Modern.az

Hərbçilər Sarkozini qanuna veto qoymağa çağırdılar

Hərbçilər Sarkozini qanuna veto qoymağa çağırdılar

Aktual

24 Yanvar 2012, 17:38

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi də qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun Fransa Senatında qəbulunu pisləyib.
Qurum bununla bağlı bəyanat verib. Bəyanatda bildirilib ki, Fransa Senatının bu qərarı Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirir.
“Bu qanunun qəbul edilməsilə Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki vasitəçilik missiyasına zərbə vurmuş oldu. Buna görə də, Azərbaycan dərhal Fransanın Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması üçün müvafiq qərarlar qəbul etməli, Fransa ilə bütün istiqamətlərdə əlaqələrinə yenidən baxmalıdır.

Fransa bu qanunu qəbul etməklə Avropada insan haqlarına və demokratiyaya zidd qərar qəbul etmiş oldu. Demokratiyanın beşiyi hesab edilən Avropada insan haqlarının, düşüncə azadlığının ruhuna uyğun olmayan bu qərar, artıq Avropanın dünyaya aşıladığı dəyərləri şübhə altında qoyur.

 Ona görə ki, bu gün Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır. Eyni zamanda Azərbaycan torpaqlarının 20%-nin işğal altında olması, 1 milyondan artıq əhalinin məcburi qaçqın və köçkün şəraitində yaşaması beynəlxalq ictimaiyyətə və həmsədr ölkələrdən biri olan Fransaya da bəllidir. Münaqişə başlayandan bu günə kimi Fransa heç bir xüsusi fəallıq nümayiş etdirməyib. Konkret olaraq, digər həmsədr ölkələr kimi Fransanın da Ermənistana çox ciddi təzyiq rıçaqları var. Amma bu təzyiq rıçaqlarından indiyə qədər istifadə edilməyib və edilməsi də gözlənilmir. Bu qanunun qəbul edilməsi və Fransa prezidenti Nikola Sarkozinin Ermanistana səfəri zamanı verdiyi sayıqlama xarakterli bəyanatlar dediklərimizin bir daha sübutudur”.

Bəyanatda qeyd olunub ki, Sarkozi və onun simasında bütün Fransa hökuməti bilməlidir ki, ermənilərin bu əməlləri beynəlxalq terrorizmin tərkib hissəsidir. “Onun nəticəsidir ki, Ağdam sakini 9 yaşlı Fariz Bədəlov və Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kənd sakini 13 yaşlı Aygün Şahmalıyeva atəşkəs haqqında müqavilənin tələblərini pozan Ermənistanın qeyri-humanist və mənəviyyata zidd siyasətinin yeni bir qurbanı olub. Onu da qeyd edək ki, Fariz Bədəlov və Aygün Şahmalıyeva erməni hərbi qüvvələri tərəfindən qətlə yetirilən minlərlə dinc əhalidən olan uşaqlardan biridir. 
Bizim əsas tələbimiz odur ki, Fransa dövləti və onun əsas siması olan Nikola Sarkozi prezident kimi səlahiyyətlərindən istifadə etsin, bu qanunun qüvvəyə minməsinə imkan verməsin. Türkiyəyə və Azərbaycana yönəlik verdiyi bəyanatlara son qoysun, Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə dəvət etsin.  Bir sözlə dünyada söz sahibi olan böyük bir dövlət kimi konstruktiv mövqe tutsun”.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir