Modern.az

Siyavuş Novruzov ziyalıları aşağıladı - MÜSAHİBƏ

Siyavuş Novruzov ziyalıları aşağıladı - MÜSAHİBƏ

9 Fevral 2012, 14:10

“Bəziləri ziyalı adını alver predmetinə çevirməyə çalışır”

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiyanın internet saytına müsahibəsində Ziyalılar Forumunun üzvləri və Müsavat Partiyasında qurultay qabağı baş verən proseslərlə bağlı müsahibə verib. Modern.az saytı müsahibənin maraq doğuracağını nəzərə alaraq oxucularına təqdim edir.

- Siyavuş müəllim, son zamanlar ziyalı adı ilə manipulyasiya etməyə çalışan bəzi insanlar cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edirlər. Sizin onlara ünvanlanan fikirləriniz isə həmin insanların əsl simasının açılmasına səbəb olub...

- Bəli, təəssüf ki, bəzi insanlar var ki, ziyalı adını alver predmetinə çevirməyə çalışırlar. Hesab edirəm ki, bu gün ziyalı adını, ziyalı sözünü istismar etmək olmaz. Ziyalılıq anlayışı kiminsə elmi dərəcə alması ilə, hansısa sahənin alimliyi ilə ölçülmür. Vaxtilə dövrünün ziyalı insanları olub ki, onlar heç ali savada malik olmayıblar. Amma həmin insanlar öz tövsiyyələri və nəsihətləri ilə xalqa düz yol göstəriblər. Məsələn, Dədə Qorqud hansısa akademiyanı bitirmişdimi, yoxsa Nobel mükafatı laureatı idimi? Və ya Aşıq Ələsgər, Aşıq Şəmşir kimi insanlar vardı ki, böyük bir ərazinin idarə olunmasında, insanların bir-biriləri ilə münasibətlərinin, problemlərinin həllində öz tövsiyyələrini verirdilər. Onlar öz dövrlərinin ziyalıları idi. Ziyalı anlayışı hər hansı bir sahədə alim olmaq demək deyil. Bu baxımdan da, kimsə, öz elmi dərəcəsini ziyalılıq kimi təqdim edirsə, səhvə yol verir. O ki, qaldı mənim fikirlərimin həmin insanlar tərəfindən fərqli istiqamətlərə yozulmasına, onlar, hətta, bu fikirləri təhrif edirlər. Mən deməmişəm ki, Rafiq Əliyev Əbdürrəhman Vəzirovla işlədiyi üçün ziyalı hesab oluna bilməz. Mən demişəm ki, ziyalı olan şəxs Əbdürrəhman Vəzirovla bir yerdə çalışmaz və onun ideoloji katibi olmaz. Əgər Rafiq Əliyev həqiqətən də ziyalı idisə, nə üçün Əbdürrəhman Vəzirovun Azərbaycanın milli azadlıq hərəkatının dağıdılması, fövqəladə vəziyyətin, komendant saatının yaradılması istiqamətindəki fəaliyyətinə mane olmurdu, niyə öz təklifləri ilə bunun qarşısını almağa çalışmırdı? Axı bu milli azadlıq hərəkatı Azərbaycanın müstəqilliyi və Dağlıq Qarabağda baş verən hadisələrin qarşısının alınmasına yönəlmişdi. Digər bir tərəfdən, o zamanlar Vəzirov Qərbi Azərbaycandan çıxarılan azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməsinin qarşısını kəskin şəkildə alanda, nə üçün Rafiq Əliyev buna etiraz etmirdi? Ziyalı olan şəxs məsələ qaldırmalı idi ki, biz Dağlıq Qarabağda azərbaycanlıların sayını artırmalıyıq. Qərbi Azərbaycandan gələn 200 min azərbaycanlı həmin vaxt orada yerləşdirilsəydi, bəlkə də, bu gün Dağlıq Qarabağ problemi olmaya bilərdi. Hətta, bu məsələnin üstündə Vəzirov Şuşanın keçmiş icra başçısını tutduğu vəzifədən azad etmişdi. Həmin vaxt Vəzirovun ideoloji məsləhətçisi olan və bu gün vətəndaş həmrəyliyindən, vətənpərvərlikdən, ziyalılıqdan danışan Rafiq Əliyev niyə onda bu məsələlərə etiraz etmirdi. Bundan başqa, Eldar Namazov deyir ki, Siyavuş Novruzov məntiqi var. Bəli, bu gün Siyavuş Novruzov məntiqi var. Çünki mən öz adımdan danışıram, başqalarının adından danışmıram. Azacıq savadı, qabiliyyəti, bacarığı olan insan öz adından danışar, başqaların adını istismar etməz. Amma ziyalı adı ilə manipulyasiya etməyə çalışanlar deyəsən, cəmi iki məntiq tanıyır - Aristotel və Lütfi Zadə məntiqi. Dünyada Kant, Feyerbax, Kanfutsi məntiqi var və insanlar bu məntiqlərdən də istifadə edirlər. Lütfi Zadə dəfələrlə elan edib ki, onun adından istifadə etməsinlər. Amma bunlar tutuquşu kimi bir şeyi tutub buraxmırlar. Lütfi Zadə Rafiq Əliyev haqqında deyib ki, o yaxşı alimdir. Lütfi Zadə böyük alimdir, hər bir azərbaycanlı onunla fəxr edir. Onun adından sui-istifadə etmək olmaz. Eldar Namazovun öz adı varsa, öz adından və öz məntiqindən istifadə etsin, onun-bunun məntiqindən və adından istifadə etməsin. Axı Azərbaycan cəmiyyəti bilir ki, Eldar Namazovun nə məntiqi, nə də məntiqlə bağlı hər hansı bir prinsipial mövqeyi var. Hər 6 aydan bir mövqeyini dəyişən insan hər hansı bir məntiqə əsaslana bilməz.

Bəziləri var ki, adını vəkil qoyub, amma vəkillik tamam başqa bir institutdur. Məsələn, mən 12 ildir ki, millətimin vəkiliyəm və bununla da fəxr edirəm. Vəkillik peşəsi çox gözəl bir peşədir. Amma ayrı-ayrı idarə və müəssisələrdə işləyib, rüşvət üstündə, oğurluq üstündə qovulub sonradan vəkillik peşəsini seçmək, dəllalıqdır. Aslan İsmayılov bu gün vəkilliklə yox, dəllallıqla məşğuldur.

İkincisi, Aslan İsmayılov özünün sicilləmə şəcərəsini təqdim edib ki, istənilən universitetdə oxuyan III-IV kurs tələbələrinin o cür diplomları yüzlərlədir. Haradasa kompüter kursunu bitirib, haradasa mühazirəyə qulaq asıb, çıxış etmək diplom almaqdırmı? Mən belə şeyləri tərəzinin gözünə qoysam, Aslan İsmayılovdan iki dəfə ağır gələr və çox olar. Çünki onun dediyi yolları mən 1995-ci ildə keçmişəm. Aslan İsmayılov mənim keçdiyim yolların heç 10 faizini keçməyib. Təkcə parlament jurnalistləri tərəfindən hər il təsis olunan ən fəal deputatlar sırasında qalib oluram, seçicilərin hüquqlarının müdafiəsi ilə məşğul olan ən fəal deputatlardan sayılıram. Mən 20 ildir eyni əqidəyə malikəm, eyni yoldayam. Aslan İsmayılovun isə sürtülmüş sifəti hər 6 aydan bir fərqli istiqamətlərə baxır. Aslan İsmayılov bir dəfə göstərsin ki, məhkəmədə kasıb bir adamın hüququnu müdafiə edib. Harada imkanlı adam varsa, Aslan İsmayılov onun vəkili olur. Çünki o, yala qulluq edir. Aslan İsmayılov istəyirsə, mən Azercell-dən onun mənə ayda neçə dəfə zəng edib hansısa KİV orqanında iqtidarı təriflədiyi ilə bağlı sözlərini mətbuata təqdim edim. Aslan İsmayılov mənim qapımı açıb-örtməyi belə özünə şərəf bilir. Ömründə bir dənə kitab yazıb ki, o da müəyyən cinayət işlərinin materiallarının ümumiləşdirilmiş dərcidir. Hətta, kitabının təqdimat mərasimində iştirak və çıxış etməyim üçün mənə dəfələrlə zənglər vurur, dəridən-qabıqdan çıxırdı. Harada da oturub-durur deyir ki, mən kitab yazmışam. Nə yazmısan? Hansısa istintaq materiallarının dərci kitab yazmaq deməkdirmi? Bununla da ermənilərə mesaj verir ki, Sumqayıt hadisələrini parlament müzakirəsinə çıxarsınlar. O, dəlinin yadına daş salır, ermənilərə yol göstərir. Hüquq elmində məhkəmə nitqi adlı bir tədris var. Burada məhkəmə nitqinin qaydaları öyrədilir. Aslan İsmayılovun danışığına qulaq asan istənilən bir adam görür ki, onun başında papağı, əlində sazı çatmır. Sovet hakimiyyəti illərində belə bir praktika mövcud idi ki, təyinat müəyyən olunanda attestasiya keçirirdilər, hər bir kəsin danışığına qulaq asırdılar. Aslan İsmayılovun danışığına qulaq asdıqları təqdirdə onu ən yaxşı halda hansısa bir əmək təşkilatına hüquqşünas göndərərdilər. O deyir ki, Dağıstanın hansısa bir aulunda məhkəmə sədri olub. Qərbi Azərbaycan tərəflərdə bir aşıq vardı, adına "cəhənnəm Aydın" deyirdilər. Soruşanda ki, sənə niyə "cəhənnəm Aydın" deyirlər, cavab verərdi ki, "kimsə toy edəndə, əgər aşıqların hamısının toyu varsa, toy sahibi deyir ki, "cəhənnəm, Aydını çağıraq". Yəqin ki, həmin əraziyə də məhkəmə sədri tapmayıblar və deyiblər ki, "cəhənnəm, Aslan İsmayılov gedib orada məhkəmə sədri işləsin". Yəni, bu cür insanların bu gün Azərbaycan cəmiyyəti, ziyalıları haqqında danışması məntiqsizlikdir.

- Siyavuş müəllim, maraqlıdır ki, həmin insanlar öz müraciətlərini heç bir zaman orta nəslə ünvanlamırlar. Bunun səbəbi nədir? Bəlkə orta yaşlı nəsil onların kimliyini bilir deyə, onlar əməllərinin ifşasından çəkinirlər?

- Bəli, orta nəslin nümayəndələri bunları yaxşı tanıyır. Məsələn, mən Rafiq Əliyevin, Eldar Namazovun, istərsə də Aslan İsmayılovun fəaliyyəti haqqında qeyd etdim. Aslan İsmayılov hansısa birlikdə ən uzağı bir ay oturur. Məsələn, indi adını "ziyalı forumu" qoyduqları yerdə də o cəmisi bir ay oturdu. Bu insanlar cəmiyyətdə özünə yer tapa bilməyən insanlardır. Orta nəsil bunların əməllərini, törətdiklərini çox gözəl bilirlər. Bu səbəbdən onlar məcburdurlar ki, gənc nəslə müraciət etsinlər. Dəqiqədə bir qəzetlərində Rafiq Əliyevlə Lütfi Zadənin şəklini yan-yana verirlər. Bir daha vurğulayıram ki, Lütfi Zadə böyük insandır, bütün dünya, o cümlədən, Azərbaycan dövləti ona ən böyük qiyməti verib, hər birimiz onunla fəxr edirik. Lütfi Zadənin doğma xalası qızı var ki, Azərbaycanda yaşayır, bir dəfə onun adını çəkməyib, bir yerdə şəklini verməyib. Bu insanlar bilirlər ki, cəmiyyətdə heç bir hörmətə, çəkiyə malik deyillər və ona görə də Lütfi Zadənin adından, hörmətindən istifadə edib gənc nəsli aldatmaq istəyirlər. Lütfi Zadə açıq şəkildə bildirdi ki, onun adından manipulyasiya etməsinlər. Bu cür insanlar cəmiyyətdə mövqeyi olmayan və özünə yer tapa bilməyən insanlardır. İnsanın bir mövqeyi olmalıdır, bir məntiqə əsaslanmalı və bir yola xidmət etməlidir. Vaxtilə Azərbaycan ağır problemlərlə qarşı-qarşıya olanda bu insanların hər biri qaçıb gizlənmişdilər. Bu gün Azərbaycan öz problemlərinin böyük hissəsini həll edib, böyük inkişaf yolu keçib, iqtisadi inkişafa, ictimai-siyasi sabitliyə nail olub. Dağlıq Qarabağ prroblemindən başqa bütün problemlər demək olar ki, tam şəkildə öz həllini tapmaqdadır. İndi bunların yadlarına düşür ki, onlar ziyalıdırlar. Bir faktı səsləndirim ki, Sovet imperiyası vaxtilə Gürcüstanda da Azərbaycandakı kimi 20 Yanvar faciəsinə bənzər qətliam törətmişdi. Bu qətliamın miqyası Azərbaycandakı qətliamdan kiçik idi. Həmin vaxt Gürcüstanın Mərkəzi Komitəsinin bütün katibləri istefa verdi. Azərbaycanda isə bu qətliamın miqyası nə qədər böyük idi. Amma həmin vaxt Rafiq Əliyev MK-nın ideoloji katibi idi və bu adam vətənpərvər ziyalı idisə, xalqının dərdi onu maraqlandırırdısa, nə üçün istefa ərizəsi yazmadı? O vaxta qədər gözlədi ki, Ayaz Mütəllibov gəlib onu tutduğu vəzifədən azad etdi. Bunları yaşlı, ortayaşlı nəsil bilir. Azadlıq meydanında Qarabağ uğrunda mitinq edən insanlar döyüləndə, tanklar, rus əsgərləri paytaxta yeridiləndə Vəzirovun məsləhətçisi olan Rafiq Əliyev niyə etiraz etmirdi, onu bu işlərdən çəkindirmirdi? Xalq Qarabağ, azadlıq uğrunda mübarizə aparanda niyə bu insanların yadına xalq, millət, Qarabağ, gənc nəsil düşmürdü? Bütün bunlar göstərir ki, onların əməlləri də, fikirləri də özləri kimi qeyri-səmimidir.

- İstərdik Müsavat Partiyasında baş verən proseslərlə bağlı fikirlərinizi də öyrənək. İsa Qəmbərin başqanlıq seçimi məsələsindəki mövqeyini necə dəyərləndirirsiniz?

- Son zamanlar Müsavat Partiyasının sədri İsa Qəmbər başqanlıq seçimləri ilə bağlı manipulyasiyalar edir. Aydın məsələdir ki, bu praktikanı İsa Qəmbər hələ Xalq Cəbhəsi dövründən həyata keçirirdi. O zamanlar da Xalq Cəbhəsinin daxilində intriqalar yaratmışdı, oranı parçalayıb müxtəlif insanları üz-üzə qoymuşdu. Bunun nəticəsində isə Zərdüşt Əlizadə, Etibar Məmmədov və bu kimi bir qrup insanlar Xalq Cəbhəsindən ayrıldı. Bu formada o, Xalq Cəbhəsinin tərkibində özünün partiyasını yaratmağa nail oldu. O zaman Şimali Azərbaycan Demokratik Partiyasını yaradan və Ali Sovetin sədri işləyən İsa Qəmbər sonradan öz vəzifə səlahiyyətlərindən istifadə edərək Mənsur Əliyevin yaratdığı Müsavat Partiyasını ələ keçirdi. Bu gün də Müsavatda analoji prosesi həyata keçirilir. Diqqət yetirəndə görürük ki, vaxtilə Müsavat sədrliyinə layiq ola biləcək insanların hamısı oradan uzaqlaşdırılıb. Məsələn, Sülhəddin Əkbər, İbrahim İbrahimli onun-bunun əliylə, təhqirə məruz qoyularaq oradan uzaqlaşdırıldı, Vurğun Əyyub birinci müavin ola-ola proseslərdən və partiyadan kənarlaşdırıldı. Bu gün Arif Hacıyevin həbsxanadan çıxmamasını ən çox arzulayan elə İsa Qəmbərdir. Çünki bircə o sədrliyə namizədliyini irəli sürə bilər, yerdə qalanların hər biri ən yaxşı halda 20-30 səs qazanmaq gücünə malikdir. O insanlar Müsavata sədrlik etmək qabiliyyətində deyillər. Bu baxımdan İsa Qəmbər başqanlıqda qalmaq üçün ikiəlli şəkildə yapışıb bu cür oyunlardan çıxır. Onun planı 2013-cü ilə qədərdir. Ona görə yox ki, prezidentliyə namizədliyini irəli sürmək istəyir, ona görə ki, ayrı-ayrı beynəlxalq təşkilatlardan yenidən maliyyə dəstəyi almaq fikrindədir. Bununla isə o sadəcə, öz maliyyə vəziyyətini düzəltməyə çalışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı