Modern.az

Dövlət başçısı Goranboyda bir sıra açılışlarda iştirak edib

Dövlət başçısı Goranboyda bir sıra açılışlarda iştirak edib

21 Yanvar 2012, 20:00

Prezident İlham Əliyev yanvarın 21-də Goranboy rayonuna ds səfər edib. Dövlət başçısı Heydər Əliyevin Goranboy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan Prezidentinə abidə ətrafında aparılan abadlıq və tikinti-quruculuq işləri barədə məlumat verilib. (AzərTAc)

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezidentə bildirilib ki, partiyanın rayon təşkilatı 1995-ci ilin yanvarında 38 ilk ərazi təşkilatının iştirakı ilə təsis olunub. Rayon təşkilatının üzvlərinin 33 faizini gənclər, 51 faizini isə qadınlar təşkil edir.
Prezident görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

İlham Əliyev Goranboy Mədəniyyət Evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısı Mədəniyyət Evinin böyük zalı ilə də tanış olub. Bildirilib ki, 400 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.

Prezident İlham Əliyev Goranboy şəhər uşaq incəsənət məktəbinin xor kollektivinin ifasında bəstəkar Oqtay Zülfüqarovun “Mehriban insanlar” mahnısını dinləyib. Mədəniyyət Evi ilə tanış olan Azərbaycan Prezidenti kollektivə uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.

İlham Əliyev Goranboya səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Prezident məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib.

Azərbaycan Prezidenti Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Naftalan şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları sanatoriyalardakı ağır şərait və Goranboyda məcburi köçkün ailələri üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı və texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.

Qeyd edilib ki, yeni binalardan səkkizi 60, biri isə 45 mənzillidir. Mənzillər bir, iki, üç və dörd otaqlıdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu məhəllədə bütün lazımi tədbirlər görülmüşdür. Mənzillərin elektrik, istilik və su ilə təchizatı yüksək səviyyədə həyata keçirilib. Bildirilib ki, ümumiyyətlə, Goranboy rayonu ərazisində indiyədək 2 min 150 ailə, o cümlədən 208 daimi məskunlaşmamış qaçqın və 1942 məcburi köçkün ailəsi üçün 6 qəsəbə və 690 mənzilli 12 beşmərtəbəli binadan ibarət bir məhəllə salınıb.

Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün Qədim Sadıqovun mənzilində olub, burada yaradılan şəraitlə maraqlanıb. Q.Sadıqov qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib.

Prezident məhəllədə inşa olunmuş Xocalı şəhər 1 nömrəli musiqi məktəbində yaradılmış şəraitlə tanış olub. İlham Əliyev məktəbin zalında Xocalı rayonundan olan məcburi köçkünlərin ifasında musiqi nömrələrini dinləyib, onlarla xatirə şəkli çəkdirib. Daha sonra Prezident İlham Əliyev yeni məhəllənin sakinləri ilə görüşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!