Modern.az

Azay Quliyev: “Mövzuya uyğun layihə verməyən QHT-lərin işini qəbul etməyəcəyik”

Azay Quliyev: “Mövzuya uyğun layihə verməyən QHT-lərin işini qəbul etməyəcəyik”

22 Dekabr 2009, 18:41

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Modern.az-ın suallarını cavablandırıb

- Azay müəllim, 2009-cu il vətəndaş cəmiyyətinin quruculuğu sahəsində nə ilə yadda qalır?

- Azərbaycanda qeyri-hökumət təşkilatlarının səviyyəsi ildən-ilə artır. Qeyd etmək istəyirəm ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldıqdan sonra dövlət büdcəsindən QHT-lərin fəaliyyətinə ayrılan yardımlar sayəsində vətəndaş cəmiyyəti sektorunda çox sevindirici, təqdirəlayiq işlər müşahidə edilir. QHT-lər son vaxtlar cəmiyyəti narahat edən, düşündürən bir çox təşəbbüslərdə iştirak ediblər. 2009-cu ildə 247 layihəni maliyyələşdirmişik. Əlbəttə, bu layihələrin icrasi ilə bağlı monitorinq keçirib, onların daha effektli şəkildə həyata keçirilməsini daim nəzarətdə saxlamışıq. Bizim qənaətimiz belədir ki, həyata keçirilən layihələrin böyük əksəriyyəti uğurlu olub. Yəni qarşıya qoyulan məqsədə çatıblar. Amma bununla yanaşı, şübhəsiz ki, problemlər də qalmaqdadır. Problemlər QHT-lərin təcrübəsizliyindən və bacarıqsızlığından, bəzi təşkilatların işə səhlənkar münasibətindən qaynaqlanır. Biz bununla bağlı da tədbirlər görmüşük. 2009-cu ildə 1 QHT-nin sonrakı mərhələdə maliyyələşməsi dayandırıldı. Təxminən 30-a yaxın QHT-nın gələcəkdə layihə almaq imkanları demək olar ki, minumuma enib. Yəni onları layihənin icrası prosesində buraxdığı səhvlər, hesabatların vaxtlı-vaxtında verilməməsi və keyfiyyətin aşağı səviyyədə olması əlbəttə ki, bizi qane edə bilməzdi. Bu gün dövlət QHT-lərə hərtərəfli kömək göstərir. Onlara təkcə maliyyə vəsaiti ilə kömək edilmir, digər sahələrdə də çox ciddi yardımlar göstərilir. Məsələn, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyəti qurucularının informasiya təminatının yaxşılaşdırılmasında, konsultativ təkliflərin verilməsində, metodik tövsiyyələrin hazırlanmasında, təlimlərə cəlb olunmasında çox ciddi layihələr həyata keçirir. Hətta bu işə BMT-nin İnkişaf Proqramı da cəlb olunub. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə də çox yaxşı əməkdaşlıq edirik. 2009-cu ildə biz 4 beynəlxalq təşkilatla əməkdaşlıq qurduq. Dünya Bankı, Açıq Cəmiyyət İnstitutuna  Yardım Fondu ilə birgə qrant müsabiqələrimiz oldu. Mən hesab edirəm ki, bu istiqamətdə işlər uğurla başlanılıb və davam edir. Əlbəttə, QHT sektorunda hər şey arzu olunan səviyyədə deyil, amma bu sahədəki göstəricilərin standartlara yaxınlaşması üçün QHT-lər də ciddi şəkildə işləyir, dövlətlə əməkdaşlıq edirlər. İnanırıq ki, yaxın bir neçə ildə bizim QHT sektoru Avropa standartlarına uyğun meyarları özündə əks etdirəcək.

- QHT sektorunun hansı sahələri üzrə daha çox aktivlik, hansı sahədə isə passivlik müşahidə olunur?

- Bu gün biz statistik rəqəmlərə baxsaq görərik ki, ən çox aktivlik sosial sahədədir. QHT-lər sosial təşəbbüslərlə daha aktiv mövqe nümayiş etdirirlər. Təxminən 242 təşkilat bu istiqamət göstərməklə dövlət qeydiyyatına alınıb. Bundan başqa, ekoloji, iqtisadi, səhiyyə, insan hüquqları ilə bağlı təxminən 150-ə yaxın QHT fəaliyyət göstərir. Demokratik məsələlərlə, uşaq, qadın, gənclərin problemləri ilə bağlı da çoxlu sayda ixtisaslaşmış QHT var. Əlbəttə bu, sevindiricidir. Bu gün təhsil və mədəniyyətlə bağlı yaranan təşkilatların da sayı az deyil. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticələrinin aradan qaldırılması istiqamətində yaranan təşkilatlar da azlıq təşkil etmir. Başqa sözlə, müharibədən zərər çəkən təşkilatların sayı az deyil. Son illər onların da fəaliyyətində dəyişiklik baş verməkdədir. Bu da əlbəttə ki diqqətdən qaçmamalıdır. O ki, qaldı zəif inkişaf etmiş sahələrə, korrupsiya və narkomaniya ilə mübarizə, turizm, bələdiyələrin inkişafına dəstək istiqamətində fəaliyyət göstərən təşkilatlar passivlik nümayiş etdirirlər. Elə bir sıra həssas istiqamətlər var ki, onlarla bağlı QHT-lərin sayı hələki azdır. Söhbət cəmiyyətin problemlərini özündə əks etdirən təşkilatlardan gedir. - Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dekabda elan etdiyi müsabiqəyə layihə təqdim edənlər varmı? - Layihə təqdimatı artıq dekabrın 8-dən başlayıb. Bəli, artıq Şuraya bəzi layihələr təqdim olunub. Amma hələ yanvarın 15-i son tarix olduğundan, qarşıdakı günlərdə daha çox layihə gözləyirik. Bizim qarşıda hələ çox müsabiqələrimiz olacaq. Bu dəfəki müsabiqədə bütün mövzuları təqdim etməmişik, cəmi 22 mövzu elan olunub. QHT-lər çalışsınlar ki, mövzuya uyğun təkliflər versinlər. Əgər mövzuya uyğun layihə verməsələr, biz həmin təşkilatın işini qəbul etməyəcəyik.

Ümid edirik ki, bu müsabiqədə QHT-lər yeni təkliflərlə çıxış edəcəklər. Gözləyirik ki, onlar innovatik ideyalar, ictimai əhəmiyyətli təşəbbüslər irəli sürəcəklər. QHT-lər xalqımızı, millətimizi narahat edən problemləri əhatə etməyə çalışsınlar. Öz təkliflərini kifayət qədər əsaslandırsınlar, onun gerçəkliyini sübut ertməyi bacarsınlar. Ən nəhayət, Şuranın qəbul etdiyi qərarlara hörmətlə yanaşsınlar. Çünki biz bu gün QHT-lərə vəsait ayırmağa borclu deyilik. Bizim əsas vəzifəmiz sağlam rəqabət tezisi əsasında müsabiqə yolu ilə ən yaxşı layihələri dəyərləndirmək, QHT-lərin iradları və əsaslandırılmış fikrilərini öyrənib gələcəkdə nəzərə almaqdan ibarətdir. Amma bəzən görürsən ki, QHT-lərin təklif və iradları heç bir ictimai məzmun və əhəmiyyətli olmur. Mən çox istərdim ki, builki müsabiqədən sonra QHT-lər daha çox yaradıcı mövqe nümayiş etdirsinlər.. İlk növbədə özlərinə tənqidi nöqteyi-nəzərdən çıxış etməyi bacarsınlar və qərəzsiz qərara da hörmətlə yanaşsınlar. Əfqan Qafarlı 

 

 

 

 

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər