Modern.az

Məmməd Əlizadə: “…Var-dövlətini qorumaq arzusu bu adamları kor və kar edib”

Məmməd Əlizadə: “…Var-dövlətini qorumaq arzusu bu adamları kor və kar edib”

6 Fevral 2012, 12:21

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə Modern.az saytına müsahibə verib.

- Məmməd müəllim, bugünlərdə mətbuatda getmiş müsahibəniz dərin maraq doğurub. Dünyada baş verən inqilablar dalğasını qlobal və regional prosseslər kimi şərh edərək bildirirsiniz ki, bütün bu inqilablar son nəticədə Yeni Osmançılığa, başqa sözlə İslam Xilafətinin bərpasına xidmət edən geosiyasi inqilabdır. Bəs, müsəlman olmayan ölkələrdə baş verən bənzər hadisələr barədə nə düşünürsünüz?

- Geosiyasi inqilablar zəncirvari, təbii ki, əski Osmanlı İmperatorluğunun əhatə etmiş olduğu ərazilərlə, yəni ilk növbədə ərəb ölkələri ilə, eləcə də bir vaxtlar Osmanlı dövlətinin tərkibində olmuş Yunanıstandakı dərin böhranla məhdudlaşmır. Bütövlükdə dünyadakı mövcud sistem dəyişiklik ərəfəsindədir. Belə deyək, Paris Burjua İnqilabından sonra bərqərar olan və günümüzədəki hazırki siyasi-iqtisadi münasibətlər sistemi formasında yetişən düzən öz məntiqi sonuna yaxınlaşır. Bu o deməkdir ki, əski düzən yerini yeni qlobal düzənə vermək ərəfəsindədir. Hazırda bütün dünyanı bürüyən iqtisadi böhran əslində əski düzənin, başqa sözlə, kapitalizmin böhranıdır. ABŞ və Avropa ölkələrini cənginə alan və genişlənməkdə davam edən “Uolt Striti işğal et!” hərəkatı həmin qlobal iqtisadi böhranın qlobal siyasətdəki təzahürüdür. Kapitalizmlə yanaşı neoimperializm də çökməkdədir. İstər Ərəb Dünyasında, istərsə də Qərb dünyasında baş verən inqilabi prosseslər dünyamızın hamilə olduğu, yeni, daha ədalətli düzənin müjdəçisidir.

- Marqlıdır, müsahibənizdə bildirmisiniz ki, inqilab dalğası Azərbaycandan da yan keçməyəcək…

- Elədir, belə bir fikiri səsləndirmişəm. Bunu deməyə kifayət qədər əsaslandırıcı faktlar və mülahizələr yürütmək mümkündür. Belə deyək ki, sosial ədalətin olmadığı heç bir ölkə inqilabdan sığortalanmayıb. Bu diktatura rejimlərinin, regionçuluğun, rüşvət və korrupsiyanın tüğyan etdiyi MDB ölkələrinə də aiddir. MDB məkanında baş verməsi labüd və zəruri olan mərhələni yalnız Gürcüstan və Qırğızıstan arxada qoya bilib. Digər ölkələrdə isə inqilablar qaçılmazdır. İstərdim gözlənilən hadisələr Qırğızıstandakı kimi qanlı deyil, Gürcüstandakı kimi qansız olsun.

- Sizcə, bizdə necə olacaq?

- Heç bir vicdanlı azərbaycanlı istəməz ki, olkəmizdə elə hadisələr baş versin. Allah bizi Liviya və Suriyadakına bənzər hadisələrdən qorusun! Amma mən daha pisindən qorxuram. Hər halda, MDB ölkələrinin liderləri Hüsnü Mübarək və Müəmmər Qəddafinin aqibətlərindən dərs çıxarsaydılar, daha yaxşı olardı. Amma heç kəs ibrət almaq istəmir. Məsələn, götürək Bəşər Əsədi. O da xalqını qırır. Amma xeyri yoxdur, o, nəinki atasının və özünün xalqdan oğurladığı milyardlarını xilas edə bilməyəcək, əksinə özünü də ailəsini də güdaza verəcək.

Ancaq İlham Əliyevin gördüyü işlər göz önündədir. Azərbaycanda bütün sahələrdə inkişaf var və bunu görməkdəyik. Bizi narahat edən Qarabağın həlli ilə bağlı məsələlərdir ki, hələlik heç bir irəliləyiş və yenilik görünmür. Bu isə olduqca ciddi və düşündürücü məsələdir. Qeyd etdiyin məsələnin həlli isə demokratik-vətəndaş cəmiyyəti quruculuğu ilə biləvasitə bağlıdır. Eks-prezidentlərin və ailə üzvlərinin toxunulmazlığı haqqında çıxarılan qanun göstərir ki, yuxarıdakılar nələrin baş verdiyinin fərqindədirlər. Bu qanun, təbii ki, Ayaz Mütəllibov üçün çıxarılmayıb.

- Adətən inqilablar zamanı qanunlar işləmir…

- Elədir. Onun üçün hadisələrin inqilab həddinə gəlib çatmasına yol verməmək lazımdır. Amma hərislik buna imkan vermirsə, deməli, düşünmək lazımdır. Götürək Putini. Bilə-bilə ki, xalq onu istəmir, zorla prezident olmaq istəyir. Nəticədə isə ölkəsini inqilab fəlakətinə sürükləyir. İnqilab isə Rusiyanın bir neçə yerə parçalanması ilə nəticələnəcək. Odur ki, MDB ölkələrinin dövlət başçıları üçün Tunisin sabiq prezidenti kimi müdrikcəsinə hərəkət etmək daha məsləhətlidir. Amma əldə etdikləri nüfuz və milyardları qorumaq arzusu onların hamısını kor və kar edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir