Modern.az

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın?

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın?

Ölkə

11 Fevral 2012, 19:25

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru

Müstəqil dövlət olduğumuz halda bu günə qədər vahid milli konsepsiya, milli ideya və milli ideologiyadan çıxış edə bilmirik. Xüsusilə, milli ideologiya kimi təqdim olunan «azərbaycançılıq», «türkçülük», «islamçılıq» və başqalarının bəzən bir-birinə zidd, bəzən də birləşdirici milli ideyalar kimi tədqim olunması nəinki elmi ictimaiyyəti, hər bir vətəndaşı da düşündürür. Bizə elə gəlir ki, bu məsələlərin kökünü artıq 20 ildən çox müstəqil olmağımıza baxmayaraq, sözün həqiqi mənasında müstəqil, azad yəni sovet ideologiyasının təsirindən uzaq şəkildə düşünə bilməməyimizdə axtarmalıyıq. Bu isə o deməkdir ki, siyasi-hüquqi və maddi-cismani cəhətdən azadlıq əldə etsək də, hələlik fəlsəfi-psixoloji və mənəvi-ruhi baxımdan onu qavraya bilməmişik.

Məhz bunun nəticəsidir ki, bəzi hallarda nəinki mənəvi-ruhi cəhətdən, hətta maddi-cismani və siyasi-hüquqi baxımdan da 71 il yaşamış Azərbaycan Sovet Sosialist Respublikasının - imtina etməyimizə baxmayaraq - xələfi kimi çıxış edirik. Halbuki, bizlər özümüzü cəmi iki il (1918-1920) ömür sürmüş Azərbaycan Cümhuriyyətinin varisi elan etmişik.

İlk Cümhuriyyətin dövlət adı Azərbaycan Cümhuriyyəti, millət və dilinin adı Türk milləti, Türk dili olub. Bu gün Azərbaycan Cümhuriyyətinin siyasi varisi kimi çıxış edən respublikamız müstəqilliyini bərpa etdikdən sonra (1991), bu məsələlərlə bağlı ilk dövrlərdə (1992-1995-ci illər) eyni ideoloji xətti davam etdirdiyi halda, 1995-ci ildən etibarən dövlətin adı yenə də Azərbaycan olaraq qalsa da, millət və dilin adı dəyişdirilərək azərbaycanlı, Azərbaycan dili adlandırılıb. Halbuki, millət və dil adı kimi «Azərbaycan» termini Azərbaycan SSR dövründə, konkret 1937-ci ildə rəsmi status almış və həmin andan etibarən «Türk» anlayışına qarşı qoyulmuşdu. Deməli, özünü Azərbaycan Cümhuriyyətinin varisi elan edən bir Respublika və onun vətəndaşları 1995-ci ildə baş tutan ümumxalq səsverməsi nəticəsində, konkret millət və dil məsələsi ilə bağlı Cümhuriyyət dövründə qəbul edilən qərarlara, qanunlara və s. deyil, Azərbaycan SSR dövründə SSRİ imperiyasının başçıları və ideoloqları tərəfindən təsbit olunmuş qərarlara, qanunlara, fərmanlara sahib çıxıb.

Yəni Azərbaycan SSR-ə olan «sevgi»miz, bağlılığımız bizi könüllü surətdə məhz onun mirası olan «Azərbaycan dili», «Azərbaycan milləti»nə və s. qayıtmağa sövq edib. Başqa sözlə, etiraf etsək də, etməsək də bugünkü Azərbaycan Respublikası və onun vətəndaşları ötən iyirimi il ərzində Azərbaycan Cümhuriyyətinin varisi olmağa çalışıb bu sahədə müəyyən işlər görsələr də, ancaq Azərbaycan SSR-ə olan «sevgilər»i bir çox hallarda özünü açıq şəkildə büruzə verir. Bu baxımdan, indi nə qədər iddia etsək də ki, Azərbaycan Cümhuriyyəti və onun milli mənəvi dəyərləri bizə daha doğmadır, əslində bir çox hallarda bu söz olaraq qalır.

Doğrudur, bəziləri deyə bilərlər ki, Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisi olmaqla yanaşı, Azərbaycan SSR dövründə qəbul edilmiş bəzi qanunları, qərarları (Azərbaycan dili, Azərbaycan milləti) və s. də qəbul edə bilər. Fikrimizcə, millətin həyatı üçün bir son dərəcə zəruri olmayan məsələlərlə bağlı qərarları, qanunları və s. indi də qəbul etmək olar. Ancaq millətin adı, dili, ərazisi və s. ilə bağlı məsələlərə isə bu cür yanaşmaq qətiyyən doğru deyildir.

Yeri gəlmişkən, çox təəssüflər olsun ki, yalnız millət və dilin adı ilə bağlı deyil, ərazi məsələsində də Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin deyil, faktiki olaraq Azərbaycan SSR-nin varisi kimi çıxış edib. Ən düşündürücü hal odur ki, bu günə qədər nədən Azərbaycan Cümhuriyyətinin ərazisinin deyil, məhz Azərbaycan SSR ərazisinə varis çıxmağımzla bağlı doğru-dürüst fikirlərə, açıqlamalara rast gələ bilmirik. Bu baxımdan millət və dilin adı problemi ilə yanaşı, ərazi məsələsində də varislik problemi gündəmə gətirilməlidir.

Ümumiyyətlə, əgər bu gün söhbət «türkçülük» və «azərbaycançılıq» arasındakı fərqlərdən gedirsə, onda Azərbaycan Respublikasının varisinin Azərbaycan Cümhuriyyəti, yoxsa Azərbaycan SSR-nin olması məsələsi də gündəmə gəlməlidir. Başqa sözlə, milli ideologiya ilə bağlı, ilk növbədə Azərbaycan Respublikasının varislik probleminə, yəni özünü Azərbaycan Cümhuriyyətinin varisi elan edən bir respublikanın, həmin Cümhuriyyətin milli mənəvi dəyərlərinə, xüsusilə onun başlıca ideoloji prinsiplərinə nə dərəcə də sahib çıxıb-çıxmaması məsələsinə aydınlıq gətirilməlidir.

Belə ki, bu gün milli ideologiyanın «azərbaycançılıq», «türkçülük», «islamçılıq» və s. hər hansı bir adla adlandırılması əsas problem deyil. Daha doğrusu, milli ideologiyaya hansı adın verilməsi və həmin ada uyğun addımların atılması problemin başlanğıcı deyil, ən son pilləsidir. Fikrimizcə, milli ideologiyanın hər hansı bir adla («türkçülük», «azərbaycançılıq», «islamçılıq» və s.) adlandırılması müəyyən əhəmiyyət kəsb etsə də, ondan əvvəl gələn iki vacib factor – 1.millətin və dilin adı; 2.dövlətin adı - var.

Bu iki vacib amili bir kənara qoyaraq, ancaq milli ideologiyanın «azərbaycançılıq», yoxsa «türkçülük» və s. adlandırılması üzərində müzakirələr aparmaq, artıq ikinci dərəcəli məsələdir. Əslində dövlət, millət və dilin adı ilə bağlı məsələlərə aydınlıq gətirildikdən sonra, bütün hallarda milli ideologiya, hətta müəyyən kənara çıxmalar olsa da, bütövlükdə bu amillər əsasında təşəkkül tapacaqdır.

Deməli, varisliklə bağlı əsas problem dövlət, millət və dilin hansı adla adlandırılması məsələləri ilə bağlıdır. Əslində, 1995-ci il Konstitutsiyasında dövlətin adının - «Azərbaycan»ın millət və dilin adına çevrilməsilə mənəvi-ideoloji baxımdan yeni bir situasiya yaranmış və «azərbaycançılıq»ın təməl prinsipləri müəyyənləşmişdir. Belə ki, ilk müstəqil Konstitusiyada öz əksini tapan «Azərbaycan dövləti», «Azərbaycan dili», «Azərbaycan xalqı» və s. anlayışlar «azərbaycançılıq»ın yaranması üçün əsas arqumentlərə çevrilmişdir. Məhz bu arqumentlərdən çıxış edən «azərbaycançı» ideoloqların fikrincə, «azərbaycançılıq» çağdaş dövrdə Azərbaycandakı azərbaycanlıları, o cümlədən dünya azərbaycanlılarını özündə birləşdirən ən doğru milli ideologiyadır. Hazırda «azərbaycançı»ların əksəriyyəti milli ideologiya məsələsində birmənalı şəkildə üstünlüyü «azərbaycançılıq»a verib, «türkçülük»dən ən yaxşı halda tarixə qovuşmuş milli ideya kimi bəhs etdikləri halda, onlardan bəziləri bu iki anlayışın sintezindən çıxış etməyə çalışırlar. Ancaq «azərbaycançı»lardan bəzilərinin «türkçülük»ün və «azərbaycançılıq»ın sintezindən çıxış etmələri belə, problemin köklü həlli üçün yetərli olmur.
 
Bu gün ən çox təəssüf doğuran hal isə odur ki, SSRİ dövründə və ondan əvvvələr yaranmış milli və antimilli ideyaların mahiyyəti və məzmunu araşdırılmadan, onlar arasındakı fərqlər göstərilmədən indi bəzi tədqiqatçılar və b. hansısa hökmlər çıxarırlar. Üstəlik, bəziləri bu və ya digər formada milli ideyaları sovet dövründə olduğu kimi, antimilli ideya kimi qələmə verməyə çalışır, «milli (türk) Azərbaycan» ideyasını deyil, sovet ideoloqlarının ideyalarının məhsulu olan «sovet (beynəlmiləl)  Azərbaycan» ideyasını milli ideya kimi təqdim edirlər. Eyni zamanda, yenə də təəssüflə qeyd etməliyik ki, «azərbaycançılıq» anlayışı ilə bağlı bir çox hallarda ifrata varılır, «türkçülük» isə bu ifratçılığın içində çox sönük formada təqdim edilir. Bizə elə gəlir ki, modernləşmənin vacibliyi, dövlətçiliyin qorunması, bütün etnik qrupların maraqlarının nəzərə alınması və s. ad altında «azərbaycançılıq»ın bu qədər şişirdilməsi, əvəzində türkçülüyün az qala radikal millətçilik, ən yaxşı halda tarixə qovuşmuş bir ideya kimi kənara qoyulması qətiyyən doğru deyildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır