Modern.az

Yurda döndüm, Sən göründün

Yurda döndüm, Sən göründün

Mədəni̇yyət

30 Yanvar 2012, 16:40

yaxud
 El  gəzən Əhməd            

Ruhumuzun diriliyi duruluğu üçün xilas bağladığım ünvanlardan biri də Əhməd Oğuzdur(AğÜzdür). Əhmədin sirinə-sifətinə, üzünün-gözünün qırımına, çöhrəsindən heç vaxt əysik olmayan nur haləsinə çoxdan şahidlik eyləyirəm. Çox mübarək yapısı var Əhməd bəyin. Sanki kəndimizi, dağımızı, dərəmizi, bulağımızı, daşımızı, quşumuzu, doğma adamlarımızı xatırladır Əhməd bəy. Fırından təzəcə çıxan əppəyin, biçilmiş otun, doğulduğumuz topağın, qıpçaq çölünün yovşanının iyisi necə doğmadırsa Əhməd Oğuz da millətimdən ötrü eləcədir. Kəndimizdə yalnız öz kəndimizdə gördüyüm ulduzlar kimi mübarəkdir Əhmədin üzü. Və bir də Lorkanın rəsmlərindəki Ay kimi

Baş ucunda Ay parçası

Bir dırnaq sədəfi boyda:

Yetim uşaqlar misalı

Boynuburuq, bir küncə qısılı...

Tanrı kimi öz işində-

Ağlayır, ağlayır

Lorkanın rəsmlərindəki Ay.

                                                       * * *

Gözəlim İncə dərəsində Aşıq Avdı Qaymaxlı, Ağamalı Sadiq Əfəndi, mürşüdüm Akif Səməd...müqəddəs ziyarətinə  babamız evi deyib getdiyimiz Hacı Mahmud Əfəndinin müqəddəs ruhundan yol alıb gəldikləri kimi Əhməd Oğuz da Mövlud Süleymanlı, Tahir Talıblı kimi Hacı Xəlil babanın torpağından, xalq ruhunun gücündən yoğrulub gəlib. O, hacı Xəlil babanın ki, adna günləri atlı arvadlar ziyarətinə gedərdilər və balaca Əhməd də ziyarət yolunun üstündə oturub onlara tamaşa eyləyərdi.

 

Atlı arvadlar keçərdi

Kəndimizdən

Adına günləri,

Yay aylarında...

Yüyən tutan ağ əlləri,

Gözləri,

Üz almaları,

Yellənərdi çalmaları....

Və hər dəfə

Bir uşağa rastlaşardılar

Ziyarət yolu üstündə

Yayda, həftənin adna günündə.

                        * * *

Səməndər Rzayev, Akif Səməd,  Tahir Talıblı kimi həmişə Əhməd Oğuzun da səsinin heyranı olmuşam. Ağrıyan YURD yerlərimizin səsidir Əhmədin səsi. Olduqca həzin,   laylalı, bərəkətli səsdi Əhmədin səsi. Bilmirəm indiyədək səsə bərəkətli deyən olmuşdumu? Ancaq mən dedim. Halalı olsun özü qazanıb. Çox vaxt əlahəzrət qələm sahibləri insanların əxlaq tərbiyəsi haqqında düşünməli olduğu halda onların özlərində ciddi əxlaq kəsirlərinə rast gəlirik. Bu mənada nə yaxşı ki, 5-3 Əhməd Oğuzumuz var. Urvatını gözləyib, abrına qısılan Əhməd Oğuzumuz. Əxlaq bütövlüyü var Əhməd Oğuzun. Yazı-pozusunda, yaradıcılığında da beləcədir. Heç vaxt ilhamını zorlamayıb. Uca Tanrının dərgahından könlünə enənləri yazır Əhməd Oğuz. “Gedən bəzirgandı-gələn xocadı”  deyirdi Xəstə Qasım.  Əhməd Oğuz gələn xocalardandır. Belə olmasaydı yazmazdı ki:

Şahlar şahı, qəbul eylə,
Mən divanə gəlmişəm.
Bu fanidən dərsim alıb
Qana-qana gəlmişəm.

Yeddi yerdə, doqquz göydə
Bir ilaha qul oldum-
Qızıl qurannan don geyib
Bu divana gəlmişəm.

Zəvvar olub zikr eylədim
Dünyanın cəfasını.
Kölgəsi məndən gen düşdü-
Sürmədim səfasını

Ömrümü yellərə verdim-
Bulmadım bahasını
Yeddi dindən dışqarıyam,
Bir imana gəlmişəm.

Əhməd Oğuz, əskik olmaz
Sən tək qulun xatası.
Dost əlindən şərbət deyin
İçdim əcəl badəsi.

Urfum bacalar dolanır,
Cismimdə haqq nidası.
Bir ölmüşdüm, bir dirildim
Bir də cana gəlmişəm.

Vaxtı ilə mübariz şairimiz Xəlil bəy haqlı olaraq yazırdı ki, “Başqa ixtisas sahələrində, məsələn, ticarətdə maskalanıb-bürünüb birtəhər gizlənmək, yaşamaq(əgər yaşamaqdırsa) olar. Sənət aləmində bu mümkün deyil, gözəl sənətkarlıq mütləq və mütləq gözəl, parlaq şəxsiyyətdən başlanır”. Bu mənada mən Əhmədin yaradıclığında ali duyğulu insanlığını, parlaq şəxsiyyətini və təbii ki, böyük el ruhunu görürəm. Uşaqlıq dostlarına yazdığı bir şer var-“Halay, halay, a bəylər”

Yaşınız artdıqca işiniz artdı,
Bəylər, nə tez bəyliyinizdən çıxdınız.
Dünya sizi min oyundan çıxartdı-
Bıqmadınız...
Öz oynunuzdan bıqdınız....

“-Halay, halay, a bəylər!
- Ocağımı istəyirsiniz, külümü?
-Qıratımı istəyirsiniz, Dürümü?
...Ay uşaq oyunu, uşaq oyunu...

Yazılmamış tariximin iyini
Sizdən alıb şer, nəğmə söylərəm.
Aylar, illər bulandıran suyumu
Durulda-durulda könül əylərəm.
Bu da belə bir oyundu oynaram....

Nə qədər gözəl deyilib. Şerlərinin birində deyir ki, “yurd külü səpin yarama”. Dəhşətdir inan Allaha .  Harda  var, kimdə var belə misra. Yaxud da çox sevdiyim şerlərindən biri var, onu deməsəm özümü bağışlamaram.Yazır ki,

Axşamüstüləri
Dağların ardınan buludlar qalxar,
Buludlar qalxar qərib könlüm toxdağı.
Heç kəsin, heç kəsin ağlına gəlməz
O qalxan buludlar

Anamın əlindən sıyrılıb çıxar
Atamın üzündən burulub çıxar
Heç kimsə bunu bilməz
Axşamüstüləri
Bizim ocağın tüstüləri
Uzaq dağlaracan ardınca gələr.

.....Darıxma, anam,
Evimizdən tüstü çıxsın,
Ocağımız isti olsun-
Qürbət də çəkilməz dərd deyil.

O, qədər qənirsiz gözəl yazılıb ki, dalınnan adam söz də tapıb yaza bilmir.Belə şerləri indi gəl zəif sözlərlə tərif elə.Axı bu kimə gərəkdir. Bəlkə də ədəbiyyat admlarının Əhməd Oğuz haqqında yazmamağının elə bir səbəbi də budur. Tək bildiyim odur ki, camahat  Əhməd haradadır? deyə haray qoparanda haqlıymış.   Əhmədin canlı xalq dilindən, folklordan, el nəfəsindən , xalq ruhundan süzülüb gələn həmişəyaşar poeziyasına eşq olsun.  Türkün sazına-sözünə, öz milli ruhuna sahib çıxdığı sürəcə  bu poeziyanın yaşama haqqı var. Belə şerlərə ölüm gəlməz 

PS əvəzi bir dodaqqaçdı        

Bir kərrəm Mahmud Vəlidən soruşdum ki, Əhməd Oğuz radioda neyləyir, nəyə baxır?
Dedi Əhməd bulağa baxer, Tahir də çaya, gölə, dənizə-zada baxer.

“Abşeron ” sanatoriyası,  Mərdəkən 26 yanvar 2012                                   

Həmid Ormanlı             

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi