Modern.az

Bizim teleserial xəstəliyimiz

Bizim teleserial xəstəliyimiz

1 Fevral 2012, 22:36


Bu zalım dünyada teleseriallar kiminin şəkərini qaldırır, kiminin də şəkərini endirir

İndi mərkəz Bakıda 10-a yaxın TV fəaliyyət  göstərir. Onların hamısı günün müxtəlif saatlarında bir neçə xarici teleserial nümayiş etdirir. Əhalinin bir qismi də bu teleserialların bəzisini böyük maraqla izləyir.

Azərbaycan telekanallarının hamısı həm də Türkiyə istehsalı olan seriallar yayımlayır. TV-lərimizin “xarici serial azarı” tezliklər bitəcək. Mayın 1-dən Azərbaycanda xarici teleserialların yayımına qadağa qoyulacaq. Hələ vaxt varkən telekanallar yeni seriallar almamaq və vəsait xərcləməmək üçün əvvəlki illərdə efirlərində yayımlanan serialları arxivlərdən çıxararaq Azərbaycan dilində səsləndirməklə efir məkanını doldurmağa çalışırlar.

Azərbaycan teleməkanında serialların izləmə rekordunu bir müddət əvvəl yayımlanan “Klon”, “Zara”, ardınca “Həzrəti Yusif” qıra bildi. İndisə “Space”də nümayiş olunan “Bu zalım dünyada doğulma” (Amaci) hind teleserialı izləmə rekordunun pik nöqtəsinə çatıb. Hətta bəzi rayonlardan tanıdığım insanlar mənə zəng vuraraq serialın yayımlandığı telekanaldan növbəti seriyalar barədə məlumat öyrənməyimi xahiş edirlər.

Adıçəkilən serialı Azərbaycan dilinə səsləndirən aktyor dostlarımdan biri deyir ki hara gedirsə, hamı ona filmin növbəti seriyasında nələrin baş verəcəyi barədə çoxlu sual verir:
“Dünən axşam saat 10.00-da tanınmış Xalq artistimiz zəng vurub əsəbi halda deyir ki, 78 yaşlı anasının şəkəri 400-ə qalxıb, həkimlər şəkərini sala bilmirlər. De görək bu Amacinin oğlu Rakav o qızla evlənir? Gəlinin alnına sindur vurulur, yoxsa yox”.
Aktyor dostum deyir ki sindurun vurulmayacağını deyən kimi qadının şəkəri 200-ə enib. Amacini öz adına uyğun söyən aktrisamız həm sevincək, həm də əsəbi halda “bu film qurtarsaydı rahat olardıq, çünki hər dəfə serialı izləyəndə anamın şəkəri ya qalxır, ya da enir” deyib dəstəyi asır...
Mövzu mənim üçün maraqlı olduğundan aktyor dostumdan serialın sonu barədə soruşdum. Cavab verdi ki onların özü də serialın sonu barədə məlumatsızdırlar, çünki hal-hazırda bu serial Hindistanda çəkilişlərini davam etdirir...

Mən bu serialın nədən bu qədər çox izləndiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, hətta canlı korifeyimiz, dünyaca məşhur olan müğənni xanımımız yaşadığımız bu zalım dünyada baş verənləri özündə əks etdirən “Bu zalım dünyada doğulma”nın bir serialını belə ötürmür... 

Yaxşı yadımdadır. Ölkəmiz hələ SSRİ-nin tərkibində olanda, 1987-88-ci illərdə mərkəzi telekanaldan (Moskva) “Varlılar da ağlayır” Meksika teleserialı yayımlanırdı. Ailə-məişət zəminindən bəhs edən və həftədə 2 dəfə nümayiş olunan o serialı bütün sovet məkanında hər kəs izləyirdi. Bu azmış kimi hətta eyni seriyanı ev şəraitində videoyazıya köçürüb təkrar baxanlar da vardı. Elə serial nümayiş olunan ərəfədə Moskvada nəşr olunan qəzetlərdən birində maraqlı bir xəbər də dərc olunmuşdu. 80 yaşlı yataq xəstəsi olan bir rus qadını elan vermişdi ki, kim bu serialın sonunun nəylə nəticələnəcəyi barədə onu məlumatlandırarsa, bütün varidatını ona vəsiyyət edəcək...

Bəs bu zalım dünyanın bir parçası olan Azərbaycanda sevimli serialının sonunun nəylə nəticələnəcəyini bəri başdan bilmək üçün nəyinisə vermək istəyənlər varmı? Teleserial xəstəliyinə tutulmuşuqsa, ola bilsin belələri var...

P.S. Bir neçə gün əvvəl rəfiqəmə zəng vurdum. Telefona onun 5 yaşlı qızı cavab verdi. Uşaq söhbət zamanı mənə deyir ki oturub “Beni aff et” serialına baxır. “Niyə cizgi filminə, uşaq proqramlarına baxmırsan” deyə sual verdikdə cavabı bu oldu: “Eh, ay xala, maraqlı serialdı, xoşum gəlir, tərbiyəsiz yeri yoxdur, anam da, bibim də, bacım da buna baxır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub