Modern.az

Ölkəmizdə ölümün əsas səbəbləri və dəfnpulu

Ölkəmizdə ölümün əsas səbəbləri və dəfnpulu

22 Dekabr 2009, 16:21

Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da hər il müxtəlif səbəblərdən ölümlər qeydə alınır. Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində respublikamızda 53 minə yaxın ölüm halı qeydə alınıb. Azərbaycanda ölümün əsas səbəbləri qan dövranı, həzm  sistemlərinin, tənəffüs orqanlarının xəstəlikləri, yenitörəmələr travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrdir. Rəsmi statistika göstərir ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də insanların ölüm səbəbləri arasında birinci yerdə dayanan qan dövranı sisteminin xəstəlikləri ildən- ilə artamqadıdr. Dövlət Statistika Komitəsinin məlumatına görə, 1963-cü ildən başlayaraq indiyədək respublikamızda ölüm-səbəbləri sırasında ürək-damar sistemi xəstəlikləri öndə gedir. İndi ölkəmizdə ildə 31 mindən çox adam bu xəstəliyin qurbanı olur.

Əhalinin ölüm səbəbələri arasında sonrakı yeri tutan  yenitörəmələr (o cümlədən xərçəng xəstəliyi) hər il 6500-dən çox adamın həyatına son qoyur. Ölkəmizdə tənəffüs orqanlarının xəstəlikləri nəticəsində dünyasını dəyişənlərin sayı isə 3 minə yaxındır. Son bir ildə 3100-dən çox adam həzm orqanlarının xəstəliyindən dünyasını dəyişib. Bədbəxt hadisələr, travmalar, zəhərlənmə və zədələrdən ölənlərin sayı da 2500 nəfərə çatır.

Ölüm səbəbləri sırasında sonrakı yerləri simptomlar və düzgün qeyd olunmamış hallar, sidik-cinsiyyət sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqları, yoluxucu və parazitar xəstəliklər, əsəb sistemi və hissiyat orqanlarının xəstəlikləri tutur. Azərbaycanda anadangəlmə anomaliyalardan ildə 450-dən çox ölüm qeydə alınır. 1000-ə yaxın şəxs isə yol-nəqliyyat hadisələrində həlak olub.

Yeri gəlmişkən, son illərin rəsmi statistikası Azərbaycanda kişilərin qadınlardan daha çox öldüyünü göstərir. İl ərzində respublikamızda 28 mindən çox kişi, 25 minə yaxın qadın vəfat edib. 

Azərbaycanda vəfat etmiş şəxsin ailəsinə verilən birdəfəlik müavinətin (dəfnpulu) məbləği qanunvericiliyə görə, mərhumun əmək pensiyaçısı və ya işləyib-işləməməsindən asılıdır.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev Modern.az saytına bildirib ki, vəfat etmiş şəxs əmək pensiyaçısı olubsa, onun ailəsinə orta əmək pensiya məbləğinin 3 misli qədər dövlət yardımı ayrılır. Orta əmək pensiyası qanunvericilikdə 75 manat təyin olunduğundan bu məbləğ təqribən 225 manatdır. E.Babayevin sözlərinə görə, əgər mərhum işləyən şəxs olubsa, qanunvericilikdə həmin şəxsin ailəsinə dəfn üçün müavinət 100 manat həcmində təyin edilir: “Bundan başqa, əgər ailə başçısı vəfat edirsə və mərhumun  yeniyetmə yaşında övladı və ya övladları varsa, onlar 18 yaşına çatanadək, yaxud ali təhsil müəssisələrində təhsil alırsa, təhsil müddətini başa vuranadək həmin şəxslər üçün ailə başçısının itirilməsinə görə pensiya təyin edilir”.

DSMF sözçüsü onu da deyib ki, 2009-cu il noyabrın 1-dək ölkədə 138 min 311 ailəyə həmin adda pensiya təyin edilib.

Yuxarida sadalanan hallar baş verirsə, vəfat etmiş şəxsin ailə üzvləri DSMF-nin yerli şöbəsinə müraciət edirlər. Vəfat etmiş şəxslə bağlı hüquqi prosedur Azərbaycan Respublikasının “Əmək pensiyaları” və “Sosial sığorta haqqında” qanunlara əsaslanır.

 

Əlvan Rüstəmov

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır