Modern.az

Jalə Əliyeva: “Fransa da alət kimi Ermənistandan istifadə edir”

Jalə Əliyeva: “Fransa da alət kimi Ermənistandan istifadə edir”

24 Yanvar 2012, 20:17

Azərbaycan Fransanın ATƏT-in  Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması üçün müvafiq qərarlar qəbul etməlidir.  Fransa Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi Qafqazda düşmənçiliyin və qarşıdurmanın gücləndirilməsinə xidmət edir”.

Bu fikirləri millət vəkili Jalə Əliyeva səsləndirib.

O, deyib ki, Fransa Senatında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbulu Fransa və beynəlxalq qanunlara ziddir: “BMT-nin qəbul etdiyi konvensiyaya uyğun olaraq bu tipli məsələlər yalnız xüsusi status daşıyan məhkəmələrdə müzakirə edilə və qərar qəbul oluna bilər”.

 Deputat bildirib ki, senatın qərarı Fransa konstitusiyası ilə də birbaşa ziddiyyət təşkil edir. Fransa öz qanunlarının dominantlığını öz daxilində təmin edə bilmirsə, bu, beynəlxalq tərəfdaş kimi onun legitimliyini itirməsinə səbəb olacaq: “Azərbaycan və Türkiyənin kəskin etirazlarına baxmayaraq, belə bir qanunun qəbul edilməsi onu göstərir ki, Rusiya və İrandan sonra daha bir dövlət öz maraqları naminə Ermənistandan alət kimi istifadə etmək niyyətindədir. Bu qanunun qəbul edilməsilə Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki vasitəçilik missiyasını başa vurub. Fransa vasitəçi kimi ona verilən mandat üzərindəki hüquqi və mənəvi haqqını itirib.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransa Senatının qəbul etdiyi qanunun insan hüquq və azadlıqlarının təməl prinsiplərinə, düşüncə və söz azadlığına zidd olduğunu əsas götürərək, beynəlxalq birliyi bu qanunun ləğvi üçün hərəkətə keçməyə çağırmalıdır”.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər