Modern.az

Sumqayıtda QHT-lərin koalisiyası yaradıldı

Sumqayıtda QHT-lərin koalisiyası yaradıldı

27 Yanvar 2012, 17:59

Yanvarın 27-də «Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» İctimai Birliyinin ofisində “Demokratiyanın İnkişafına Vətəndaş Cəmiyyəti Dəstəyi” Regional QHT Koalisiyasının yaranması münasibətilə qurumun təsisçilərinin mətbuat konfransı keçirilib.
«Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» İctimai Birliyinin prezidenti, hüquq müdafiəçisi Elçin Məmməd koalisiyanın yaranma səbəbləri və qarşıya qoyulan məqsədlərdən danışıb. E.Məmməd qeyd edib ki, Azərbaycanda KİV, sərbəst toplaşma və siyasi fəaliyyət azadlığının məhdudlaşdırılması güclənib. Onun sözlərinə görə qeyd edilən məsələlər beynəlxalq təşkilatların hesabatlarında əks olunub və bu ölkəmizə baş ucalığı gətirmir. E.Məmməd həmçinin bildirib ki, artıq cəmiyyətdə inamsızlıq hiss olunur və belə vəziyyət Azərbaycanın regionlarında daha çox baş verir. Ona görə də regionlara diqqət artırılmalı və QHT-lər bu sahədə səylərini birləşdirməlidir. Sonra hüquq müdafiəçisi koalisiyaya daxil olan qurumlardan danışıb. “Demokratiyanın İnkişafına Vətəndaş Cəmiyyəti Dəstəyi” Regional QHT Koalisiyasına daxil olan təşkilatların qərarına əsasən yalnız dövlət qeydiyyatına alınmış və regional QHT-lər bu koalisiyada təmsil oluna biləcəklər.

Naxçıvanda fəaliyyət göstərən Demokratiya və İnsan Hüquqlarini Müdafiə Mərkəzinin həmsədri Asəf Quliyev regionlardakı demokratik vəziyyətdən danışıb və "Freedom House"nin ölkəmizlə bağlı sonuncu hesabatına toxunub. A.Quliyev qeyd edib ki, vətəndaş cəmiyyəti, siyasi partiyalar, qanunun aliliyi və dövlət strukturlarının işləkliyi ilə bağlı mənfi məqamlar qalmaqdadır. Bundan başqa, Azərbaycanda korrupsiya ilə mübarizə çox pis aparılır. Mətbuat azadlığının məhdudlaşdırıldığı, parlamentin icra hakimiyyəti təmsilçilərini məsuliyyətə cəlb etmək hüququnun olmadığı, vətəndaş cəmiyyətinin mühüm siyasi və sosial problemləri müzakirə və təhlil etmək imkanının olmadığı ölkələrdə korrupsiya inkişaf edir. O, həmçinin 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə toxunub və seçkilərin demokratik keçirilməsi üçün bütün vətəndaş cəmiyyəti fəallarının səylərinin birləşdirməsini vacib hesab edib.

Onu da qeyd edək ki, cəmiyyətə təqdim olunan koalisiya «Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» İctimai Birliyi, Demokratiya və İnsan Hüquqlarini Müdafiə Mərkəzi, «Müasir Dünya» İqtisadi Maarifləndirmə İctimai Birliyi, «Xatun» Qadınların Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyi, «Yüksəliş naminə» qəzeti və «Sağlam Gələcək Uğrunda» İctimai Birliyi tərəfindən təsis edilib. Koalisiya açıq saxlanılır və gələcəkdə digər regional QHT-lərin buraya daxil olması sərbəstdir.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?