Modern.az

Əsgərlik gündəliyim - 4

Əsgərlik gündəliyim - 4

11 Fevral 2012, 11:25

127 kiloluq əsgər

Ayın 3-də sıra hazırlığında ayağım zədələnir. Amma ümumən günümüz pis keçmir və bir neçə hərbi mahnının sözlərini bloknotuma yaza bilirəm. Bloknot demişkən, hərbidə buna qadağa var. Yəni əsgərin bloknotunda olsa-olsa hərbi qaydalar, himn, silahlar haqqında məlumat ola bilər. Hətta dəftərçəsində ürək, qız şəkli olan əsgərləri ciddi cəza gözləyir. Bəzənsə ən yaxşı halda həmin bloknotu elə əsgərin gözü qarşısında cırırlar. Mənim bloknotumda da himnin sözləri, hərbi qaydalar var. Amma xəttim pis olduğundan yazdığımın nə olduğunu heç kim hiss eləmir. Həm də tərsinə yazıram ki, başa düşülməsin. Hər halda bu bacarığım əsgərlikdə bir neçə dəfə köməyimə çatdı və hətta bəzi əsgər yoldaşlarıma da tərsinə danışmağı, yazmağı öyrətmişdim.

Avqustun 4-ü şənbə gününə təsadüf edir. Deməli, bu gün kirimizi-pasımızı tökəcəyik. Hamamlanmadan sonra Nuriyev Elxan, Məmmədli Mikayıl, yerlim Qədiməliyev Elvin və əsli Oğuzdan olan Qədirov Mehmanla söhbətləşirik. Bu uşaqların da bəziləriylə tanış olaq. Nuriyev Elxan əsgərliyə gələnə kimi icra hakimiyyətlərinin birində mühasib vəzifəsində çalışıb. Bəlkə də inanmayacaqsınız, amma bu adamın 127 kiloqram çəkisi var idi. Həm də hərbi dillə desək “saçokun” biriydi. “Xəstələnmək” üçün çəkisini əla kullanırdı. Mehman isə Elxanın tam əksinə, maksimum çəkisi 55 kilo ya olardı, ya yox. Amma həddən artıq mərdliyi və ürəkaçıqlığı ilə diqqətimi ilk günlərdən çəkmişdi. Bu boyda arıq birinin elə qəribə səs tonu var idi ki... pərdənin arxasında danışsa, düşünərdin ki, bu adamın ən azı 190 santimetr boyu, 100 kiloqram çəkisi var. Amma insanlığı bunun hamısına dəyərdi. Qədiməliyevə isə əsgər yoldaşımız Həsənov Sahib ilk günlərdən belə bir ləqəb qoydu-“Karlik” yəni cırtdan. Çünki yığcam insan idi. Amma o da fiziki hazırlıqlı uşaqlardan sayılırdı. Ümumiyyətlə, bizim çağırışçılardan çox nadir hallarda zəif uşaqlar gözümə dəyirdi. Əksəriyyəti də ali təhsil almışdılar. Bu üzdən də zabitlərçün bizimlə yola getmək həm asan, həm də çox çətin idi. Çünki gənc əsgərlərə soxuşdurduqları söhbətləri bizimlə edə bilmirdilər. Məsələn “20 ermənini belə vurdum”, “30 sərhəd pozucusunu yerə sərdim” kimi nağıllar bizə keçmirdi. Əsgərlikdə olduğum müddətdə apardığım bir müşahidənin də nəticəsini diqqətinizə çatdırmaq istəyirəm. Zabitlərin əksəriyyəti intellektual baxımdan o qədər də savadlı olmurlar, əsəbi olurlar. Hətta bəzilərinin evində belə sözü keçmədiyi halda hirsini əsgərin üzərində soyutmağa çalışır. Məsələn, bizdən əvvəl  hərbi hissədə Əmiraslanov soyadlı əsgər var imiş. Deyilənə görə, orta görünüşlü, amma yaxşı dil qabiliyyətinə malik imiş. Zabitlərin yanında isə özünü çox sakit göstərdiyinə görə kiminsə evə nəsə göndərmək istəyi olanda məhz bu Əmiraslanovu göndərərmiş. Yəni etibar mənasında... Bir belə, iki belə... Günlərin birində uşaqlar başa düşərlər ki, məsələn filan zabit xidmətdə olan gün Əmiraslanov onların evindədir, o biri zabit harasa ezam gedən gecəsi Əmiraslanov onun yoldaşını “tək qoymayıb”.  Qəribə olan məqamsa blirisiniz nədir? Bax həmin o zabitlər ümumi əsgərlər arasında namusdan-qeyrətdən dəm vururlarmış...”Sağ olsun Əmiraslanov”...Bu sözü isə dəfələrlə uşaqların dilindən eşitmişdim. Guya o bəzi zabitlərin xanımlarıyla yaxınlıq eləməklə incidilən əsgər yoldaşlarının heyfini alırmış.  Amma özləri alsa daha yaxşı olardı)))Hər halda incidilən əsgərlər belə düşünürdülər. Bu da belə..

Kibrit dənəsiylə «yat» komandası

Deyəsən bu günün sonu mənimçün yaxşı nəticələnmədi. Sırada tərpəndiyimizə görə, kursant Quliyev məni və Ağayarov Nahidi xidmətə yazdı. Lap gülməlidir. Sırada tərpənməyə görə...
Ayın 5-dir. Yenə ziyarətçim var-Natiq. Amma kefimiz korlanıb. Bu gündən gənc əsgərləri, yəni bizi də yeməkxana naryadına yazırlar. Təsəvvür edirsiniz, bir qarnizona maksimum on nəfər qulluq edəcək. Mayor Ağayev əsgərlərlə ümumi söhbət zamanı bildirir ki, kim özünü pis hiss edirsə,  yatsın. Düz 45 nəfər özünü pis hiss edirmiş))) Yenə də Bakıdan əziz xələf yoxlamamız var. Təbii ki, yenə razı gedəcəklər,  bilirəm. Bu günün axşamı isə bir macəra olacaqmış, xəbərimiz yox. Sən demə, təlim-tədris mərkəzimizin şəxsi heyətlə iş üzrə şöbəsinin müdiri, başqa dillə desək “zampalit” mayor Namiq Həsənov“yat” komandasını bizə şəxsən vermək istəyirmiş. Çünki neçə gündür əsgərlərin axşamlar deyib-gülməyini, oyun oynamağını hiss edibmiş. Təsəvvür edin, mayor Həsənov (arıq olduğuna və qəribə gülməli görkəminə görə hətta zabitlər də bəzən onu “Ceki Çan” deyə çağırırdılar) kibriti yandırır və o sönənə kimi yatmağımızı əmr edir...Bu görkəmdə birinin verdiyi əmr necə qarşılanar sizcə? Hamını gülmək tutur və ...alınmır. Yuxu vaxtımızdan getsə də, gülməyə dəyər. Əməli-başlı macəradır. Təxminən yarım qutu kibrit gedib.

Biz hələ yatmamışıq...

Ayın 6-sı...Yenə “komandir günü”dür. Mütləq ehtiyatlı olmalıyam ki, daha bir problem çıxmasın. Onsuz da çıxdı... Mən, Qədiməliyev Elvin, İsmayılov Rafiq, Qocayev Elşən yeməkxana naryadıyıq. Qədiməliyevlə tanışsınız. Qocayev əslən gədəbəylidir. Dostluq elədiyim uşaqlardandır. İsmayılov Rəşad isə qeyri-stabildir mənimçün. Onun haqqında bir maraqlı məqamı da deyim ki, Rəşad hərbiyə gəldiyi 10 gündə 100 kilodan 85 kiloqrama qədər arıqladı.  Gizir Bədiyevin rəhbərliyi altında yeməkxana xidmətimizi başa vururuq. Öyrənirik ki, dünən kursant Quliyevin qardaşı ali məktəbə qəbul olub. Mayor Həsənovun keçdiyi dərsdə əməllicə stress atırıq. Çünki bu adam nə qədər ciddi danışsa da, görkəmi fikrini ona yönəltməyə imkan vermir, ancaq gülürsən. Subyektiv fikrimdir, məncə o aktyor kimi daha böyük uğur qazana bilərdi. Sabah poliqona gedəcəyik. Əhvalımızı düzəldən amillərdən biri də budur. Çünki ilk dəfə hərbi hissədən kənara çıxacağıq sabah.

Fuuuuuuu….

Ayın 8-dir. Səhər tezdən 5-də oyanıb nahar etdikdən sonra hərbi maşınlara doluşub poliqona gedirik. Ən yaxşı nəticəni Şahbazov Təbriz, Qədiməliyev Elvin və Sarıyev Sabutay göstərirlər. Mən isə 12 güllədən biri də hədəfə vura bilməmişəm. Atışdan qayıdıb sinif otağında nəticələrimizi müzakirə edirik. Təbii ki, diqqətdə olanlar adını çəkdiyim üç nəfər və bir də hədəfə toxunmayan bəndəniz. Gündəliyimə baxıram və daha bir maraqlı məqam. Kapitan Ocaqverdiyev deyir ki, tikilməkdə olan zabitlər evinin yaxınlığındakı zibilxananı təmizləməliyik. Hmmm. Deməli zibilxana... Mütləq xəstələnməliyəm. Amma alınmır. Gedirik...Hamı yola verməyə çalışır və bu da kapitanın gözlərindən yayınmır təbii ki... “jim vəziyyətini al” komandası. Hamı son həddədir. Gəncədən bir əsgər var Abdulheyov Ruslan. Milli Aviasiya Akademiyasının məzunudur və hədsiz təmkini biridir. Təsəvvür edin, jim vəziyyətində yerdə olan malın təzəyi düz iki qolunun arasına düşür. Sifətiylə üzbəüz mal təzəyi....fuuuuuuuu... Sir-sifətini turşudub. Hamı ürəyində söyür... Bu gün kursant Quliyev bizimlə sağollaşıb Bakıya qayıdır. İndiyə kimi səsini eşitmədiyim Əliyev Rafiq kiçik çavuş Əhmədli ilə bərk mübahisəyə girişir. Doğrusu, heç kim ondan bu qədər aqressiv olacağını gözləmirdi. Gələn gündən ailəli olduğunu bildiyimizdən bir az da fərqli yanaşırdıq ona.

Ayın 9-dur. İlk öyrəndiklərimiz sıradan çıxma qaydalarını öyrənməkdir. Fasilədə sinif otağında hər kəs bloknotunu qarşısına qoyub nəsə cızmaqaralayır. Qasımov Ruhin və Ağayarov Nahid isə sərhəd zastavasına təmir üçün gediblər. Nahid haqda bir neçə kəlmə:zəhmətkeş insandır və başı çıxmadığı sahə yoxdur.Elə bu bacarıqlarına görə də mənim ona verdiyim “hərşeyşünas” ləqəbini sona kimi daşıdı. Nahidin qəribə hərəkət maneraları da var. Bir də görürdün ki, “odekolon”u ovcuna töküb qulaqlarını, burnunu, hətta ayaqlarını dezinfeksiya edir. Hər halda o buna “dezinfeksiya” deyirdi. Şam yeməyindən sonra kiçik çavuş Teymurov Rafael saçımı qırxır. Sakitçilikdir... və bu uzun çəkmir. Bayramov Cavidə görə hər zaman əsgərlərə böyük dəyər verən mayor Ağayev bütün bölüyü koridora düzür. Özü də yatdığımız geyimdə... Nə gülməlidir...Bu qərarı mayor Həsənov versəydi lap yaxşı olardı. Daha bir haşiyə çıxım. Adətən zabitlər müsahibələrində deyirlər ki, əsgərlərə övladımız kimi baxırıq. Görəsən övladının şıltaqlığına görə hansısa zabit onu alt paltarında dəhlizə çıxarardı? Çətin...

Tanınmış müğənninin oğlu

Təsəvvür edirsiniz, ayın 10-dur və yenə yoxlama gəlməlidir. Bu söz deyiləndə həmişə əsgərlər... nəysə...
...Kefim pozulub. Əsgər yoldaşımız Səmədov Fəhminin 30 manat pulu və bloknotu itib. Hamı bir-birindən şübhələnir.  Qəribədir...bir neçə saatdan sonra Fəhmin pulunu öz yerində, həm də bir manat artığıyla tapır...
Avqustun 11-i şənbə gününə təsadüf edir və şənbələr bir az fərqli keçir əsgərlərçün. Hər zaman futbola böyük marağım olduğundan gözüm kanalları gəzir-“MKT Araz futbol klubu dağıldı” xəbəri əhvalımı korlayır... Artıq kapitan olan Ocaqverdiyev bizi başına yığıb. Atv-dən “Bu şəhərdə”yə baxırıq. Superrr...
12 avqust...Qərargahda tanınmış müğənni Nadir Bayramlının oğlu, əsgər yoldaşım Şəmsiylə söhbətləşirik. Şəmsi şıltaq biridir. Bilmirəm atasına görədir, ya başqa səbəbi var. Amma çox şıltaqdır. Hərbi hissə komandirinin şəxsi sürücüsüdür. Ailəsinin bazarlığını o edir. Yəqin elə buna görədir ki, hətta digər zabitlərə hərbi salam da vermir. Amma sonralar bu hərəkətləri ona problem yaradacaq.  Bu barədə də yazacam qarşıdakı hissələrdə..
13 avqust. Andiçmə mərasiminə cəmi 5 gün qalır. Səbirsizliklə valideynlərimizi görəcəyimiz günü gözləyirik. Həmin günə qədər tikilməkdə olan zabitlər evinin də açılışı olmalıdır. Deyim ki, hər kəs zabitlər evindəki son tamamlama işlərində iştirak etməyə cəhd göstərir. Çünki dükana yaxındır, ən azından cibində pulun varsa , istədiyini alıb yeyə bilirsən. Hətta bəzi əsgərlər zabitlərin evində qonaqlıqlar da edirlərmiş, araqla filanla. Bu da sonradan öyrəndiklərimdir.

(ardı var)

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub