Modern.az

“Laçın folkloru”nun təqdimatı olub

“Laçın folkloru”nun təqdimatı olub

22 Dekabr 2009, 18:27

Dekabrın 22-də Atatürk Mərkəzində şair İlham Qəhrəmanın "Laçın folkloru" kitabının təqdimatı keçirilib.

Modern.az saytının verdiyi məlumata görə, tədbirdə Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, professor Məhərrəm Qasımov, tənqidçi Əsəd Cahangir və başqa tanınmışlar iştirak edib. 

Qeyd edək ki, lirik şair kimi tanınan İlham Qəhrəmanın indiyədək bir neçə kitabı işıq üzü görüb. Sayca altıncı kitabı olan “Laçın folkloru”nda şair doğulduğu Laçın rayonundan uşaqlıqdan üzü bəri eşitdiyi lətifələr, bayatılar, tapmacalar, əfsanələr, söhbətlər, ağılar, deyişmələr və digər şifahi xalq ədəbiyyatı nümunələrini əks etdirib.

Nizami Cəfərov Ilham Qəhrəmanın bu işini vacib addım adlandırib: “Torpaqlarımızın 20 faizinin işğal olması, əhalimizin 1 milyondan artığının qaçqın və köçkün düşməsi nəticəsində şifahi xalq ədəbiyyatımıza vurulan mənəvi zərbə səbəbindən belə bir kitabın yazılması şox böyük əhəmiyyət kəsb edir. Şair İlham Qəhrəman folklorşünaslığa xas xüsusiyyətə - birinci mənbə olan aşıqlara, şairlərə, bölgənin ahıl insanlarına istinadları şox dəqiqliklə verib. Kitabla tanış olduqda, müəllifin folklor nümunələrini çox peşəkarcasına və xüsusi sevgi ilə topladığı aşkar görünür”.

Məhərrəm Qasımov şairin işin öhdəsindən layiqincə gəldiyi qənaətindədir: “Folklorşünaslıqda folklor xəritəsi, atlas deyilən bir məfhum var. Düşünürəm ki, “Laçin folkloru”nda bu şərtə lazımınca riayət olunub”.

Əsəd Cahangir şairin yaradıcılığına yaxından bələd olduğunu söylədi: “İlham Qəhrəmanda xalq yaradıcılığına bir bağlılıq olduğunu dəqiq bilirəm. Əgər müvəqqəti olaraq itirdiyimiz rayonların adlarını hazırda şadlıq evlərinə qoyulması ilə daha çox rastlaşırıqsa, gələcəkdə torpaqlarımızın İlham kimi müəlliflər və "Laçın folkloru" kimi kitablarla xatırlanması hamını sevindirir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir