Modern.az

Marneulidə azərbaycanlı tələbələrə faizsiz təhsil kreditləri verilib - FOTO

Marneulidə azərbaycanlı tələbələrə faizsiz təhsil kreditləri verilib - FOTO

9 Fevral 2012, 14:28

Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində İslam İnkişaf Bankı (İİB) Gürcüstandakı gürcü ali məktəblərində təhsil alan 6 nəfər azərbaycanlı tələbəyə yardım edib. Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) keçirilən görüşdə AMM-in rəhbəri Fazil Həsənov və Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva çıxış edərək azərbaycanlı tələbələrə ayrılan yardımı yüksək qiymətləndiriblər.

AMM-in rəhbəri Fazil Həsənov bu yardım layihəsinin İİB tərəfindən təqaüd proqramı şəkilində həyata keçiriləcəyini bildirib.
“Biz iki il bundan əvvəl İİB ilə azərbaycanlı tələbələrə faizsiz kredit vermək barədə memorandum imzaladıq. Bu ildən başlayaraq İİB azərbaycanlı tələbələrə artıq yardım göstərməyə başlayıb. Bu gün biz mətbuat nümayəndələrinin və rəsmi şəxslərin iştirakı ilə Gürcüstanın universitetlərində təhsil alan 6 nəfər azərbaycanlı tələbəyə bu yardımı təqdim etdik. Bu yardımlar davam edəcək. Memoranduma əsasən bizə ixtiyar verilib ki, daha 5 nəfəri uyğun gələn meyarlarla seçib yardım üçün İİB-na təqdim edək. İlk olaraq Tibb Universitetlərində təhsil alan 5 tələbəyə və bir nəfər mühasibat fakültəsində təhsil alan tələbəyə yardım etdik. Çox məmnunam ki, AMM Gürcüstanda İİB-nın əsas vasitəçi nümayəndəliyi seçilib. Bizim təhsillə bağlı bir çox layihələrimiz olduğuna görə, bizə indi Gürcüstanda və xaricdə təhsil alan azərbaycanlı tələbələrə ayrılan təqaüd proqramları və təhsillə bağlı humanitar yardımlar etibar edilir. Biz bu etibara görə, həm Azərbaycan dövlətinə, həm Heydər Əliyev Fonduna dəstək üçün, həm də İİB-na, eyni zamanda Gürcüstan dövlətinin bu layihədə iştirak edən nümayəndələrinə təşəkkürümüzü bildiririk. İlk vaxtlar əhali faizsiz kredit nə olduğunu bilmirdi. Biz 8 nəfər seçdik və ondan 6 nəfər tələbəyə yardım göstərmək barədə İİB tərəfindən bizə hər bir tələbənin illik təhsil (təxminən 2.500 dollar həcmində) haqqı və hər ay 100 dollar təqaüd, üstəgəl ildə bir dəfə 300 dollar məbləğində geyim və dərslik ləvazimatları üçün yardım olunacaq. Tələbə üçün tibbi sığorta da nəzərdə tutulub. Bu proses tələbənin oxuduğu müddətdə davam edəcək. Təxmini hesablamalara görə, tələbəyə 15 min dollar faizsiz yardım ayrılacaq və onlar bunu hissə-hissə alacaqlar. Layihədə təhsil müddətində çəkilən xərc, tələbə ali təhsil ocağını bitirib işə başladıqdan sonra müqaviləyə əsasən hissə-hissə faizsiz olaraq geri ödəniləcəyi nəzərdə tutulub. Bundan sonar biz AMM olaraq müstəqil şəkildə bu layihəni həyata keçirəcəyik”.

Fazil Həsənov əlavə olaraq qeyd edib ki, İİB-nın maliyyələşdirdiyi bu layihədə xaricdə bakalavr pilləsində təhsil almağa da şərait yaradılıb.
“Belə ki, tələbələrin ehtiyaclarını nəzərə alaraq, məbləğ dəyişəcək və xaricə getmək üçün yol xərcləri də təhsil xərclərinə əlavə olunacaq. İnanırıq ki, bir neçə ildən sonra artıq onlarla azərbaycanlı tələbə intellektli şəxslər kimi Gürcüstanda mühüm vəzifələrdə çalışacaq, krediti ödəyərək digər tələbələri də bu proqrama cəlb etmiş olacaqlar. Bu da gənclərdə stimul və məsuliyyət yaradacaqdır. Belə bir layihə ilk dəfədir ki, ölkəmizdə müsəlman icmaları üçün reallaşır. İnanıram ki, istedadlı, lakin imkansız şəxslər bundan razı qalacaqlar", deyə Fazil Həsənov bildirib.

Qeyd edək ki, İİB-nın ayırdığı yardım layihəsi bütün bölgələrdə yaşayan müsəlman tələbələr üçün nəzərdə tutulub.

Tədbirdə Tiflis Tibb Universitetində təhsil alan tələbələrdən Əzəmət Məmmədov, Sara Mahmudova, Xavər Mədinəyeva, Elçin Qədimov, Maya Qocayeva və mühasiblik fakültəsində təhsil alan Şəfəq Məmmədovaya 700 dollar həcmində yardım təqdim edilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, jurnalistlər, Gürcüstanın ali məktəblərində və Yaxın Doğu Universitetində təhsil alan tələbələr, ziyalılar və valideynlər iştirak edib.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir