Modern.az

Nazir kollegiya iclası keçirib

Nazir kollegiya iclası keçirib

10 Fevral 2012, 14:08

Fevralın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. İclasdan öncə Səyyar Əmək Birjalarının təşkili məqsədilə alınmış və müvafiq texniki imkanlarla təchiz edilmiş nəqliyyat vasitələrinə baxış olub.

Qeyd edək ki, bu avtomaşınlar şəhərin müxtəlif yerlərində müvəqqəti iş axtaran insanlara səyyar şəkildə xidmət etmək üçün lazımi texniki avadanlıqlarla təmin edilib. Səyyar Əmək Birjaları müvəqqəti iş axtaranlara əmək bazarındakı vəziyyət barədə məlumat verəcək və onların iş yerləri  ilə təminatına yardım göstərəcək, peşəyönümü söhbətlər aparacaq, vətəndaşları peşə hazırlığı və əlavə təhsil, həmçinin haqqı ödənilə ictimai işlər barədə məlumatlandıracaq. Hüquqi və fiziki şəxslərdən bu və ya digər peşə üzrə müvəqqəti işləri yerinə yetirmək üçün işçi sifarişlərinin qəbulu və müvəqqəti iş üçün müraciət edən vətəndaşlara həmin sifarişlər üzrə peşə və ixtisaslarına uyğun iş yerinin təklif olunması üçün həmin avtomaşınlarda mərkəzi serverlə birbaşa əlaqə imkanı yaradılıb. 
    
Kollegiya iclasında çıxış edən nazir Fizuli Ələkbərov ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə görülən işlərdən danışıb.

İclasda ünvanlı dövlət sosial yardımının təyinatı, qeyri-məşğul vətəndaşların məşğulluğunun təminatı, əlillərin tibbi-sosial reabilitasiyası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin həyata keçirilməsi, yeni sosial layihələrin icrası, vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq və digər sahələrdə görülən işlər, həmçinin qarşıda duran vəzifələr geniş müzakirə olunub və struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, 2011-ci ilin sonuna olan məlumata əsasən, ölkəmizdə 541989 nəfər ailə üzvünü əhatə edən 120478 ailə ünvanlı sosial yardım alır ki, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil edir. Ünvanlı yardım alan ailələrin 40,8 faizini (49 189 ailə) tərkibində üç və daha çox uşaq olan ailələr təşkil edir.

Ünvanlı sosial yardım təyin olunan ailələrdən 97,9%-i vəsaiti plastik kart vasitəsi ilə alır. Yardım alan ailələrin təqribən 27 faizi sosail reabilitasiya olunaraq yoxsulluq həddindən tam çıxarılıb.   

2011-ci il ərzində aktiv məşğulluq tədbirləri uğurla davam etdirilib, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 29299  nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub. Müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilənlərin sayı ötən il 4 299 nəfər təşkil edib, 1 568 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Gənclərin gələcək peşə seçiminə kömək məqsədilə 108 922 nəfər peşəyönümü məşğələlərinə cəlb edilib.

Bakı, Sumqayıt , Gəncə və Mingəçevir  şəhərlərində fəaliyyət göstərən  “Əmək Birjaları” tərəfindən 3938 nəfər müvəqqəti xarakterli iş yerlərinə  göndərilib. Bu sahədə yeni formatda aktiv məşğulluq tədbiri kimi, səyyar Əmək Birjalarının təşkili məqsədilə xüsusi hazırlanmış nəqliyyat vasitələrinin alınmasına başlanılıb.

Ötən il 560-dan çox insanın müraciəti onların öz iştirakı ilə araşdırılıb. Cari ildə də bu istiqamətdə işlər davam etdirilir.
Nazirlik bəyan edib ki, 2012-ci ilin tikinti planına əsasən, Gəncə şəhərində, eləcə də Bakının Sabunçu və Suraxanı rayonlarında hər biri 81 mənzilli, Sumqayıt şəhərində  96 mənzilli, Şəki və Şəmkir rayonlarının hər birində 36 mənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə veriləcək. Bununla yanaşı, cari il ərzində Bakının Səbail rayonunda 12 mərtəbəli 96 mənzilli, regionlarda isə 4 ədəd 36 mənzilli, 5 ədəd 54 mənzilli binaların inşasına başlanacaq.

Müharibə əlillərinin minik avtomobilləri ilə təminatı işləri də ötən il uğurla davam etdirilib və bu vaxtadək 3250-yə yaxın əlil vətəndaş minik avtomobili, 7500-dən çox əlil insan əlil arabası, xeyli sayda əlil müxtəlif reabilitasiya vasitələri ilə təmin edilib.

Bununla yanaşı, gözdən əlillərin sosial reabilitasiya işinin daha dolğun və səmərəli şəkildə təmin edilməsi üçün ölkədə yeni tipli müəssisənin - Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin və bu təbəqədən olan vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binasının, həmçinin yeni sosial layihələr kimi, Bakıda Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaqların inşasına başlanılıb. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmişlər üçün Sosial Adaptasiya Mərkəzinin, Çernobıl Əlilləri üçün İxtisaslaşmış Rebilitasiya Mərkəzinin və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin inşasına hazırlıq işləri aparılır.

Bu işlərlə yanaşı, nazirliyin nəzdindəki pansionat və internat evlərində müasir tələblərə cavab verən şəraitin yaradılması, eyni zamanda mövcud tələbat nəzərə alınmaqla Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionat üçün ikinci korpusun tikintisi istiqamətində işlər davam etdirilir.


Modern.az
  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir