Modern.az

Heydər Əliyev Fondunun adından istifadə edən dələduzlar yaxalandı

Heydər Əliyev Fondunun adından istifadə edən dələduzlar yaxalandı

21 Dekabr 2009, 16:50

Milli Təhlükəsizlik Nazirliyi (MTN) dələduzluqla məşğul olan bir qrup şəxsi zərərsizləşdirib.

Modern.az xəbər verir ki, MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş 1948-ci il təvəllüdlü Seyidov Kamil Mirvəli oğlu, 1967-ci il təvəllüdlü Hüseynov Arif Xəlil oğlu, 1975-ci il təvəllüdlü Abbasov Anar Gürşad oğlu, 1981-ci il təvəllüdlü Vəliyev Muxtar Seyfəddin oğlu, 1956-ci il təvəllüdlü Qasımov Nadir Hilal oğlu, 1957-ci il təvəllüdlü Rəhimov Rövşən Əliyar oğlu və 1952-ci il təvəllüdlü Ələkbərov Vaqif Qoçu oğlu qabaqcadan əlbir olaraq dələduzluqla məşğul olublar.

Onlar bir qrup şəxs halında Muxtar Vəliyevə məxsus tikinti-inşaat işlərinin layihələndirilməsi üzrə fəaliyyət göstərən "Master-Dizayn" şirkətinin texniki imkanlarından istifadə edib hazırladıqları saxta müqavilə və layihələri təqdim etməklə, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxlu sayda iş adamına guya Heydər Əliyev Fondu və ayrı-ayrı dövlət orqanları tərəfindən maliyyələşən müxtəlif tikinti sifarişlərinin veriləcəyi barədə yalan vədlər verib və aldatma yolu ilə həmin şəxslərin əmlaklarını ələ keçirərək, onlara külli miqdarda ziyan vurublar.

İstintaqın hazırkı mərhələsində qrupun üzvləri tərəfindən son iki ildə müxtəlif vaxtlarda həmin iş adamlarından təxminən 809 min AZN və 300 min ABŞ dolları məbləğində pulun dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Seyidov, Hüseynov, Abbasov, Qasımov, Vəliyev, Rəhimov və Ələkbərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Adları qeyd olunan şəxslərin dələduzluq əməl­lərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinə və onun ərazi orqanlarına müraciət etmələri xahiş olunur (əlaqə telefonu: 405-99-99).

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır