Modern.az

Kaş Azərbaycanın bütün orta məktəblərində təhsil belə olaydı - REPORTAJ

Kaş Azərbaycanın bütün orta məktəblərində təhsil belə olaydı  - REPORTAJ

Reportaj

6 Fevral 2012, 11:25

Bakı Özəl Türk Liseyində gördüklərimiz


“Çağ” Öyrətim Şirkəti Azərbaycan və Türkiyə arasında qurulmuş ilk təhsil körpüsüdür.
Şirkətin Bakı da daxil olmaqla Azərbaycanın şəhər və rayonlarında 12 ümumtəhsil məktəbi-liseyi, 12 ali məktəbə hazırlıq kursu və bir ali təhsil müəssisəi - “Qafqaz” Universiteti var.
Çağdaş Azərbaycan təhsil sistemində özünəməxsus yeri olan bu qurumun iş prinsipini bilmək yəqin ki, hər kəs üçün maraq doğurur.
Elə bu maraq bizi “Çağ” Öyrətim Şirkətlər qrupuna daxil olan Bakı Özəl Türk liseyinə apardı.

Valideynlər övladlarını dərs zamanı internetlə izləyəcəklər...

Liseydə bizi Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qarşıladı.

Elə ilk andaca hiss etdik ki, idarə rəisi mətbuatla işləməyə xüsusi diqqət verir. İki saatdan artıq liseydə olduğumuz müddətdə Arif Gömleksiz bir an da olsun bizdən ayrılmadı. Maraqlandığımız bütün məsələlər barədə özü məlumat verdi. Şəxsən özü bizimlə birgə demək ola ki, bütün lisey binasını dolaşdı.

Öncə o, bizi liseydə kameraların monitoru olan otağa apardı. Məlum oldu ki, burada 112 kamera quraşdırılıb.
Bütün sinif otaqları, yeməkxana, liseyin həyəti bu monitordan izlənilir. A.Gömleksiz bildirdi ki, bu kameralar vasitəsilə həm müəllimlərin, həm də şagirdlərin dərs vaxtlarındakı davranışlarını seyr etmək, eşitmək mümkündür:

- Bu isə o deməkdir ki, burada hər şey nəzarət altındadır. Bunu etməyimizin bir neçə səbəbi var, birincisi, təhlükəsizlik məsələsidir. Bundan başqa, şagirlərin dərs vaxtı davranışlarına, nə etdiklərinə nəzarət edə bilirik. Bizdə elə bir sistem hazırlanır ki, yaxın zamanlarda valideynlər öz övladlarını dərs vaxtı internet vasitəsilə görə biləcəklər.
Bundan başqa elektron məktəb sistemimiz var. Saytımızda hər şagirdin öz kodu yerləşdirilib, o kodla valideyn sayta daxil olub övladının davamiyyətini, hansı fənndən neçə aldığını, hansısa bir cəza aldığını, bir sözlə, şagird haqqında bütün məlumatları öyrənə bilir. Müəllimlərimiz hər dəfə dərs bitdikdə bütün məlumatları saytda yerləşdirirlər.
Bizdə müəllim dərsə daxil olan kimi birinci kompüterini açır, dərs cədvəlinə baxır, izah edəcəyi mövzunun adı, bir sözlə, dərsə aid hər şey ekranda görünür.

Texniki təchizat Azərbycanın ali məktəblərilə müqayisə oluna bilər

Arif bəy bildirir ki, onlarda hər bir sinifdə maksimun 22 şagird olur:
- Bundan da az ola bilər. Kompüter dərslərində də hər şagirdin öz kompüteri olur, müəllim də hər bir şagirdlə ayrıca məşğul ola bilir.
Bizim məqsədimiz budur ki, məktəbi kompleks halında müasir standarta uyğunlaşdıraq. Yataqxana, sinif otaqları, idman zalı, 500 nəfərlik konfrans zalı kimi ayrıca binalar tikək. Hesab edirəm ki, təxminən bir il yarıma qədər dediklərim hazır olacaq. (Hazırda burada tikinti işləri gedir-S.İ)

Liseyin texniki təchizatı Azərbaycanda ali təhsil müəssisələri ilə müqayisə oluna bilər. Burada bir mərtəbə yalnız ayrı-ayrı fənnlər üzrə lobaratoriya otaqları üçün ayrılıb. Kimya, fizika lobaratoriyaları, musiqi və rəsm atelyesi var.
Məktəbdə iki konfrans zalı var. Biri 100, digəri isə 60-70 nəfərlik... Digər 500 nəfərlik zal isə indi tikilir. Ora teatr səhnəsi kimi hazıranacaq.

“Binanın bir mərtəbəsi isə ayırca olaraq olimpiadaçılar üçündür. Biz bu olimpiadaçıları 12 liseyimizdən seçib gətirmişik. Onların hamısı ali təhsil müəssisələrinə imtahan verərkən 600 balı keçə biləcəklər. Bu şagirdlər gecə də burada qalırlar. Şagird 7-ci sinfi bitirir, sonra imtahan verir, əgər yaxşı bal yığırsa, onu bura gətiririk. Həmin uşaqlara burada xüsusi dərslər keçilir. Burada qalan şagirdlər iki yerə bölünür. Olimpiadaçılar və qəbul zamanı 600 balı keçəcək olanlar. Olimpiadçılarımız 3 il burada hazırlaşır, 8, 9 və 10-cu siniflərdə... Onlar üçün biz xaricdən, buradakı universitetlərdən professorlar dəvət edirik. Biz Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və Texnologiya İnstitutuna şagirdləri göndəririk. Ancaq bu şəraiti rayonlarımızdakı məktəblərdə yarada bilmirik. Ona görə də yaxşı şagirdləri seçib buraya gətiririk”-deyə A.Gömleksiz bildirdi.

“Məktəbəqədər təhsildən başlayırıq...

Müshibimizlə liseyi gəzə-gəzə söhbətləşirik. Arif Gömleksiz söhbətə davam edir:

- Biz indi məktəbəqədər təhsilə diqqət veririk. Hazırda 2 uşaq bağçamız var ki, onlar da liseylərimizin tərkibində fəaliyyət göstərir. Bu uşaq bağçaları “Qara Qarayev” və “Gənclik”də yerləşir. İndi “Təhsil haqqında” qanuna görə, hər birinci sinifə gedən uşaq mütləq məktəbəqədər təhsil müsəssisəsindən keçməlidir. Biz uşaq bağçasından uşaqları qəbul edirirk, onlar məkəblərimizdə 11-ci sinfə qədər təhsil alırlar. “Araz” kursları vasitəsilə universitetə hazırlaşırlar və Qafqaz Universitetində ali təhsil alırlar. Buranı bitirdikdən sonra onlar istənilən dövlət orqanında, özəl şirkətlərdə çox rahat iş tapa bilirlər. Əgər bir valideyn öz övladına keyfiyyətli təhsil vermək istəyirsə, əminliklə deyə bilərəm ki, “Çağ” Öyrətimi seçə bilərlər. 5 yaşından uşağı qəbul edirik. Ona çox yüksək təhsil verir, həm də ailəsinə, dövlətinə, vətəninə layiqli övlad yetişdiririk. Bizim təhsil sistemində təhsildən əlavə tərbiyəyə də çox önəm verilir.
Biz 7-ci sinifdə şagirdləri imtahan vasitəsilə məktəbə qəbul edirik, 1 il bu şagirdlərə həftədə 18 saat olmaqla ingilis dili keçilir. Şagirdlər 1 il ərzində ingilis dilində sərbəst danışmağı, yazmağı, dərs ingilis dilində keçildikdə müəllimi dinləyib nəticə çıxarmağı bacarırlar. Bunu öyrəndikdən sonra artıq 8, 9, 10, 11-ci siniflərdə dəqiq fənləri ingilis dilində keçirlər. Bizim məktəblərdə dəqiq fənnlər –riyaziyyat, kimya, fizika, informatika ingilis dilində, digər humanitar fənnlər isə Azərbaycan dilində keçilir. Həftədə cəmi 2 saat Türk dili dərsi öyrədilir. Əgər şagird dərsi başa düşməsə, şənbə günü gəlib yenidən müəllimdən dərsi başa salmağı tələb edə bilər.

Ona görə də məzunlarımız ən yaksək ballarla universitetlərə daxil olurlar. Hətta onların bir qismi ali təhsili başa vurduqdan sonra yenidən buraya qayıdırlar. Təbii ki, bu zaman müəllim kimi... Deyə bilərəm ki, indi bizim belə 41müəllimimiz var. Onlar bizim 12 məktəb arasında bölünüb dərs keçirlər.

12 məktəbimizdə 4000 şagird təhsil alır...


A.Gömleksiz deyir ki, onlara məxsus 12 məktəbdə 4000 şagird təhsil alır:

- Amma ən savadlı şagirdlər bu məktəbə gətirilir. Ümumən savadlı uşaqları iki yerə bömək olar, birinci ümumi olaraq savadlı uşaqlar, ikinci isə istedadlı uşaqlar. Bu istedadlı uşaqlar ən çox dağ rayonlarından, inkansız ailərlərdən çıxır. Beynəlxalq olimpiadlarda ən yaxşı yer tutan şagırdlərimiz də elə yerlərdən olan şagirdlərimizdir. Bizim məktəblər pullu məktəblərdir, qiymətlər regionlar üzrə 7000 manatdan 2500 manat arasındadır. Hər il imtahan vasitəsilə 12 məktəbimizdə ilk 3 yeri tutan şagirdlər 11-ci sinifə qədər pulsuz oxuyurlar. Bu, hər il 36 şagird edir. Bundan başqa, əgər şagird dünya olimpiadalarında yer qazanırsa, onun da təhsili pulsuz olur. Respublika olimpiadalarında, idman yarışlarında qalib gələnlər, eləcə də şəhid ailəsinə, qaçqın övladlarına güzəştlərimiz var. Bizim qəbul imtahanlarımız hər il aprel ayının ikinci həftəsinin bazar günü olur. Ən azı Bakıdakı liseyimizə 10000 uşaq müraciət edir, ancaq bizdə 600 uşaq qəbul olunur. Bizim üçün əsas olan uşağın savadlı olmasıdır. İmkansız olub savadlı olan uşaqlarımız üçün də güzəştlərimiz var. Demək olar ki, dövlət xətti ilə xaricə təhsil almağa gedən tələbələrin çoxu bizim şagirdlərimizdir. Çünki onların xarici dil bilikləri, savadları, dünyagörüşləri genişdir. Onların olimpiada sertifikatları var. Tələbə Amerikada, Avropada təhsil almaq istəyirsə, universitetlər şagirdin balı ilə yox, sosial aktivliyi, olimpiada sertifikatları ilə də maraqlanır. Bizdə bu məsələlərə də diqqət verilir.

Müəllimlərimizlə şagirdlərin 7-8 il yaş fərqi var

“Çağ”ın məzunlarının ali məktəblərə qəbul prosesində yüksək göstərici nümayiş etdirmələri hər kəsə məlumdur. Müsahibimiz bizə bunun səbələrini danışır:

- Bizim müəllimlərimiz cavandırlar. Onların şagirdlərlə cəmi 7-8 yaş fərqi var. Bu da müəllimlə şagird arasında ünsiyyətin daha yaxşı qurulmasına kömək edir. Müəllimi işə qəbul edərkən müsabiqədən keçiririk. Bizim üçün müəllimin savadı ilə yanaşı, əxlaqı, tərbiyəsi çox önəmlidir. Məsələn, biz siqaret çəkən müəlimi işə götürmürük. Əgər siqaret çəkən müəllim şagirdə desə ki, siqaret çəkmək ziyandır, şagird üçün bunun təsiri olmayacaq, çünki şagird bilir ki, müəllimin özü də siqaret çəkir. Şagird müəllimi özü üçün ideal olaraq görür, onun savadını, tərbiyəsini, əxlaqını görür və onun kimi bir müəllim olmaq istəyir. Təmiz cəmiyyətin içindən pis adam çıxmır, pis cəmiyyətin içindən isə pis adam çıxar. Bu, bir məsəldir.

Liseylərinin beynəlxalq əlaqələrinə gəlincə, A.Gömleksiz deyir ki, onlarda xariclə şagird mübadiləsi yoxdur, ancaq müəllim mübadiləsi var:

- Əgər bir müəllim başqa bir ölkəyə getmək istəyirsə, özündə bir dəyişiklik etmək istəyirsə, biz onu başqa bir ölkəyə göndərə bilirik. Keçən il bizim məktəbdə direktor müavini işləyən bir müəllim indi müqaviləyə görə Somalidə direktor işləyir. Hətta bizim məktəbin məzunları var ki, digər öləklərdə məktəb direktoru işləyirlər. Bizim digər ölkələrdə açılan türk məktəblərimizlə demək olar ki, dərs sistemimiz eynidir. Dəqiq fənlər ingilis dilində, humanitar fənlər isə həmin dövlətin öz dilində tədris olunur.
Bizim məktəblər arasında tez-tez Türk dili yarışmaları olur. Məlumat üçün bildirim ki, 17 fevralda ana dili, 4 martda isə Türk dili yarışması olacaq. Ən yaxşı şagirdləri Türkiyəyə aparacağıq. Keçən il “Azərbacana sevgi” adlı yarışmada Azərbaycanla bağlı şeir və mahnılar oxundu. Bundan başqa, 2 saatlıq bir tədbirimiz də oldu. Bütün ölkələrdən gələn şagirdlər ancaq Azərbaycan dilində şeirlər dedi, mahnılar oxudu. Afrikadan gələn bir şagird “Ayrılıq” mahnısını oxudu və birinci yerə çıxdı. Bosniyadan gələn bir şagird isə “Sən gəlməz oldun” mahnısı ilə yer tutdu.

15-16 yaşlı şagirdlərimiz Avropanın 18-19 yaşlı şagirdləri ilə yarışırlar

 
Yeri gəlmişkən, onu da qeyd edək ki, biz liseydə olarkən buranın şagirdləri Qazaxıstan və Cənubi Afrikada keçirilən beynəlxalq olimpiadadan medalla qayıtmışdılar.
Arif Gömleksiz bizi onlarla da tanış etdi.

Hacı Piriyev Mingəçevir Özəl Türk Liseyindən gəlib, fizika fənnindən olimpiadada gümüş medal qazanıb.

Elmi Əhmədov Mingəçevir özəl türk liseyindən gəlib, kimya fənnindən olimpiadada yer tutub.

Cəlil Davudlu Lənkəran Özəl Türk Liseyindən seçilərək bu məktəbə gəlib və kimya fənnindən olimpiadada yer tutub.

Balaqardaş Bəşirov Şirvan Özəl Türk Liseyinin şagirdidir. O, kimya fənnindən olimpiadada yer tutub.

Şahin Mustafayev Bakı Özəl Türk Liseyinin şagirdidir. O isə riyaziyyat fənnindən olimpiadada yer tutub.

Bizimlə söhbətində Hacı Piriyev builki olimpiadanın keçən ilkinə nisbətən daha çətin olduğunu dedi: “Olimpiada iki hissədən ibarət oldu: nəzəri və eksperiment. Nəzəri yaxşı oldu, amma cihazlardan biraz əksikliyimiz oldu. Yayda keçiriləcək olimpiadada qızıl medal alacam. İndiki olimpiada Qazaxıstanda keçirildi. Ora çox gözəl ölkədir, biz oranı gəzdik. hər şey çox yaxşı təşkil olunmuşdu”.
Olimpiada qalibi deyir ki, əvvəllər bəzi dostları onun çox oxumağını istehza ilə qarşılayırmışlar: “Amma sonralar mənim nailiyyətərimi görəndə peşman oldular. Hətta bəziləri universitetə hazırlaşmağa qərar verdilər”.
 
Məktəbin müəllimi Fuad Qarayev isə bildirdi ki, şagirdlərin olimpiadada əsas çətinliyi ondan ibarətdir ki, orada elə suallar olur ki, ümumiyyətlə bizim təhsil proqramımızda o mövzular yoxdur: “Bu da şagirdlərə çətinlik yaradır. Lakin, keçən il göndərdiyimiz şagirdlər 2 qızıl, 2 gümüş, 1 burünclə qayıtmışdılar”.
 
Arif Gömleksiz də təsdiq etdi ki, həqiqətən də riyaziyyatdan bəzi mövzuları izah etmək üçün Moskvadan müəllim dəvət ediblər: “Bəzi şagirdləri kimyadan, fizikadan təcrübə keçmək üçün Türkiyəyə göndərmişik. Qafqaz Universitetində də laboratoriyalar açılıb, şagirdləri ora da göndərəcəyik”.

Elmi Əhmədov Cənubi Afrikadakı olimpiadada iştirak edib:
- Təşkilati məsələlər çox gözəl təşkil edilmişdi. Orada 41 ölkədən 360 şagird iştirak etdi. Biz də 1 gümüş, 2 bürünclə geri qayıtdıq”.

F.Qarayev isə əlavə etdi ki, Avropa məktəblərində təhsil 12-13 illikdir: “Bizim 15-16 yaşında olan şagirdlərimiz onların 18-19 yaşlı şagirdləri ilə yarışırlar. Bu da çətinlik yaradır”.

Arif Gömleksiz qeyd etdi ki, bizdə şagirdlər 11-ci sinifdə düşünürlər ki, olimpiadaya hazırlaşım, yoxsa universitetə:
“O da seçim qarşısında qalıb universiteti seçir. Uşaq cəmi 1 il olimpiadaya hazırlaşır. Amma xaici ölkələrdə belə deyil. Dövlət deyir, “sən olimpiadaya hazırlaş. Mən 100% səni imtahansız universitetə qəbul edəcəm”. Şagirdin dərs, imtahan, univesitet barəsində heç bir problemi olmur və olimpiadada əla yerlər qazanır. 
Şagirdlərin olimpiadlarda iştirakına SOCAR sponsorluq edir. Millət vəkili, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çox sağ olsun, biliyə, savada qiymət verir. Olimpiadalara gedənlərin bütün xərclərini onlar çəkir. Şagirdlər olimpiadalardan qayıtdıqdan sonra Rövnəq Abdullayev onlarla görüşür, söhbət edir, məsləhətlər verir, onları həvəsləndirir və hədiyyələr təqdim edir. Təhsil Nazirliyi şagirdlərin pasport, viza məsələsini tez bir vaxtda həll edir. Hansısa bir ölkədə çətinliyimiz olanda səfirliyimiz bizə çox kömək edir. Axı biz xaricdə məktəbi deyil, bütün Azərbaycanı təmsil edirik”.
 
"İlk növbədə öz imicimizi düşünürəm"


“Biz özəl müəssisəyik, mən istəyərəm ki, hər il daha çox uşaq bizim məktəbə daxil olsun. Əgər mənim şagirdlərimin universitetlərə qəbulu 100% olmasa, təhsilimin keyfiyyəti olmasa, gələn il bura uşaq gəlməyəcək. Bizim uşaqların hamısı demək olar ki, 600-dan yuxarı bal toplayır, hər biri ingilis dilini əla bilir. Əgər bunlar olmasa, bizim sayımız azalacaq. Mən ilk növbədə öz imicimizi düşünürəm. Biz ilk gündən imtahanla şagird qəbul edirik. Yüksək bal yığdın, gözümüz üstündə yerin var. Bizə dediyiniz şəkildə də müraciət edənlər çox olur. Amma indiyə kimi heç birini qəbul etməmişik. Bu məktəbdə keçid bal 55-dir. Şirvanda 50, Lənkəranda 45-dir. Sənin uşağın 45 bal yığıbsa, biz məsləhət görərik ki, Lənkəranda oxusun, Bakıda yox. Lənkəranda yataqxana şəraitimiz də var, hər şey yaxşıdır. İnsanlara alternativ təkliflər verə bilirik. Amma uşaq 5, 10 bal yığırsa, valideyin nə etsə də, biz onun uşağını götürə bilmərik. Bu, qeyri-münkündür. Belə məqamlar çox olub”.

Öz təcrübələrini Azərbaycandakı orta məktəblərlə bölüşməyə gəlincə, müsahibimiz dedi ki, Təhsil Nazirliyinin nəzdində olan orta məktəblərlə əməkdaşlıq edirlər, ortaq layihələrdə iştirak edirlər:
“Mənə zəng edən məktəb direktorları var. Təxminən 15 gün öncə təhsil naziri mənə dedi ki, orta məktəblərlə əməkdaşlıq edək, onlarla birgə işləyək. Mən 6, 180, 200 nömrəli məktəblərə, eləcə də liseylərə getmişəm. Bizim müəllimlər və direktorlar da orta məktəblərlər əməkdaşlıq edirlər. Nazirliyin çox marağı var ki, bizlə digər orta məktəblər arasında əlaqə qurulsun. Biz rayonlardakı müəllimlərə kompüter dərsləri keçirik. Bu nazirliyin bizlə bərabar olan layihəsidir”.

Kaş bütün orta məktəblərdə belə təhsil olaydı

A.Gömleksiz mütəxəssis olaraq Azərbaycanda orta məktəblərdəki təhsilin səviyyəsi ilə bağlı da fikirlərini açıqladı:
“Cavan kadr da azdır. Uşaqlarla işləmək üçün cavan müəllimlər lazımdır”.

Sonda müsahibimiz bizim üçün maraqlı bir faktı da açıqladı: “Bizim məktəblərdə təhsil alan şagirdlərə repititor lazım deyil. Ancaq bu məsələ burada sanki bir dəb halını alıb. Bəzi valideynlər uşaqlarını repititor yanına qoyurlar. Səbəbini soruşduqda deyirlər ki, hamı belə edir. Hesab edirəm ki, bu, yolverilməzdir”.

Müəllimli, şagirdli 700-ə yaxın insanın olduğu liseydən ayrılırıq. Bu rəqəmi Arif Gömleksizdən öyrənməsəydik, sanki burada 100 nəfərin belə olmadığını düşünərdik. İki saatdan artıq orada olduğumuz zaman kəsiyində heç bir səs-küy eşitmədik. Bunun səbəbini Arif bəydən soruşduqda “nə səs-küy, hər kəs öz işindədir” cavabını verdi. Üstəlik nəzərə alsaq ki, Bakı Özəl Türk Liseyində yalnız oğlanlar təhsil alır, yəqin hər kəs bunun nə demək olduğunu kəsdirə bilər.
Ürəyimdən “Kaş bütün orta məktəblərdə belə təhsil olaydı” arzusu keçir.



Sevinc İLTİFATQIZI
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!