Modern.az

BDU Türkiyənin Qafqaz və Ərdahan universitetləri ilə memorandum imzalayıb

BDU Türkiyənin Qafqaz və Ərdahan universitetləri ilə memorandum imzalayıb

26 Yanvar 2012, 17:51

Bu gün Qafqaz Universitetləri Birliyinin sədri, Ərdahan Universitetinin rektoru, professor, doktor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru professor, doktor Sami Özcan və Bakı Qafqaz Universitetinin rektoru, professor, doktor Əhməd Saniç Bakı Dövlət Universitetində olublar. 

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən verilən məlumata görə, qonaqları qəbul edən universitetin rektoru, akademik Abel Məhərrəmov onlara universitet haqqında ətraflı məlumat verib. Tanınmış alimlərin BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, BDU-nun beynəlxalq əlaqələrindən danışıb və dünyanın ən böyük elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində iş apardığını qeyd edib. Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələrindən də söz açan rektor, BDU-nun Türkiyənin bir çox ali məktəbi ilə ikitərəfli müqavilələrinin olduğunu, onlarla sıx əməkdaşlıq etdiyini vurğulayıb. BDU-nun Qars Qafqaz və Ərdahan Universitetləri  ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirən rektor Abel Məhərrəmov, bugünkü görüşün bu əlaqələrin davamlı xarakter daşımasında  böyük zəmin yaratdığını deyib.  

Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz, öz növbəsində, rəhbərlik etdiyi Qafqaz Universitetləri Birliyi haqqında geniş məlumat verərək Birliyin tətbiq etdiyi Mövlana proqramı haqqında danışıb. Məlum olub ki, Mövlana proqramı, eynilə Avropadakı Erasmus Mundus proqramı kimi bölgədəki ölkələrin universitetlərinin tələbə və müəllim mübadiləsini dəstəkləmək, bu prosesi maliyyələşdirərək, proses zamanı yaranacaq qarşılıqlı əməkdaşlığı ölkələrimizin gələcəyinə yönəltmək üçün planlaşdırılmış bir layihədir. Bu layihə çərçivəsində  Qafqaz Universitetləri Birliyi ilə Bakı Dövlət Universiteti arasında sıx əməkdaşlığının yaranacağını ümid edən Ramazan Korkmaz artıq 24 universitetin üzv olduğu bu Birliyin I-ci Gənclik Qurultayının Naxçıvan Dövlət Universitetində keçirildiyini qeyd edib. 

Sonda birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən Memorandumu imzalanıb.

Qeyd edək ki, Qars Qafqaz və Ardahan Universitetləri Türkiyənin gənc, lakin dinamik şəkildə inkişaf edən universitetləridir. Qars Qafqaz Universiteti 1992-ci ildə təsis edilib. Hazırda 6 fakültə (İqtisadiyyat və idarəetmə, pedaqogika, tibb, mühəndislik və memarlıq, ədəbiyyat, baytarlıq fakültələri), 3 kollec (yüksək okul), 5 peşə məktəbi, 1 dövlət konservatoriyası, 10 araşdırma mərkəzləri fəaliyyət göstərir. Hal-hazırda Universitetdə 12500 tələbə təhsil alır.

2008-ci ildə təsis edilmiş Ardahan Universitetində İqtisadiyyat və idarəetmə, İnsan və Ədəbiyyat, Mühəndislik fakültələri fəaliyyət göstərir. Hazırda Universitetdə 10 000-dən çox tələbə təhsil alır.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı