Modern.az

Azərbaycanlı deputatın təşəbbüsü ilə beynəlxalq konfransının sənədlərinə Xocalı faciəsi haqqında qətnamə salınıb

Azərbaycanlı deputatın təşəbbüsü ilə beynəlxalq konfransının sənədlərinə Xocalı faciəsi haqqında qətnamə salınıb

Təhsil

7 Fevral 2012, 11:33


Yanvarın 26-31-də İndoneziyanın Palembanq şəhərində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 14-cü sessiyası və 7-ci konfransı keçirilib. Tədbirdə ölkəmizi Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə millət vəkilləri Gövhər Baxşəliyeva (heyətin rəhbəri), Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə və Mirkazım Kazımov daxil idi.

Yanvarın 26-27-də İƏT Pİ-nın daimi ixtisaslaşmış komitələrinin iclasları keçirilib.

Qadın, sosial və mədəni məsələlər üzrə daimim ixtisaslaşmış komitənin iclasında islam dövlətlərində qadın hüquqları,  qadınların dəyişən dünyada, Şərq cəmiyyətində, siyasi həyatda rollarının artırılması, bunun üçün şərait yaradılması və s. məsələlər müzakirə olunub. Konfransda İƏT Pİ-dəki Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Gövhər Baxşəliyeva çıxış edib. G.Baxşəliyeva çıxışında bu konfransı yaxınlarda  Türkiyədə keçirilmiş «Dəyişən müsəlman cəmiyyətlərində qadınların rolu» konrfransının davamı kimi qiymətləndirdiyini qeyd edib: «Fərəhli haldır ki, qısa bir zamanda müsəlman qadın parlamentariləri bir araya gəlib qadınların dəyişən, qloballaşan dünyada rollarına dair ən vacib məsələləri müzakirə edirlər».

Gövhər Baxşəliyeva Azərbaycan qadınının indiki həyatı, onların inkişafı üçün ölkədə yaradılmış əlverişli şərait, qadınların idarəetmə orqanlarında kişilərlə bərabər təmsil olunmaları haqda verdiyi sərəncam və digər məsələlərə toxunub. Millət vəkili vurğulayıb ki, müsəlman qadınları daha fəal təcrübə mübadiləsi həyata keçirməlidir. İƏT-na daxil olan elə ölkələr var ki, qadın hüquqları baxımından daha öndə gedirlər, daha böyük təcrübəyə malikdirlər və bu təcrübələrini digər ölkələrin qadın parlamentariləri ilə bölüşməyə hazırdırlar.

Yekun olaraq, müsəlman qadın parlamentarilərinin Palembanq deklarasiyası qəbul edilib.

Siyasi və iqtisadi məsələlər üzrə daimi ixtisaslaşmış komitənin iclasında Fələstin, Suriya və Livanın işğal olunmuş digər əraziləri, Sudanın xarici hədələrdən müdafiəsi, Somalidə daxili təhlükəsizlik və xarici müdaxilə problemləri, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı və digər məsələlər müzakirə olunub.
İclasda Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Sabir Rüstəmxanlı çıxış edib. S.Rüstəmxanlı komitədə Fransa Senatının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qəbul etdiyi qərarın müzakirəyə çıxarılması barədə məsələ qaldırıb və bu məsələnin konfransın yekun sənədində əksini tapmasını təklif edib.

Yanvarın 28-29-da təşkilatın Şura iclası keçirilib. Şura iclasında konfransda qəbul olunacaq yekun sənədlər və təşkilati məsələlər müzakirə edilib.

Yanvarın 30-31-də İƏT Pİ-nın 7-ci konfransı keçirilib. Demokratiya, ədalət və inkişaf» şüarı altında keçirilən konfransda ilk olaraq büro üzvlərinin seçkisi keçirilib, konfransın gündəliyi və proqramı qəbul edilib və İƏT Pİ-nın baş katibinin hesabatı dinlənilib, İƏT Pİ-na üzv dövlətlərin parlamentlərinin nümayəndə heyətləri rəhbərləri çıxış ediblər. Tədbirdə bir sıra təşkilati məsələlərə baxılıb, daimi ixtisaslaşdırılmış komitələrin məruzəçiləri tərəfindən təqdim edilən hesablar və qətnamə layihələri dinlənilib.

Azərbaycan Milli Məclisinin İƏT Pİ-dakı nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva da konfransda çıxış edib. Çıxışında keçən dövrdə dünyada böyük dəyişikliklərin baş verdiyini vurğulayan G.Baxşəliyeva, özündə Avropa və Şərq mədəniyyətinin ənənələrini birləşdirən Azərbaycan Respublikasının da bəşəriyyətin və İslam dünyasının bir parçası kimi bu proseslərdən kənarda qalmayaraq demokratikləşmə və hüquqi dövlət yaradıcılığı yolunda inamlı addımlarını atmaqda olduğunu, ölkə Prezidenti İlham  Əliyevin rəhbərliyi ilə demokratiyanın inkişafı, əsas insan azadlıqlarının təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya istiqamətində mühüm islahatların həyata keçirildiyini vurğulayıb. Gövhər xanım bununla yanaşı, ölkəmizin demokratik inkişafı yolunda xalqımızın ən ağrılı problemi olan Ermənistanın Azərbaycana qarşı təcavüzünün böyük əngəllər törətdiyini qeyd edib və bu təcavüzün nəticələri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. 

Qarşıda 26 fevral tarixinin gəldiyini diqqətə çatdıran G.Baxşəliyeva məhz həmin gündə xalqımızın tarixində ən böyük faciələrdən birinin baş verdiyini vurğulayıb, bu faciənin ağır nəticələrindən, həmçinin erməni terrorçularının ölkəmizdə həyata keçirdikləri digər terror əməliyyatlarından danışıb: «Bununla əlaqədar mən bu yüksək tribunadan üzümü sizə tutaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həll edilməsi istiqamətində səylərinizi bundan sonra da əsirgəməməyə çağırıram və hazırkı sessiyanın yekun sənədlərinə Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamənin əlavə edilməsinin vacibliyini diqqətinizə çatdırıram».

Gövhər xanım konfrans iştirakçılarının diqqətinə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun  üzv dövlətlərdə «Xocalıya ədalət» kompaniyası çərçivəsində Xocalı faciəsinə həsr olunmuş anma günü keçirdiyini çatdırıb: «Son vaxtlar müsəlmanlara qarşı aparılan ideoloji mübarizə şəraitində bunun xüsusi əhəmiyyəti var. Bu səbəbdən İƏT GF tərəfindən təqdim olunmuş «İƏT GF və İƏT Pİ arasında əməkdaşlıq haqqında» sənəd layihəsi xüsusi əhəmiyyətə malikdir».

G.Baxşəliyeva bu layihə ilə bağlı müddəaların da konfransın yekun hesabatına əlavə edilməsini xahiş edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri eyni zamanda Fransa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qərarına da münasibətini bildirib: “Fransa Senatının təqribən yüz il bundan öncə baş vermiş hadisələr haqqında son qərarını qınayırıq və hesab edirik ki, bu qərar fundamental insan hüquqlarını,  o cümlədən söz azadlığını kobud sürətdə pozur».

Çıxışdan sonra Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək İƏT-Pİ-nda Azərbaycan nümayəndə heyətinin rəhbəri G.Baxşəliyevaya yaxınlaşaraq, tutduğu mövqeyə və Türkiyəyə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Konfransın yekununda iki deklarasiya və qətnamələr qəbul edilib.

«Demokratiya, ədalət və inkişaf» adlanan birinci deklarasiyada qeyd edilir ki, müsəlman aləmi böyük dəyişikliklər yaşayır və daha böyük dəyişikliklər ərəfəsindədir. Müsəlman xalqlarının qloballaşan dünyada öz layiqli yerlərini tutmaq, demokratiyaya, sülhə, ədalətə, əmin-amanlığa qovuşmaq üçün müsəlman parlamentləri əllərindən gələni etməlidir, müsəlman cəmiyyətlərin inkişafı üçün qanunvericilik səviyyəsində bütün mümkün addımlar atılmalıdır.

İkinci deklarasiyada Palembanqda müzakirə olunan məsələlərlə bağlı yekun müddəalar əks olunub. Deklarasiyanın 11-ci bəndi Ermənistanın Azərbaycana qarşı təcavüzünə həsr olunub. Burada deyilir:

«1. İƏT Pİ-dəki nümayəndə heyətlərinin rəhbər və üzvləri BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin ciddi şəkildə yerinə yetirilməsini, erməni silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazilərindən tam, qeyri-şərtsiz və dərhal çıxarılmasını tələb edir, Ermənistanı Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır;

2. İslamın arxeoloji və mədəni irsinə vurulmuş və böyük zərərlə nəticələnən məscidlərin və digər müqəddəs islam məbədlərinin Azərbaycan ərazilərində vəhşicəsinə dağıdılmasına yönəlmiş təcavüzü ittiham edir; 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş dəhşətli soyqırımını ittiham edir və cinayətkarların cəzalandırılmasına çağırır;

3. Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi naminə göstərdiyi cəhdləri bütövlükdə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu təsdiq edir və bütün dövlətləri ağır həyat şəraiti ilə üzləşən Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün onlara humanitar yardım göstərməyə çağırır».

Deklarasiyanın 12-ci bəndində Fransa parlamentinin qondarma erməni soyqırımı barədə qəbul etdiyi qərar pislənir.

Konfransın yekun hesabatında İƏT GF və İƏT Pİ-nın əməkdaşlığı çərçivəsində  İƏT GF-nun təşəbbüsü ilə üzv ölkələrin parlamentləri Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğını soyqırımı aktı kimi tanımağa çağırılır və onu törədənləri məsuliyyətə cəlb etməyi tələb edir.
Konfransda Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair qəbul olunan qətnamədə isə bu təcavüzdən və 20 faiz torpağın işğalından, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün durumundan narahatlıq ifadə edilir, Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir, işğal olunmuş ərazilərdə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş əməllər insanlıq əleyhinə cinayət kimi qiymətləndirilir, İƏT-na üzv dövlətlərdən öz milli və hüquqi qurumlarından Dağlın Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində iqtisadi, turistik və digər fəaliyyətlərə cəlb olunmaması xahiş edilir, mövcud münaqişənin dövlətlərin ərazi toxunulmazlığı çərçivəsində həllinə çağırılır, erməni millətindən olan əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin qarşısının alınmasına çağırılır, Ermənistan və ATƏT-in Minsk Qrupunun bütün üzv dövlətləri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in müvafiq qərar və sənədləri əsasında ATƏT-in yürütdüyü sülh proseslərinə konstruktiv şəkildə qatılmağa dəvət olunur, Azərbaycanla həmrəylik və Azərbaycan hökumətinin və xalqının ölkəni müdafiə etmək məqsədi ilə həyata keçirdiyi səylərin dəstəkləndiyi bildirilir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!