Modern.az

Ölkə rəhbərliyi adından bəstəkarın ölümü ilə bağlı nekroloq yayıldı

Ölkə rəhbərliyi adından bəstəkarın ölümü ilə bağlı nekroloq yayıldı

11 Fevral 2012, 15:00

Ölkə rəhbərliyinin adından tanınmış bəstəkar Elza İbrahimovanın ölümü ilə əlaqədar nekroloq yayılıb. Nekroloqda deyilir:

- Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir.
Respublikanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elza İmaməddin qızı İbrahimova 2012-ci il fevralın 11-də ömrünün 75-ci ilində vəfat etmişdir.
Elza İbrahimova 1938-ci il yanvar ayının 10-da Hacıqabul rayonunda anadan olmuşdur. O, məktəbi bitirdikdən sonra 1953–1957-ci illərdə Asəf Zeynallı adına musiqi kollecində orta musiqi təhsili almış, 1957–1964-cü illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında böyük bəstəkar Qara Qarayevin sinfində oxumuşdur.
Əmək fəaliyyətinə 1957-ci ildən etibarən ayrı-ayrı musiqi məktəblərində konsertmeyster kimi başlayan Elza İbrahimova 1970–1972-ci illərdə Azərbaycan Respublikası Dövlət Radio və Televiziya Komitəsində redaktor işləmiş, 1972–1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda və 1985–1993-cü illərdə Asəf Zeynallı adına musiqi kollecində çalışmışdır.
Bəstəkarlıq fəaliyyəti ilə hələ tələbəlik illərindən məşğul olan Elza İbrahimova öz fitri istedadı və tükənməz enerjisi sayəsində musiqi sənətinin incəliklərini dərindən mənimsəyərək ayrı-ayrı janrlarda çoxsaylı əsərlər yaratmışdır. Onun fortepiano və skripka üçün konsertləri, simfonik poema, oratoriya və operaları musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Sənətkar, həmçinin bir neçə teatr tamaşasına musiqilər bəstələyərək bu janrda da özünü sınamışdır. Peşəkar musiqiçinin meydana gətirdiyi bütün bu əsərlər məzmun dərinliyi və yüksək bədiiliyi ilə səciyyələnir.
Elza İbrahimova müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında xüsusi xidmətlər göstərmişdir. Onun müxtəlif illərdə bəstələdiyi və Rəşid Behbudov kimi görkəmli müğənnilərimizin repertuarında xüsusi yer tutan mahnıları bəstəkara geniş şöhrət gətirmişdir. Bəxtiyar Vahabzadə, Əlağa Kürçaylı, Rəfiq Zəka və digər şairlərin sözlərinə yazılan, yarım əsrdən artıq bir dövr ərzində səslənən bu mahnılar öz emosionallığı və melodikliyi sayəsində dinləyicilər arasında böyük rəğbət qazanmışdır.
Ölkəmizdə musiqiçi kadrların hazırlanması sahəsində də Elza İbrahimova özünün bilik və bacarığını əsirgəməmişdir.
Elza İbrahimovanın musiqi mədəniyyətinin inkişafı sahəsində xidmətləri lazımınca qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının və o cümlədən Dağıstan Respublikasının xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Tanınmış bəstəkar, təcrübəli pedaqoq və səmimi insan Elza İmaməddin qızı İbrahimovanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Misir Mərdanov
Əbülfəs Qarayev
Arif Məlikov
Firəngiz Əlizadə
Fərhad Bədəlbəyli
Şəfiqə Axundova
Azər Rzayev
Aqşin Əlizadə
Ramiz Zöhrabov
Eldar Mansurov
Siyavuş Kərimi
Ramiz Mirişli
Oqtay Zülfüqarov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir