Modern.az

İlham Əliyev dünya azərbaycanlılarını sıx birliyə çağırıb

İlham Əliyev dünya azərbaycanlılarını sıx birliyə çağırıb

22 Dekabr 2009, 20:01

Azərbaycan Prezidenti İlham Əliyev xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti təbrik edib.

Təbrikdə bildirilir ki, milli birliyimizin rəmzinə çevrilmiş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hər il bütün soydaşlarımız ən əziz bayramlarından biri kimi qeyd edirlər. "1991-ci ilin dekabrında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsis edilmiş və az sonra bütün ölkə miqyasında qəbul olunmuş bu bayram hər bir azərbaycanlıda öz ana Vətəninə məhəbbət, xalqına sədaqət, tarixi və mədəniyyətinə hörmət kimi nəcib hissləri gücləndirir, bizi birləşdirən mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə ötürülməsinə xidmət edir.

Bu il Azərbaycan iqtisadiyyatı dövrün çətin sınağından uğurla çıxmış, bütün dünyanı bürüyən ağır böhrana baxmayaraq yüksələn xətlə irəliləməkdə davam etmişdir. İndi biz cəsarətlə bəyan edirik ki, ölkəmizdə sosialist iqtisadiyyatından bazar münasibətləri sisteminə keçid dövrü başa çatmış, həmin mərhələyə xas olan problemlər həll olunmuşdur. Bütün bunlar xalqımızın rifah halının yüksəldilməsinə, sosial tələbatlarının ödənilməsinə, elm və mədəniyyətimizin tərəqqisinə, vətəndaşlarımızın hüquq və azadlıqlarının davamlı təmin olunmasına münbit şərait yaradır. Azərbaycan dövləti qarşısına çıxan bütün çətinlikləri uğurla dəf edə bilir. Bu gün bizi narahat edən yeganə problem Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Biz bu mürəkkəb, ağrılı məsələnin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün bütün zəruri tədbirləri görürük. Düşünürəm ki, gənc respublikamızın inkişafı yolunda əsas maneə olan bu problemin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı bütün həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Diaspor təşkilatlarımız dünyadakı proseslərin nəbzini tutaraq öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atmalıdırlar".

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Prezident dünya azərbaycanlılarını milli mənafelərimizin qorunması, müstəqil dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə sıx birləşərək daha səmərəli fəaliyyət göstərməyə dəvət edib və bu əziz bayram münasibətilə dünya azərbaycanlılarını təbrik edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi