Modern.az

Oqtay Əsədov fransız senatorları xəbərdar edib: "Çox böyük bir hərc-mərclik yaranar"

Oqtay Əsədov fransız senatorları xəbərdar edib: "Çox böyük bir hərc-mərclik yaranar"

6 Fevral 2012, 21:26

Fevralın 6-da Milli Məclisin sədri Oqtay Əsədov Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Modern.az-ın məlumatına görə, görüşdə O.Əsədov bildirib ki, Fransa senatorlarından ibarət qrupun Azərbaycana budəfəki səfəri münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.
Spiker qeyd edib ki, ölkələr arasında əlaqələrin çox zəngin tarixi vardır. Hələ XVI-XVII əsrlərdə Azərbaycan Səfəvilər dövləti ilə Fransa arasında siyasi və iqtisadi münasibətlər formalaşıb. Bu münasibətlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam edib.
”Ölkəmiz XX əsrin sonunda öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir”.
Söhbətdə spiker qeyd edib ki, Fransa ilə əməkdaşlığın inkişafına Azərbaycanın dövlət başçısı İlham Əliyev böyük əhəmiyyət verir. Bu gün siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərimiz inkişaf etməkdədir. Azərbaycanla Fransa arasında ticarətin həcmi hər il artmaqdadır. Ötən ilin 11 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 4,4 milyard ABŞ dolları həcmində olub. Bu rəqəm bütövlükdə 2010-cu ilin ticarət dövriyyəsindən 2,2 dəfə çoxdur. Bu gün Azərbaycanda 40-dək fransız şirkəti fəaliyyət göstərir.

”Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmizin iştirakı ilə həyata keçirilən strateji layihələr Cənubi Qafqazın inkişafında mühüm əhəmiyyət kəsb edir.
Biz Fransa ilə parlamentlər səviyyəsində əlaqələrin genişləndirilməsinin tərəfdarıyıq. Belə hesab edirik ki, bu münasibətlər həyatın digər sahələrində əlaqələrin inkişafına da təkan verir. Hazırda  hər iki ölkə parlamentariləri nüfuzlu beynəlxalq parlament təşkilatlarında, Avropa İttifaqının müxtəlif proqramları çərçivəsində faydalı əməkdaşlıq edirlər”.

Görüşdə Milli Məclisin sədri təəssüflə qeyd edib ki, demokratiyanın beşiyi sayılan Fransada uydurma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qanun Azərbaycan ictimaiyyətində böyük narahatlıq yaradıb.

”Fransanın  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrlərindən biri olduğunu nəzərə alsaq, ölkə ictimaiyyətinin bu narahatçılığı başa düşüləndir. Biz ümid edirik ki, sizin kimi tərəqqipərvər insanların sayəsində bu qanunun qüvvəyə minməsi ilə bağlı son addım atılmayacaq. Fransa Konstitusiya Şurası insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş bu sənədin qüvvəyə minməsinə imkan verməyəcəkdir”.

Sonra parlamentin sədri deyib ki, tarixi tarixçilər araşdırmalıdırlar. Hansısa uzaq bir dönəmdə baş vermiş hadisəni siyasiləşdirərək onu bu gün parlamentdə müzakirə obyektinə çevirmək heç kimə baş ucalığı gətirməz. Bu halda çox böyük bir hərc-mərclik yaranar. Bu baxımdan, çox yaxın keçmişdə baş vermiş Xocalı soyqırımı kimi faciəyə, Azərbaycandakı 1 milyondan çox qaçqının düşdüyü vəziyyətə  göz yumaraq, hansısa uydurma bir məsələni şişirdərək müzakirə obyekti etmək başa düşülən deyil.
”Biz Fransa siyasətçilərini bu məsələdə daha həssas olmağa səsləyirik”.

Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım Natali Qule Azərbaycana  səfərdən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib.  Qeyd edilib ki, nümayəndə heyətinin üzvlərindən bir qismi ölkəmizə ilk dəfədir səfər edir. Azərbaycanda gedən quruculuq işlərini, buradakı demokratik dəyişiklikləri öz gözləri ilə görmək bölgə həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir. Qonaq Azərbaycan-Fransa münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edərək münasibətlərin dərinləşməsinə mane ola biləcək halların tezliklə aradan qalxacağına ümidvar olduğunu deyib.
Sonra görüş qarşılıqlı dialoq şəklində davam etdirilib.
Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov və digər rəsmi şəxslər iştirak ediblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir