Modern.az

Həzrət Məhəmmədin (s) mövludu... – MƏQALƏ

Həzrət Məhəmmədin (s) mövludu... – MƏQALƏ

10 Fevral 2012, 16:46

Bu gün sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) mövlud günüdür. Allah-Təalanın bütün bəşəriyyətə göndərdiyi son peyğəmbərin. O böyük şəxsiyyətin ki, məhz onun vasitəsilə Rəbbimiz bizə son İlahi vəhylər toplusunu, bəşəriyyətə dünya və axirət səadətinin yolunu göstərən Quranı nazil edib. 
   
“Mövlud” sözü ərəbcədən tərcümədə “doğum yeri” və ya “doğum vaxtı” mənasını ifadə edir. Tarixi mənbələrdə qeyd edildiyi kimi, sevimli peyğəmbərimiz “fil ili” adlandırılan 570-ci ildə, Rəbiüləvvəl ayının 12, yaxud 17-də Məkkə şəhərində dünyaya gəlib. Təvəllüd günü ilə bağlı bu fərqi aradan qaldırmaq üçün böyük İslam alimləri Allah rəsulunun doğulduğu bu həftəni “Peyğəmbərin Doğum Həftəsi”, eyni zamanda “Müsəlmanların Vəhdət Həftəsi” élan etmişlər. Müsəlmanlar bu həftəni vahid bir ümmət olaraq xüsusi sevinclə, bayram əhval-ruhiyyəsilə qeyd edirlər. Və Allah rəsulunun təvəllüdünü sevinc hissilə qeyd etməklə sanki bir daha iman gətirdikləri ilahi dəyərlərə öz sədaqətini nümayiş etdirirlər.
   
Bəşər tarixdə əhəmiyyət kəsb edən hadisələrin ildönümünü qeyd etmək ənənəsi hələ uzaq keçmişlərdən mövcud olub. Keçmiş ümmətlər də peyğəmbərlərin təvəllüdünü, yaxud mühüm hadisələrin ildönümünü qeyd ediblər. Təsadüfi deyil ki, hazırda bütün dünyada ən geniş yayılmış, ölkəmizdə də rəsmi təqvim kimi istifadə edilən qriqorian təqvimi məhz 2012 il əvvəl Həzrət İsa peyğəmbərin (ə) doğum günü ilə bağlıdır…
  
Qədim tarixə malik bu ənənə müsəlmanlar arasında da öz əksini tapmışdır. Belə əlamətdar günlərdə, ildönümünlərində eyni mənəvi dəyərləri bölüşən insanların bir-birilərilə sevinc hisslərini paylaşması heç şübhəsiz ki, təbii qarşılanmalıdır. Bu bayram günündə də insanların bir-birilərini ziyarət edib, sevinc hisslərini paylaşması, ehtiyacı olanlara yardım əli uzatması, sədəqə verməsi, valideyn qayğısından məhrum olan uşaqları doğmalıqla nəvaziş etməsi kimi saleh işlər görmək peyğəmbərimizə və dinimizə sədaqətin ən gözəl göstəricisi olardı. Bununla belə, heç şübhəsiz ki, bu gözəl əməllər yalnız bayram günləri ilə məhdudlaşmamalıdır. İnsan bu simvolik xarakter daşıyan əlamətdar günlərdə ilahi-mənəvi dəyərlərə göstərdiyi sədaqətini özü ilə ilin digər günlərinə də daşımalıdır!..
   
Qeyd edək ki, bu gün həm də Həzrət İmam Cəfər Sadiqin də (ə) təvəllüd günüdür. O, hicri təqvimlə 83-cü ildə - miladi 765-də, peyğəmbərimizin mövludu günü Mədinə şəhərində dünyaya gəlib. İmam Cəfər Sadiq (ə) İslam tarixində ilk ən möhtəşəm elm və təhsil mərkəzinin – böyük akademiyanın banisi olmuşdur. Mədinə şəhərində təsis edilən bu elm ocağında minlərlə tələbə yetişdirməklə İslam bölgəsində elmin müxtəlif sahələrinin inkişafına təkan vermişdir.
  
Sonda Həzrət Əlinin (ə) gözəl bir kəlamını qeyd edək: “İnsanın günah etmədiyi hər gün onun üçün bayramdır!”. Həqiqətən də, olduqca düşündürücü bir fikirdir. Bayram nədir? İnsanın qəlbinin sevinib, rahatlıq tapması! Allah-Təala Quranda buyurur: “...Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar!” (“Rəd” surəsi, ayə 28). Deməli, insan günahlardan çəkinib, saleh əməl sahibi olmaqla Allahı xatırlayıb, Ona sığındıqda, öz vücudu ilə Rəbbinə sarıldıqda, Onu zikr edib yaşadıqda o qəlb rahatlığını, könül sevincini əldə edə bilər. Elə isə, hər cür günahlardan uzaq olub, Allahla yaşayaq ki, hər günümüz bayram olsun!..

Elşən Müstafaoğlu, fəlsəfə doktoru

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır