Modern.az

Azərbaycanda əlillər cəmiyyətdən təcrid olunur, yoxsa cəmiyyətə inteqrasiya olunur?

Azərbaycanda əlillər cəmiyyətdən təcrid olunur, yoxsa cəmiyyətə inteqrasiya olunur?

Aktual

10 Fevral 2012, 17:24

Bir sıra ölkələrdə əlillərin cəmiyyətdən təcrid olunmaması və onların da hansısa işlərdə fayda verməsi üçün xüsusi iş yerləri yaradılır. Məsələn, Qazaxstanda hər binanın qarşısında balaca dükanlar qoyulur ki, burada ancaq lal və karlar ayaqqabı təmiri ilə məşğul ola bilsinlər. Yəni dövlət onların qayğısına qalır.

Bəs bizdə bu məsələ necədir? Əlillərin işlə təminatı bizim qanunvericilikdə necə tənzimlənir?

““Məşğulluq haqqında” Qanuna görə bütün müəssisələrdə iş yerlərinin 5 faizi xüsusi imtiyazı olan şəxslərə, o cümlədən əlillərə ayrılmalıdır. Əlillər də həkim və ya tibbi ekspert komissiyasının verdiyi rəyə əsasən, əmək qabiliyyəti çatan və səhhətinə zərər vurmayan işlərdə işləyə bilərlər”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, hər hansı xüsusi işlərin yalnız əlillərin görməsi üçün ayrılması sovet hakimiyyəti dövründə olub, lakin bütün dünyada olduğu kimi, bizdə də sonradan bu, ləğv edilib.

“Sovet hakimiyyəti dövründə bizdə gözdən əlillər və ya eşitmə qabiliyyətini itirənlərin ayrıca sexləri, maşın yuma obyektləri var idi və ya onlar müəyyən məhsul istehsalında iştirak edirlər, qablaşdırma işləri, cihazların düzəldilməsi, təmirilə məşğul olurdular. Amma indi o praktikadan imtina edilib.

Ümumiyyətlə, dünyada belə tendensiya gedir ki, əlillər cəmiyyətə izolyasiya olunmalıdırlar. Bununla da əlillər üçün ümumi insanların işlədiyi iş yerlərində xüsusi şərait yaratmaqla onların işlə təmin olunmasına üstünlük verilir”.

Millət vəkili konkret olaraq əlillər üçün iş yerləri və xüsusiləşdirilmiş müəssisələrin yaradılması, ayrı-ayrı sahələrin yalnız əlillərə şamil olunmasının bu gün dövlət siyasətinin predmeti olmadığını vurğulayıb.

“İstər özəl sektorda, istərsə də dövlət sektorunda əlilllər normal insanlarla eyni iş yerlərində işləmək hüququna malikdirlər. Bundan əlavə, həmin iş yerlərində onlara uyğunlaşdırılmış şərait yaradılması məsələsi qoyula bilər ki, əlil əlil arabası ilə gəlib cihaz təmiri, cihaz quraşdırılması, kompüterdə müəyyən proqram işlərinin aparılması ilə məşğul ola bilsin. Yəni siyasət bundan ibarətdir ki, əlillərin məşğulluğu onların cəmiyyətə daha çox qaynayıb-qovuşmasına aparıb çıxarmalıdır, nəinki cəmiyyətdən izolyasiya olunmasına”.-deyə sonda Musa Quliyev əlavə edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?