Modern.az

I Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalı yekunlaşır

I Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalı yekunlaşır

24 Dekabr 2009, 11:10

Modern.az Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir, 2009-cu ilin əvvəlindən başlayaraq Respublikamızda start götürən I Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalı başa çatır. Festival Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, bu sahədə qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması, habelə bölgələrdə mədəni mühitin daha da canlandırılması məqsədi ilə keçirilir. Festival zamanı nümayiş etdirilən dekorativ-tətbiqi sənət əsərləri  aşağıdakı kriteriyalar üzrə seçılib: xalçaçılıq, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma), toxunma qrafika, dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma (mil və qarmaqla toxuma), batika, qobelen, makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma). Xatırladaq ki, Festivala hazırlıq işləri 2009-cu ilin fevralında başlanıb. 2009-cu il aprelindən sonra Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Sumqayıt, Abşeron və Bakıda xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət regional sərgilər keçirilib. Dekabrın 24-də isə Festivalın yekun sərgisi keçiriləcək. Bu sərgidə artıq regional mərkəzlərdə keçirilmiş sərgilərdən Festivalın Təşkilat komitəsi tərəfindən seçilmiş bədii əhəmiyyəti ilə seçilən dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunacaq. Muzey Mərkəzində keçiriləcək Festivalın bağlanışından sonra yekun sərgidə nümayiş etdirilən əsərlərdən ibarət nəfis tərtibatlı kataloqun çap olunacağı planlaşdırılıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir