Modern.az

Keçmiş nazirin ölümü ilə bağlı ölkə rəhbərliyinin nekroloqu yayılıb

Keçmiş nazirin ölümü ilə bağlı ölkə rəhbərliyinin nekroloqu yayılıb

Aktual

6 Fevral 2012, 23:17

Azərbaycanın keçmiş təhsil naziri Lidiya Rəsulovanın vəfatı ilə bağlı rəsmi nekroloq yayılıb. Nekroloqda deyilir:

- Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Lidiya Xudat qızı Rəsulova 2012-ci il fevralın 5-də ömrünün 71-ci ilində vəfat etmişdir.
Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1959–1965-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayan Lidiya Rəsulova 1962–1981-ci illərdə gənclər təşkilatlarında, partiya və sovet orqanlarında ayrı-ayrı vəzifələrdə çalışmışdır.
Lidiya Rəsulova 1981–1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, 1988–1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri olmuş, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunan Lidiya Rəsulova pedaqoji fəaliyyətini davam etdirərək ali təhsil müəssisələrində yüksək ixtisaslı kadrların yetişdirilməsi prosesində iştirak etmişdir.
Tutduğu bütün vəzifələrdə Lidiya Rəsulova həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, idarəçilik qabiliyyəti, işgüzarlığı və obyektivliyi sayəsində dərin hörmət qazanmışdır. Çalışdığı sahələrdə o, özünün yüksək peşəkarlığı və tələbkarlığı baxımından fərqlənərək həyatı boyunca hər bir işə dərin məsuliyyət hissilə yanaşmış, insanların sosial rifah halının yaxşılaşdırılması naminə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan həmkarlar təşkilatlarının işinin yaxşılaşdırılmasında, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, o cümlədən ölkəmizdə istirahət və müalicə ocaqları şəbəkəsinin genişləndirilməsində Lidiya Rəsulovanın özünəməxsus rolu vardır. Respublikada əlillərin reabilitasiyası mərkəzlərinin yaradılması onun bilavasitə təşəbbüskarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində mümkün olmuşdur.
Dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrdə təhsil kimi xüsusi əhəmiyyətə malik bir sahəyə rəhbərlik edərkən Lidiya Rəsulova ölkəmizdə təhsil sisteminin təkmilləşdirilməsinə və onun işinin yaranmış yeni ictimai-siyasi şəraitdə dövrün irəli sürdüyü tələblərə uyğun olaraq qurulmasına öz töhfəsini vermişdir.
Dövlətçilik prinsiplərinə daim sadiq qalan Lidiya Rəsulova pedaqoji fəaliyyətində də bu xüsusiyyətlərin gənc nəslə aşılanması istiqamətində öz bilik və bacarığını əsirgəməmişdir. O, Azərbaycanı ümumdünya qadınlar konfransında təmsil etmiş, gender problemlərinə dair çıxışları ilə mütəxəssislərin diqqətini bu sahədə aktual məsələlərin həllinə yönəltmişdir.
Respublikamızın sosial və siyasi həyatının aktiv iştirakçısı olan Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
Lidiya Rəsulovanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir çox orden və medallarla təltif edilmiş, dövlət quruculuğunda fəal iştirakına görə Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeninə layiq görülmüşdür.
Tanınmış ictimai xadim və səmimi insan Lidiya Xudat qızı Rəsulovanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Misir Mərdanov
Füzuli Ələkbərov
Hicran Hüseynova
Səttar Mehbalıyev
İbrahim Mehdiyev
Nəsib Məhəməliyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!