Modern.az

Azərbayanın Serbiyadakı səfirliyində 20 Yanvar şəhidləri anılıb

Azərbayanın Serbiyadakı səfirliyində 20 Yanvar şəhidləri anılıb

Aktual

20 Yanvar 2012, 22:41

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi 20 yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində iştirakçılar «20 yanvar» faciəsini əks etdirən fotoguşə ilə tanış olub, sonra 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əmin olduqlarını diqqətə çatdırıblar.

Tədbir zamanı 1990-cı il 20 yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açılıb, Konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbəran edilməsindən bəhs edilib.
Faciə zamanı 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilib

Sonra mərasim iştirakçıları “Azadlığa aparan yol” sənədli filminə baxıblar.

Səfirlik tərəfindən hazırlanmış, 20 yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən pres-reliz xarici ölkələrin Belqrad şəhərindəki diplomatik korpuslara və beynəlxalq təşkilatların nümayəndəliklərinə, Serbiyanın dövlət strukturları və qeyri-hökumət təşkilatlarına çatdırılıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar