Modern.az

Bəxtiyar hikməti – ustadın saray şairlərindən fərqi

Bəxtiyar hikməti – ustadın saray şairlərindən fərqi

12 Fevral 2012, 12:05

Sultan Laçın

ŞAİRİN RUHUNU İNCİDƏNLƏRƏ ƏN TUTARLI CAVAB ONUN ÖZ KƏLAMLARIDIR

Bismillahir-rəhmanir-rəhim!

Allah-Təala Qurani-Kərimin Əl-Bəqərə surəsinin 269-cu ayəsində buyurur: “Allah hikməti dilədiyinə verir. Kimə hikmət verilirsə, ona bollu xeyir də verilir. Yalnız əql sahibləri düşünüb ibrət alarlar”.

Məhəmməd Peyğəmbər əleyhissəlamıın belə bir fikri var ki, hikmət möminin itiyidir,onu hər yerdə axtarmalıdır.

Söz sərrafı olan müdrik və başıbəlalı xalqımız taleyinin ən faciəli zamanlarında belə, yaradıcılıq ilhamını itirməmiş, hikmət incilərini - aforizmləri, atalar sözlərini,   məsəlləri, deyimləri, bayatıları və s. yaddaşlarda düzə-düzə bu günədək yaşatmışdır. Dünya şöhrətli Nizamimiz, Füzulimiz, Nəsimimiz məhz bu hikmət xəzinəsinin ağuşunda böyüyüb ucalmışdır.

Özü də  böyük hikmət ustalarından olan Səməd Vurğun xalqımızın kamal və zəka qüdrətini bir beytlə ifadə edir:

Oxucum! Belədir aqil babalar-
Bir dastan yaradır  ikicə sözlə.

İki əsrin şahidi, rəhmətlik ustad şairimiz Bəxtiyar Vahabzadənin də xalq yaradıcılığı incilərinin dəryasında doğulmuş ilham pərisi müasir Azərbaycana yüz illər sonra da yaşaya biləcək saysız-hesabsız aforizm və inci fikirlər bəxş etmişdir.

“Millət sevgisi ilə silahlanan kəs
Özü təkbaşına millət olurmuş”-
deyən şair “ikicə sözlə dastan yaradan” millətin oğlu olduğunu təsdiqləyir.

Təəssüf ki, bu dünya sakinlərinin çoxu bütün proseslərə, işlərə  olduğu kimi, hər hansı bir insanın beyin məhsuluna,  yaradıcılığına da öz nəfsləri bucağından baxırlar. Bu cür insanlar istənilən bir sənətkarın yaradıcıllğından bəhs edəndə, ilk növbədə onun şəxsiyyətini “öz arşınları” ilə “ölçməyə başlayırlar.

Topladığım incilərin müəllifi Bəxtiyar Vahabzadə şəxsiyyətini və yaradıcılığını “təftiş” etməyə çalışan kəslərin çoxu da məhz söylədiyim xarakterli adamlardır. Onların kimliyini araşdıranda məlum olur ki, şairin bircə bənd şeirini də oxuyub-bilməməkləri bir yana, həm də özləri Yaradan və xalq qarşısında böyük günahlar sahibidirlər. Bu “tənqidçilərə” ədibin bir kəlamını xatırlatmaq istəyirəm:”Əslində birinin digərində yalnız mənfi cəhətlər axtarması onun cəhalətidir. Çünki yer üzündə mütləq pis və yaxşı yoxdur, hər şey nisbidir”.. Bu məqamda şairin daha bir hikməti yada düşür:

Düzlük istəyənin ən əvvəl özü,
Əgər düz olmasa; vay o düzlüyə!

və yaxud

Hamı çöldən umur haqqı, düzlüyü,
Çöldə haqq axtarma, içində yoxsa...

Rəhmətlik şairlə Bakıdakı, Şəkidəki evində, müxtəlif tədbirlərdə xeyli yaxın ünsiyyətdə olduğumdan onun daxilən hansı gərginlikləri, əzabları yaşadığını gözəl bilirəm.  Ustadın sözünə qüvvət, səhvsiz, nöqsansız,  ideal insan olmur. Bəxtiyar müəllimin  böyüklüyü həm də onda idi ki,  o,  adi bir insan kimi Allah, cəmiyyət qarşısında öz  xətalarını həm söhbətlərində, həm də şerlərində səmimi etiraf etməyi bacarır və eyni zamanda  şərlə mümkün qədər mübarizə aparırdı...

