Modern.az

Fevral Gürcüstanda «Xocalı ayı» élan olundu

Fevral Gürcüstanda «Xocalı ayı» élan olundu

9 Fevral 2012, 16:57

Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzində qurum tərəfindən Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar start verilmiş “Xocalı Ayı” çərçivəsində tədbirlərdə iştirak edib  

Tədbirdə AMM-in idarə heyətinin sədri Fazil Həsənovun təklifi ilə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqləik sükutla yad edilib. Daha sonra Xocalı faciəsinin 20-ci il dönümünə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Qənirə Paşayeva bildirib ki, «AMM-in Xocalı soyqırımı ilə əlaqədar tədbirlərə start verməsi və ümumiyyətlə, bu ayı «Xocalı ayı» kimi dəyərləndirməsi Gürcüstan cəmiyyətində Xocalı soyqırımı ilə bağlı daha geniş məlumatların yayılması istiqamətində vacib və əhəmiyyətlidir.
“Mən inanıram ki, bu tədbirlər çərçivəsində kəndlərdə, məktəblərdə gənclərlə, şagirdlərlə görüşlər keçiriləcək, onlara soyqırımın tarixi, onun tanıdılması ilə bağlı məlumatlar veriləcək. Xocalı faciəsinin gürcü ictimaiyyətinə çatdırılması olduqca vacidbir, çünki soyqırım bir xalqa qarşı deyil, insanlıq əleyhinə törədilmişdir. Gürcüstanda yaşayan hər bir azərbaycanlı, xüsusilə gənclər Gürcüstan cəmiyyətində hər kəsin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində səylərini bundan sonra daha da artırmalıdır. Cinayət törədilibsə, hökmən cəzalandırılmalıdır, çünki cəzasız qalan cinayət yenisinin də törədilməsinə səbəb olur. Artıq Azərbaycan dövləti bu sahədə mühüm işlər görür. Bunun nəticəsidir ki, Meksika və Pakistan kimi ölkələrdə Xocalı soyqırımını kəskin pisləyən qərarlar, qətnamələr qəbul edilmişdir. Biz bu soyqırımı törədənlərin həm tarix, həm də ədalət qarşısında cavab verməsinə nail olmalıyıq”. 

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin rəsmisi Vasif Bədəlov çıxışında beynəlxalq miqyasda bəzən ədalətsizliklə üzləşildiyini vurğulayıb. «Diplomatiyamızın son uğurları münaqişənin haqlı olaraq xeyirimizə həll olunacağına ümid yaradır» - deyə Vasif Bədəlov bildirib.

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Xocalı soyqırımını XX əsrdə insanlığa qarşı törədilmiş vəhşilik adlandırıb.

Norveç Biznes Universitetinin məzunu, Qaradəniz Beynəlxalq Universitetinin doktorantı Aygül İsayeva hələ tələbə ikən Norveç Azərbaycanlılarının Gənclər Təşkilatını yaratdıqlarını və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində müəyyən iş görüldüyünü toplaşanların nəzərinə çatdırıb.

Yazıçı-publisist Əli Abbas bu çəkilməz böyük dərdin yorulmaq-usanmaq bilmədən dünya ictimaiyyətinə çatdırılması yönündə iş aparılmasının vacibliyini qeyd edib.

Tarix müəllimi, AMM-in tarix kursunun aparıcısı Nərgiz Nəbiyeva 1993-cu ildən - müəllimlik etməyə başladığı vaxtdan bu günədək Xocalı soyqırımının tanıdılması üçün apardığı təbliğat işindən söz açıb və toplaşanların nəzərinə çatdırıb ki, Ermənistan beynəlxalq hüququn ən azı 8 tələbi ilə məsuliyyətə cəlb olunmalıdır.

AMM-in hüquqşünası Fərhad Musayev: «Qədim romalılarda belə bir deyim vardır - düşmənini bağışlamağı bacar, lakin onu unutma. Biz fəaliyyətimizi bu münaqişənin tezliklə aradan qaldırılmasına yönəltməliyik. Mən təklif edərdim ki, bir ekspert və politoloq kimi Qənirə xanım müəyyən vaxtlarda gəlib gənclərimizə beynəlxalq mövzuda mühazirələr oxusun».

Faciənin 20-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin iştirakçıları adından Gürcüstan rəhbərliyinə, beynəlxalq təşkilatlara xocalı faciəsinin soyqırım faktı kimi tanınması ilə əlaqədar müraciətlər göndərilməsi qərara alınıb.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir