Modern.az

“Nazirlər Kabineti adlar və soyadlar məsələsinə baxır”

“Nazirlər Kabineti adlar və soyadlar məsələsinə baxır”

24 Yanvar 2012, 11:32

“Adlar və soyadlar məsələsi Milli Məclisin Mədəniyyət komitəsinin diqqətində olan bir məsələdir. Milli Elmlər Akademiyasında bununla bağlı yaradılan ayrıca bir komissiyada mövcud problemlər müzakirə olunub, təhlillər aparılıb. Və indi bu məsələ Nazirlər Kabinetinə tövsiyyə olunub”.

Bu barədə Modern.az saytına açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov deyib. O bildirib ki, məhz bu tövsiyyələr əsasında Nazirlər Kabinetində hansı soyad formalarının olması, dəyişdirilərkən hansı variantlardan istifadə edilməsi, hansı adların əlavə olunması məsələsi ilə bağlı müzakirələr aparılır.

“Bununla bağlı bizim mətbuatımız və cəmiyyətimizdə də təhlillər aparılır, müxtəlif mülahizələr səslənir. Burada Mədəniyyət komitəsi də laqeyd qala bilməz, yeri gələndə biz də fikrimizi bildiririk, təhlillərimizi aparırırıq”.

Adlar və soyadlarla bağlı məsələnin ciddi olduğunu xatırladan komitə sədri bunun asanlıqla həll oluna bilməyəcəyini bildirib. Onun sözlərinə görə, bu təkcə Azərbaycanda yaşayanlara deyil, eyni zamanda dünya azərbaycanlılarına da şamil olunacaq və məsələ elə həll edilməlidir ki, bütün dünya azərbaycanlıları da həmin qaydanı qəbul etsin.

“Odur ki, bu məsələlər bir az geniş müzakirə olunacaq. Bu məsələ eyni zamanda bir  mədəniyyət hadisəsi kimi parlamentdə diqqət mərkəzində saxlanacaq və yeri gəldikcə, bizim komitənin üzvləri öz mülahizələrini bildirəcəklər. Ancaq bununla bağlı hələlik qəti qərar, göstəriş yoxdur”.

N.Cəfərov bildirib ki, adlar və soyadlar məsələsi demokratik şəkildə həll olunmalıdır. “Çünki elə insan ola bilər ki, o köhnə soyad formasını saxlamaq istəyər, bunun üçün də bizim demokratik hüquq sistemimiz var”.

Burada əsas tövsiyyənin olduğunu xatırladan deputat qeyd edib ki, bu tövsiyyə həm dəqiq, aydın, həm millətimizin tarixinə, xarakterinə, mədəniyyətinin tarixi təcrübəsinə uyğun olmalı, həm də demokratik olmalıdır.

“Adlar məsələsində bizim müəyyənləşdirdiyimiz “svetafor prinsipi”, yəni yaşıl, sarı, qırmızı rənglər əsasında hansı adların qoyulması məsələsi dəfələrlə müzakirə olunub. Bundan əlavə, 3 sözdən ibarət və ya xaricdən götürülmüş, bizim üçün o qədər də mənəvi, mədəni dəyərli adlar da qoyula bilər. Əvvəllər biz Sovet, Kombayn adlarını qoyduğumuz kimi, bu gün kimsə istəsə öz uşağının adını uzun müddət işlədiyi yerin adını, məsələn, Estakada qoya bilər”.

Soyad formaları ilə bağlı isə Nizami Cəfərov Azərbaycanda 3 variantın populyar olduğunu vurğulayıb.
“Bunlardan biri şəkilçisiz formadır ki, bizdə bu forma mədəniyyət hadisəsi kimi xeyli dərəcədə inkişaf edib. Məsələn, Zəlimxan Yaqub, Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq.

İkincisi, -lı, -li, -lu, -lü sonluqlu, üçüncüsü isə türk mənşəli olmayan, amma bizdə geniş yayılmış –zadə sonluqlu soyad sonluqların işlənməsidir.

Bu gün Azərbaycanda soyadlarımızın 80 faizə qədəri -ov, -yev sonluqlu olanlardır. 10 faizə qədəri -zadə, 10 faizə qədəri də -li, -li, -lu, -lü sonluqlu soyadlardır. Maraqlıdır ki, bizdə şəkilçisiz soyad formaları geniş yayılsa da, bu rəsmi mövqe tutmur. Çünki onlar buna rəsmi qaydada keçməyiblər və təxəllüs kimi istifadə edirlər.

Bundan əlavə, -oğlu, -qızı və ya sadəcə -oğlu eyni zamanda -gil, -soy sonluqlu soyadlar da təklif olunur. Ancaq bunlar o qədər də geniş yayılmayıb. Hər halda mən güman edirəm ki, birinci 3 variant geniş yayılacaq və gələcəkdə bizim soyad sistemimizdə aparıcı olacaq” deyə komitə sədri sonda əlavə edib.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır