ay kişi... qayıdın evə... Xeyri yoxdur...

Sumqayıtdayam... Hərbi komissarlığın qarşısına çatıram... Aaaaaaaa. Daha kim qaldı ki, qonşuları da çağırardınız da... Atam, anam, atamın yaxın dostu Kamil əmi, xalaoğlu Natiq... Əsl biabırçılıq.  Heç gəlin köçən qızı bu qədər qohum-əqrəba yola salmır.

Montindəki toplanış məntəqəsinə gəlirik... Ay aman... övlad bu qədərmi şirindir? Əgər 200 nəfər çağırışçı varsa, min nəfər dost-tanış gəlib. Sonuncu dəfə tibbi komissiyadan keçib əşya-geyim bölməsindən geyimləri götürürük.  Eşitdiyimə görə, əsgərliyə gedəndə uşaqlar başlarını əvvəlcədən keçəl qırxdırırlar. Guya ki, kimin saçı uzun olursa, başını almazla ağardırlar. Elə yaxşısı burdan hazır getməkdir...

...Mənə verilən batinka yararsız çıxır. Fərasətli  tərpənib dəyişirəm...Bu da bir ilk. Deməli, bacarıqsız olsan düz altı ayı bu cırıq ayaqqabıyla keçirməlisən.  Artıq hərbi geyim əynimdədir. Vurhaydı özümü görməyə güzgü axtarıram. Rəhmətliyin nəvəsi güzgünün yeridi? Bayırda bir batalyon adam bizi gözləyir. İndi içəridən bir dəstə əsgər çıxacaq...Hamı həsrətlə gözləyir...Toplanış məntəqəsinin böyük darvazasını açırlar. İlahi, bayaqdan hasarlardan içəri boylanan valideynlər... març-murç...elə bil illərin həsrətini gidəririk. İndi mənə gülməli gəlir...

...Gecəni burda qalmalıyıq. Artıq tanışlıqlar başlayıb. Hər kəs özünə yaxın birini tapmağa çalışır. Bakılı bakılını, gəncəli gəncəlini...Mənim də yerlilərim varmış burda. Tanış oluruq- Ağalarov Ramin rayonumuzun Dəmirçilər kəndindəndir.

...Gecəni ümumi kazarmada yatmalıyıq. Gecədir... bəh-bəh... Yavaş-yavaş səslər gəlir - ay, uy, ufff. Offf-kimi batinkadan, kimi yatdığı quru döşəmənin “komfortundan”,  narazıdır. Hamı bir-birindən çəkinir. Valideyninin ona verdiyi beş-on manatı dəsmala büküb corablarının içinə salan kim, alt paltarına bağlayan kim... Təbii ki mən də özümə uyğun olan birini seçirəm. Səhv etmirəmsə 15 manat pulum var. Yastıqdan iy gəlir. Əvvəlcə qolumu, sonra isə ayağımdakı batinkanı çıxardıb başımın altına qoyuram. Aman... əsgərliyin ilk günü budursa...???

...Səhər açılır...Axşam qatarla Şəkiyə yola düşəcəyik. Sevindiyim bir şey də var. Amma onu deyən deyiləm.

...Sıraya düzülürük. Toplanış məntəqəsinin zabitlərindən biri üstümüzə elə qışqırır ki... həə...başlandı...bölünürük...Şəkiyə gedən Şəkiyə, Zaqatalaya gedən Zaqatalaya... Hərbi maşınlara doluşuruq. Hərbi maşın karvanı şəhərin ortasıyla dəmiryolu vağzalına doğru irəliləyir...Dallarınca da bizi müşayiət edən valideynlər... Təsvir eləmək belə çox çətin...Sıralanıb vaqonlara tərəf irəliləyirik... yenə valideynlər... Sanki ömürlük gedirik... Vaqonlara minirik. İçəridən buğ çıxır. Qan-tər içindəyik. Artıq aşağı düşməyə də icazə yoxdur. Hərbi qadağalar başladı...Qatar yola düşənə kimi anam yaxınlıqdakı dükandan mənə “tapıçka” alıb vaqonun pəncərəsindən uzadır. Al geyin-deyir, yolda isti olmasın...

...Qatar tərpənir. Vaqonun pəncərəsindən anamla danışırıq, mənə deyəcəklərini deyir. Qəhərlidir...hiss etdirmək istəmir. Əlimi buraxmır...qatar addım-addım irəlilədikcə o da...

...Rəhbər kimi bir gizir də bizimlə gedir. Uşaqlar nədənsə söhbət edir və mənə yad olan ilk termini eşidirəm-bazmen. Deyəsən hansısa arvadbaz kişidən danışırdılar... Qatar bələdçisi gəlir ki, əgər yastıq istəyirsinizsə, bir manatdan yığın. Çarəmiz nədir? Yığırıq... Mənim kiminləsə danışacaq bir şeyim yox. Yatıram...

..Saat 06:30 oyanıb yatağımı yığıram. Şəkiyə çatırıq. Vaqonlardan bir cırıltı gəlir ki...

...Çatdıq... Toplanış Məntəqəsindən vağzala gəldiyimiz maşınlardan burda da var. Bizi hərbi hissəyə aparmaq üçün iki zabit və bir neçə hərbi maşın gəlib. Zabitlərdən biri o qədər balacadır ki...Gülməyim gəlir-bunu nə ağılla hərbiyə götürüblər-deyə düşünürəm.

...Hərbi hissədəyik. Gül gülü çağırır, bülbül bülbülü... Geniş ərazisi var...Səliqəli səkilər, geniş plast, sırayla əkilmiş qızılgüllər, küknar ağacları...Yataqxanası, yeməkxanası, qərargahı da gözəldir. Yəqin yeni təmir olunub. Bizi birbaşa yeməkxanaya aparırlar. Köhnə əsgərlər qəribə baxırlar adama. Həmən hiss edirəm. İlk əsgər “təbrikimizi” də məhz yeməkxanada alırıq-siz hələ çooooox çürüyəcəksiniz, hələ 535 gün, 535 gecə burdasınız. Gözəl təbrik, super təsəlli. Bundan daha gözəl nə ola bilər? Yeməkxana xidməti olan köhnə əsgərlər aramızdan öz yerlilərini axtarırlar. Heç kimim yox buralarda da. Bəlkə də oldu...

...Yeni gələnləri hərbi hissənin tibb məntəqəsinin qarşısına düzüb ilkin tanışlıq edirlər. Vəəəə... Şəkiyə gəlmiş yüz nəfər gənc əsgərlə hərbi hissənin komandiri,  polkovnik Əbülfəz Hümbətov tanış olur. Məlum olur ki, içərimizdə ailəli olanlar da var, 76 nəfər ali təhsilli də. “Deyəsən bu dəfəki təlim-tədris mərkəzimiz akademiya olacaq”-deyir komandirimiz. Yüz nəfəri iki yerə-təlim zastavalarına bölürlər. Mən birinci təlim zastavasındayam.  Aaaaaa.... bu kimdir? Bayaqdan balaca boyuna güldüyüm baş leytenant-Ocaqverdiyev Namiq. Sonradan öyrənirəm ki, əslən Balakən rayonundandır. Çavuşlar-Teymurov Rafael, Bəşirov Ayaz, Əhmədov Rəvan, Əhmədli Fərhad, Ağayev Vüsal  bizə hərbi geyimlərimizə “kakardo”-papağın üstündəki nişan və “şevron”-hərbi pencəyin, kitelin qolundakı nişanı tikməyi öyrədirlər... “şevron”u tikəndə iynəni əlimə batırıram...

İyulun 16-dır. Artıq bölüyün gün növbətçiliyi cədvəli hazırdır. Boy sıralamasına görə birinci manqanın beşinci əsgəriyəm. Deməli ilk “dinivalni”lərdən biri mən olacam. İlk mübahisəmi gündəliyimdə belə yazmışam:”Haçadiş əsgər Muxtarov Zaur və xalası oğlu ağbaşla (sonradan adını öyrənirəm-Əliyev Elvin Azər oğlu) mübahisəm düşdü. Saat 13:34-dür, sinif otağında oturmuşuq”.

(Ardı var …)

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir