Modern.az

Dövlət Neft Şirkəti borca düşüb

Dövlət Neft Şirkəti borca düşüb

Təhsil

6 Fevral 2012, 17:42

Dövlət Neft Şirkətinin (ARDNŞ) avrobondları ilə bağlı  290 investor tərəfindən verilən sifarişlərin ümumi həcmi 4,6 mlrd. ABŞ dolları təşkil edib. Rəsmi məlumatlara görə, avrobondların buraxılışının ümumi məbləği 500 mln. dollar, illik gəlirliyi isə 5,45% səviyyəsində müəyyən olunub.  Avrobondların ödənilməsi müddəti isə 2017-ci ilə qədərdir.

Yeri gəlmişkən, avrobondlar ABŞ-nın Qiymətli Kağızlar haqqında Aktın «Regulation S» hissəsinə əsaslanaraq buraxılıb.«Citigroup», «Deutsche Bank» və «Royal Bank of Scotland» bankları avrobond emissiyası üzrə birgə əsas idarəçilər qismində, «Nomura» və «Societe Generale Corporate & Investment Banking» bankları isə birgə idarəçilər qismində çıxış edib.

Avrobondlar İngiltərə (46%), Avropa (38%), ABŞ-ın offşor (12%) və Asiya (4%) investorları arasında yerləşdirilib. Yerləşdirmə nəticəsində Avrobondların 63%-i fond idarəçiləri, 16%-i banklar, 11%-i sığorta şirkətləri və pensiya fondları, 10%-i isə hedc fondları tərəfindən alınıb.

Onu da qeyd edək ki, avrobondlara «Fitch» reytinq agentliyi tərəfindən «BBB-», «Moody’s» agentliyi tərəfindən isə «Ba1» reytinqi təyin edilib. ARDNŞ-in korporativ uzunmüddətli reytinqi «Fitch» tərəfindən «BBB-» (sabit proqnoz), «Standard & Poor’s» agentliyi tərəfindən «BB+» (sabit proqnoz) və «Moody’s» agentliyi tərəfindən «Ba1» (sabit proqnoz) kimi qiymətləndirilib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) ekspertlərinin fikrincə,  ARDNŞ-ın avrobondların yerləşdirilməsi yönündəki qərarı  şirkətin borclanması deməkdir: “Neft Şirkəti öz səhmlərini xarici bazara çıxararaq səhmləri satmaqla borclanmaya gedib. Əslində neftin dünya bazar qiymətinin  yüksək olduğu, neft satışından ciddi gəlirlərin əldə edildyi dövrdə şirkətin borclanmaya ehtiyacının olması sual doğurur. Bu gün ARDNŞ-ın borclanmadan daha çox  malik olduğu vəsaitlərin səmərəli yerləşdirilməsini təmin etməli  idi”.    

Ekspertlər bildirir ki, ARDNŞ  4,6 mlrd. ABŞ dollar həcmində borclanıb və bu kifayət qədər böyük məbləğdir: “Xatırladaq ki,  2011-ci il yanvarın 1-nə şirkətin  aktivləri 15 mlrd. 726,983 mln. manat olub. Aktivlərin strukturunda pul vəsaitləri 1 mlrd. 161 min manat (artım 29,3%), əsas vəsaitlər – 8 mlrd. 244,627 mln. manat (artım 3,7%), birgə müəssisələrə investisiyalar – 248,870 mln. manat (artım 2,4 dəfə), depozitlər – 399,011 mln. manat (azalma 2,2 dəfə) təşkil edib. 2010-cu ildə ARDNŞ-ın məcmu kapitalı  160,095 mln. manat (1,5% artıb) olub.  Bundan başqa, şirkətin nizamnamə kapitalı 632,732 mln. manata (artım 1,6%), bölüşdürülməmiş mənfəəti 6 mlrd. 691,653 mln. manata (azalma 1,3%) bərabər təşkil edib”.

2010-cu ildə şirkətin gəlirlərinin 5 mlrd. 527,265 mln. manat təşkil etdiyini vurğulayan mütəxəsisslər hesab edir ki, ARDNŞ indiki halda malik olduğu layihələrin icrası üçün vəsaitə malikdir: “ARDNŞ-ın öz səhmlərini yerləşdirməklə borclanmaya getməsi iqtisadi baxımdan əsaslandırılmayıb. Bundan əlavə Neft Şirkəti  öz borclarını 5,45% -lə yerləşdirib. Deməli, şirkət aldığı borc üzrə 5,45% borc ödəyəcək. Nəzərə alsaq ki, Dövlət Neft Fondu öz  vəsaitlərini Amerikada, eləcə də Avrozonada illik gəliri orta hesabla 1 faiz olan səhmlərin alınmasına yönəldir. Praktiki Azərbaycanda bir dövlət qurumu öz vəsaitlərini 1 faizlə borca verir, digər dövlət qurumu isə 5,45 faizlə borclanmaya gedir. Dövlət Neft Fondunun əsas yanaşması neft gəlirlərinin daha risksiz istiqamətlərdə saxlanmasıdır. Neft Şirkəti də səhmləri buraxmaqla risk dərəcəsinin azaldığını diqqətə çatıdır. Əslində Dövlət  Neft Fondu Neft Şirkətinin səhmlərini almaqla daha çox gəlir əldə edə , Neft Şirkəti isə fonddan borclanaraq daha aşağı faizlə borc götürə bilərdi”.

Ekspertlərin sözlərinə görə, ARDNŞ-ın borclanma, eləcə də ARDNF-ın səhmlərin yerləşdirilməsi yönündəki  siyasəti iki qurum arasında kordinasiyanın olmamasından xəbər verir: “Hər iki qurumun anlaşmalarından udan tərəf xarici investorardır.  Avrobondların yerləşdirilməsi qərarı Neft Şirkətinin  uzunmüddətli dövr üçün borclanması deməkir. Borc üzrə faizlərin müqayisəsi isə göstərir ki, ARDNŞ il ərzində kifayət qədər vəsait ödəyəcək”.

Mütəxəsisslər hesab edir ki, dövlət şirkəti olduğundan Azərbaycan dövləti ARDNŞ vasitəsilə borclanmaya gedib. Gələcəkdə şirkət öz öhədliklərini yerinə yetirə bilmədiyi halda  dövlət həmin vəsaitləri ödəmək məcburiyyətində qalacaq: “Dövlət xətti ilə alınan xarici kreditlərin də 5 faizi ARDNŞ –ın payına düşür. Kifayət qədər gəlirli qurum olmasına baxmayaraq zaman zaman Neft Şirkəti büdcədən də vəsait alıb. Belə ki, 2008-ci ildə ARDNŞ-in nizamnamə kapitalının artırılmasına büdcədən 600 milyon manat , 2009-cu ildə isə 400 milyon manat  yönəldilib.. Habelə 2009-cu ilin iyulunda Azərbaycan Mərkəzi Bankının resursları hesabına şirkətə 750 milyon manat məbləğində 7 il müddətinə 3 faizlə güzəştli kredit verilib. Nəticədə 2011-ci ilin  əvvəlinə şirkətin  uzunmüddətli borc öhdəlikləri  2 mlrd. 62,844 mln. manat , kreditor borcları 2 mlrd. 445,829 mln. manat olub. Yeri gəlmişkən kreditor borclar ötən ildə 17,1% artıb”.

İSİM ekspertləri bildirir ki, borclanmadan əldə edilən vəsaitlərin yerləşdiriləcəyi isitiqamətlər, o cümlədən  ilik gəlirlərin hansı səviyyədə olacağı  bəlli deyil: “Səhmlərin yerləşdirilməsi ilə bağlı qərardan əvvəl cəlb olunan vəsaitlərin yerləşdirilməsi strategiyası işlənməli,borclanma səbəbləri əsaslandırılmalı idi”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!