Modern.az

Oqtay Əsədov türkiyəli generalla prinsipial məsələlərdən danışıb

Oqtay Əsədov türkiyəli generalla prinsipial məsələlərdən danışıb

Aktual

8 Fevral 2012, 15:52

Fevralın 8-də Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az saytının məlumatına görə, Milli Məclisin sədri qonağı səmimi salamlayaraq Türkiyə rəsmilərinin yüksək vəzifədə xarici ölkələrə ilk səfərlərini məhz Azərbaycana etmələrini yüksək dəyərləndirib. Spiker qeyd edib ki, bu, qardaş Türkiyənin Azərbaycana verdiyi böyük dəyərdən irəli gəlir. Spiker müstəqillik dövründə Azərbaycanın hər zaman Türkiyənin dəstəyini hiss etdiyini, Azərbaycanın yanında olduğunu vurğulayıb.
Bildirib ki, Azərbaycan xalqı bu münasibəti yüksək qiymətləndirir, öz növbəsində  Türkiyəni narahat edən bütün məsələlərdə onun yanındadır. Azərbaycan-Türkiyə münasibətləri sarsılmazdır!

“Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni,  humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. Ölkələrimiz arasında imzalanmış 170-dən artıq sənəd münasibətlərimizin möhkəm hüquqi bazasını yaratmışdır. Onların arasında Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sənəd əlaqələrimizin strateji xarakter daşımasının əyani sübutudur”. 

Milli Məclisin sədri vurğulayıb ki, prinsipial məsələlərdə hər iki ölkə eyni mövqedən çıxış edir. Belə ki, Fransa Senatında uydurma “erməni soyqırımı” ilə bağlı məsələnin müzakirəsi ərəfəsində Milli Məclis fransalı senatorlara müraciət ünvanlayıb. Fransa senatorlarından ibarət nümayəndə heyətinin bu günlərdə ölkəmizə səfəri zamanı onlarla aparılan danışıqlarda bizdə belə bir inam yaranıb ki, bu ölkənin  Konstitusiya Şurası uydurma “erməni soyqırımı” ilə bağlı məsələdə obyektiv, ədalətli qərar qəbul edəcək. Çünki bu sənədin qəbulu heç bir hüquqi məntiqə sığmır və demokratiyanın beşiyi sayılan Fransanın imicinə böyük zərbədir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Nejdət Özəl Türkiyə Silahlı Qüvvələrini Baş Qərargah rəisi kimi ilk səfərini Azərbaycana etməsindən qürur duyduğunu söyləyib. O, səfər çərçivəsində keçirilən görüşlərdən və aparılan danışıqlardan məmnun qaldığını, iki ölkə dostluğunun sarsılmazlığının bir daha şahidi olduğunu deyib.
 
Qonaq Türk Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” ifadəsini xatırlayaraq, ölkəsinin hər bir məsələdə bundan sonra da Azərbaycana dəstək verəcəyini vurğulayıb.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyənin  ölkəmizdəki səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!