Modern.az

Səbail rayon İcra Hakimiyyəti “Avroviziya”ya hazırlıq açıqlaması verdi

Səbail rayon İcra Hakimiyyəti  “Avroviziya”ya hazırlıq açıqlaması verdi

7 Fevral 2012, 12:30


Azərbaycan nümayəndələri, Səbail rayonunun orta məktəblərinin məzunları olan Nigar Camal və Eldar Qasımov cütlüyünün “Avroviziya”da qalib gəlməsi Azərbaycanın paytaxtına sayca 57-ci beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi hüququnu qazandırıb. Ona görə də bu ilin mayında baş tutacaq  mahnı  müsabiqəsinin keçiriləcəyi məkan olan Səbail rayonunda və ətraf ərazilərdə geniş miqyaslı işlər həyata keçirilir.
Səbail rayon İcra Hakimiyyətindən Modern.az saytına verilən məlumata görə, Dövlət Bayrağı Meydanı yaxınlığında Almaniya şirkətləri tərəfindən   23 min tamaşaçı yerlik «Baku Cristal Hall»ın tikintisi çox böyük sürətlə aparılır.  Aparılan işləri diqqət mərkəzində saxlayan ölkə başçısı İlham Əliyev və müsabiqənin təşkilat komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva yanvar ayının 12-də tikinti ərazisində olaraq burada aparılan işlərin gedişatı ilə tanış olublar.

Hazırda həmin   ərazidən keçən Bakı-Ələt avtomobil yolunun tikintisi, burada yeni infrastrukturun yaradılması, Bakı Bulvarının Bayraq Meydanına kimi uzadılması işləri aparılır. 

Müsabiqə ərəfəsində Bakıda   yeni mehmanxanaların tikintisi də davam etdirilir. 2011-ci ildə rayon ərazisində istifadəyə verilmiş «Hilton-Baku» mehmanxanası ilə yanaşı, hazırda Azneft Meydanında yeni «Four Seasons» və Neftçilər prospektində «Marriot» (Abşeron) mehmanxanalarının, Mehdi Hüseyn küçəsində «Flame Tower»  (Alov qüllələri)  kompleksinin tikintisi başa çatmaq üzrədir.

«Şəhidlər Xiyabanı» Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri aparılır, burada Həzi Aslanovun abidəsi yenidən qurulur, Parlament prospektində yeni yeraltı keçid inşa edilir, şəhərimizin simvollarından biri olan Bakı Funikulyorunun tam şəkildə yenidən qurulması, Səbail rayonunun rəmzi olan «Qız qalası»nda bərpa və konservasiya işləri aparılır.

Milli Parkda-bulvarda genişmiqyaslı yenidənqurma işləri və bulvarın genişləndirilməsi, burada Xalça muzeyinin tikintisi və «Kiçik Venesiya» şəhərciyinin salınması, mərkəzdə binaların üzlənməsi və fasadların təmiri aparılır.

“Keçən il Səbail rayonunda  «Bakıelektrikşəbəkə» ASC-nin «Badamdar», «Dağüstüpark», «İçərişəhər» yarımstansiyalarının, Bayılda Qafur Məmədov adına parkın, 6 saylı tam orta məktəbin, Fikrət Əmirovun abidəsinin və parkın, Azərbaycan Dövlət Mahnı Teatrının binasının, Neftçilər prospektində 6 ədəd yeni piyada keçidlərinin, Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasının açılış mərasimləri keçirilmiş, İçəri şəhərdə «Arxeoloci park» adlı istirahət güşəsinin və  dahi rəssam Əzim Əzimzadənin büstünün açılışı keçirilmişdir. Hazırda Dövlət Musiqili Komediya Teatrının, «Səadət sarayı»nın və Dövlət Filarmoniyasının binalarında  əsaslı təmiri  aparılır,  Xalq şairi Səməd Vurğunun ev-muzeyinin də əsaslı təmirinə başlanmışdır”-deyə Səbail rayon İcra Hakimiyyətindən bildirilib.

Badamdar qəsəbəsində MTN-nin yeni Hospitalının, Bakı Oksford məktəbi üçün yeni tədris korpusunun, Zərifə Əliyeva küçəsində «İş Adamları Mərkəzi»nin, Neftçilər prospektində yeni yeraltı keçidin,  yeni «İçərişəhər», «Yeni Bayıl» və «Bayraq Meydanı»  yarımstansiyalarının,  İncəsənət Muzeyi üçün əlavə korpusun, «Azadlıq» Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qarajların, 20-ci yaşayış sahəsində «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin Bibiheybət stadionunun əsaslı təmir-yenidənqurması və burada yeni müasir stadionun, Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın   tikintisi  işləri aparılır.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir