Modern.az

Türkiyənin ənənəvi siyasəti kökündən sarsıdılıb

Türkiyənin ənənəvi siyasəti kökündən sarsıdılıb

25 Yanvar 2012, 11:23

Safruh

Mütləqə İnam Ocağının Ruhani Başçısı

Uzun illər, onillər boyu Avropanı mədəniyyət mərkəzi kimi Şərqə, o cümlədən Azərbaycana təqdim ediblər. O qədər dərin və hərtərəfli təbliğ ediblər ki, yalan olmasın, biz onların çörək yediklərinə də inanmamışıq – uşaq inanır ki, müəllim çörək  yemir – o səviyyədə bizi inandırıblar. Belə təbliğlər, təlqinlər nəticəsində aldanmış, həm də özümlüyümüzü itirmişik.

Fransa Senatının qondarma erməni soyqırımı ilə bağlı qərar qəbul etməsini mədəniyyətə, sivilizasiyaya yaraşmayan necə əcayib bir yanaşma olduğunu sıravi vətəndaşımıza anlatmaq bizim üçün çox çətin olacaq. Bakı şəhərində 3-5 nəfərin Fransa səfirliyi qarşısında toplaşması hələ Azərbaycanın ictimai fikrinin hərəkətə gəlməsi deyil.

Sovet dövründə 1915-ci il hadisələrinə aid Levon Sürməliyan adlı erməni kökənli Amerika vətəndaşının kitabını oxumuşam. O hadisələr zamanı Osmanlı Sultanı ermənilərə məktub göndərir, bu məktubda 23 güzəşt nəzərdə tutur. Lakin ermənilər bunu qəbul etmirlər, elə həmin Fransaya və Rusiyaya arxalanaraq ölkənin içərisində pozuculuq işlərini güclü şəkildə davam etdirirlər. Kitabda ermənilərdən biri deyir ki, mənim bir ermənimi öldürsəniz, sizin 10 türkünüzü öldürəcəyəm. Hadisələr belə də baş verir. Pozuculuq nəticəsində çalxalanan cəmiyyətin idarəsi idarəçilərin əlindən çıxır. O kitabda Türkiyə elə təsvir olunur ki, sanki orada türk yoxdur, ermənilər, başqa etniklər var.

Fransanın bu davranışını adətən xristian-müsəlman qarşıdurması kimi qələmə verirlər. Ancaq burada din məsələsi, xüsusən Qərb tərəfindən yalnız tutalqadır, gözdən pərdə asmaqdır. Haqqında danışdığımız və bizə göstərilənər dünya siyasətinin üzə çıxan köpükləridir. Əgər bu, dinlərarası qarşıdurma olsaydı, Fransa Liviyanı xarabazarlığa çevirəndə hər hansı müsəlman ölkəsinin səsi çıxardı.

Türkiyənin və Fransanın dünyanın müxtəlif bölgələrində maraqları var və bu maraqlar toqquşur. Məsələn, Afrikada – Fransanın keçmiş müstəmləkələrində. Türkiyə dünyanın indiki məqbul qanunları ilə oralara yatırım qoyur və oraya özünün türk mədəniyyətini aparır, sözsüz ki, aparmalıdır. Bu mədəniyyət orada işğalçı fransızların gətirdiyi mədəniyyətlə toqquşur. Fransa bunu həzm edə bilmir. Vaxtilə bir müstəmləkəçidən əziyyət çəkmiş xalqlar da onlara qarşı nifrətli olur.

Dünya varidat uğrunda çaxnaşır, çarpışır, bundan dövlətlər və xalqlar qazanır və ya itirir. Fikrimcə, bu hadisələrdə Türkiyə və xüsusən türk xalqı, çox böyük itkilərə uğramaqdadır.

Türkiyənin ənənəvi tarixi, siyasəti son illərdə kökündən sarsıdıldı. Gah Qərbə, gah da əslində mövcud olmayan  müsəlman  aləminə meyillənmək ölkənin siyasi müəyyənliyini dumanlara qərq etdi. Xalq içində türk ordusuna münasibət sarsıdıldı. Ordusuna inamı sarsıdılmış türk xalqı heç zaman onu idarə edən dövlətə sayğılı olmaz.   

Azərbaycanla Türkiyə erməni məsələsində ardıcıl olaraq bir cəbhədən çıxış etməlidir. Beşgünlük uğura görə xalq özünün əzəli, mahiyyət birliyinə arxa çevirməməli, soyuq baxmamalıdır, əks halda onun nəticəsi çox acınacaqlı olar.

İndi deyirlər ki, Azərbaycanla Rusiya əsrlərlə bir yerdə olub, guya bundan sonra da bir yerdə olmalıdır. Bu cür düşüncələr bizim müstəqilliyimizə təhlükədir. Zorlayanla zorlananın birliyi olurmu?

Fransanın bu qərarı meşə qanunudur. Erməni də bu qərardan qızışır.

Xalqlar sevgilərini öz köklərinə doğru yönəltməli və bir-birinə nifrətdən vaz keçməlidirlər. Dövlət siyasəti xalq əhvalına gəlməməlidir. Azərbaycanla Türkiyənin bütün mümkün hallarda əlbir çıxış etməsi isə milli zərurətdəndir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?