“Hamıya bəllidir savab işlərim-
Amma günahlarım tək mənə bəlli”- deyən şairin  neçə insana təmənnasız əl tutduğunun, arxa durduğunun da şahidiyəm...

Ümidliyəm ki, bu toplunu ürəkdən  oxuyub Bəxtiyar hikmətinin dərinliklərinə baş vura biləcək sözü gedən şəxslər əvvəlki bədgüman fikirlərindən əl çəkəcəklər... Onun digər saray şairlərindən fərqli olaraq Kremlin qılıncının dalı-qabağı kəsdiyi sovet imperiyası dövründə də,  mənəviyyatsızlığın, korrupsiya və rüşvətxorluğun baş alıb getdiyi  indiki  müstəqillik(!), demokratiya (!) zamanında da öz  sözünü dediyi arif oxucunun nəzərindən yayına bilməz...

Fevralın 13-ü  haqq və xalq şairinin xatirə günüdür. Ölümündən   üç il ötür. Bu hikmət toplusunu  bir daha oxuculara ərməğan etməymiz şairin ruhuna  da xoş olar...

Şumerlərdən, Qədim Yunanıstandan, Çindən üzübəri hikmətin, aforizmin gücü onun mümkün qədər az sözlə, kiçik həcmlə daha çox fikir, məna ifadə etməsi ilə  ölçülüb. Şair və yazıçılara, filosoflara da məhz bu baxımdam qiymət verilib. Həmin yanaşmanın bir üstünlüyü də ondadır ki, ölçücə kiçik tutumlu, lakin dərin mənalı ifadələr çap olunmasa, kitab şəklinə salınmasa da belə, yaddaşlara daha tez hopur, dildən-dilə, eldən-elə ötüşərək dünya durduqca yaşayır...

Oxuculara təqdim edəcəyimiz bu hikmət toplusuna Bəxtiyar Vahabzadənin 37 kitabından (təxminən 80 min misralıq 23 poema, 2000-ə yaxın şer, eləcə də hekayə və pyesləri) arayıb-seçdiyim 1300-ə yaxın söz incisi daxildir. Aforizmlər “Allah yolu”, “Vətən savaşı”, “Qarabağ dərdi. Didərgin harayı”, “Ana dili”, “Tarix. Zaman. Siyasət”, “Məhəbbət aləmi”, “Mənəviyyat. Milli əxlaq” və s. yarımbaşlıqlar altda çeşidlənmişdir. Hikmətlər ən çoxu bir beyt və ya bir cümlədən ibarətdir. Eyni şeirə  aid ardıcıl gələn bəzi beytlər və ya misralar həm   birlikdə, həm də ayrıca bitkin fikir çələngləri yaradır. Oxucuların bəzi ifadələrin  fikir tutumunu daha aydın qavraması üçün onların yazılma tarixi və yeri də göstərilmişdir.

Bu toplu  əslində şairin sağlığından hazırdır. 2006-ci ilin sentyabrında  sonuncu görüşümdə özü də  oxuyub bəyənmişdi.  “Təzadlar” qəzetində xeyli hissəsi dərc olunmuşdu. Amma təəssüf ki,  o vaxt  onu kitab şəklində çap etdirə bilmədim. Bir neçə imkanlı şəxsə müraciət etsəm də, nəticə olmadı...

Bu gün mənim xatirimə deyil,  Allah rizası üçün, ustad şairin və onun canından çox sevdiyi əzabkeş xalqın xatirinə  bu toplunu nəşr etdirməkdə kömək duran olsa, böyük savab qazanmış olar...

Beləliklə, “Bəxtiyar hikməti”ni şairin yaradıcılığının vurğunu olan on minlərlə sadə vətəndaşın, ziyalıların, ədəbiyyatşünasların, tədqiqatçıların, müəllimlərin, tələbə və şagirdlərin ixtiyarına buraxıram. Rast gəlinə biəcək xəta və nöqsanlara görə əvvəlcədən üzr istəyirəm.

ALLAH YOLU

Vardırsa yaranmış,
Mütləq yaradan var(1980)

****
Özümü tanıya bilməməyimdə
Tanıdım, ey Allah, tanıdım səni.

****
Göydə aramasın Allahı insan,
Hər kəsin vicdanı öz Allahıdır.

***

Allahı anlamaq – onun sirrini
Heç cürə anlaya bilməməyimdir.

***

Cahillərə tapşırıldı dinimiz,
Din bu xalqdan, xalq da dindən küsübdür.(1998)

***

Dünən Səni danıb rütbə alanlar
Səni təbliğ edən molladır bu gün.(1999)

***

Görmür Allahını namaz qılanlar
Allahsa  onları görür  bu anlar.

***

Necə görə bilər axı Allahı
Allah o möminin ürəyindəsə?

***

Qul azad olanda şad olmalıdır,
Qulun olduğuna mən şadam, Allah!

***

Özümdən böyükdür günahım mənim,
Keçsin günahımdan Allahım mənim.

***

Xoşbəxt qulunun Bəxtiyar adlanması Səndən,
Uyğun elə Sən taleyimi adıma, Ya Rəbb!

***

Şükr eyləmişəm mən ki qədər-qismətə daim,
Döndərmə qədər-qisməti cəlladıma, ya Rəbb!

***

Tanrım, nöqsanımı göstərdin mənə,
Səhvimi öyrəndim xəcalətimdən.

***
Mən öz acizliyim, zəifliyimdə
Sənin qüdrətini görürəm, Allah!

***

Tövbə orağıyla vicdanındakı
Günah alağını biçənə alqış.

***

Tövbə həm vicdanın, həm ağlın səsi,
Tövbə yüz günahın tək bir nöqtəsi.

****

Tövbədən sonrakı bir günah yüz qat
Böyükdür əvvəlki yüz günahından.

***
Bu dünyada nə qədər bağışladınsa,
O dünyada o qədər bağışlanarsan.

***
Şəkiləm, rəssamım özünsən, Allah!
Şəkil rəssam ilə bəhs edə bilməz.(1969)

***
Ağıldan xəbərsiz, başdan xəbərsiz
Yuxumda danışan ağlımsan, Allah!(1969)

***
Hamıya bəllidir savab işlərim,
Amma günahlarım tək mənə  bəlli.

***

Qüdrətlidir Allah yaradan o qansız İblis,
İblis də keçinmir, sən demə, qüdrətli rəqibsiz.(1996)

***

Nə qədər xöşbəxtdir axirətinə
Bütün  varlığıyla inanan qoca.(1996)

***

Ey Bəxtiyar, İsa kimi çarmıxda üzüldün,
Qaldıqca sən ağlın ilə iman arasında.

***

Yoxluq nə imiş? Öz mənini var kimi sanmaq,
Varlıqları yoxdan var edən Allahı danmaq.

***

Varlıq nə imiş? Mütləqə qəlbinlə vurulmaq,
Eşqində var olmaq üçün Allahda yox olmaq.

***

Adını zikr edir gecəbəgündüz
Ağaclar, yarpaqlar, güllər, İlahi!

***

Ey gözəgörünməz, ey yeri pünhan,
Könül gözümüzlə biz görək Səni.

***

O boyda ucalıq, o boyda İslam
Firqə qəfəsinə sığışarmı bəs?!

***

Çox ayrı düşmüşük öz-özümüzdən
Bizi özümüzə qaytar, İlahi!

***

Allah!Bilirik, cism deyil bəs nədir, Allah?
Ən yüksək olan haqda, həqiqətdədir Allah!

***

Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et, bu təəccübdə, bu heyrətdədir Allah!

***

Gördüklərimiz zahiridir bətnə nüfuz et!
Batindəki, cövhərdəki fitrətdədir, Allah!

***

Allahı görməyə uzunluq deyil,
Allahı görməyə ucalıq gərək.

***

Allah nə yaxında, nə uzaqdadır,
Allah həqiqətdə, Allah haqdadır.

***

Özümə verdiyim suallar, Səni
Dərk etmək arzumdan doğur, İlahi!

***

Ulu Tanrım, ya bu zillətləri bir yanlıq elə,
Ya da  bayramlıq üçün şairi qurbanlıq elə!(2000)

***

O şeytan şərinin nəqd ləzzəti
Bizə unutdurur nisyə cənnəti.

***

İblisə, Şeytana papış tikənə
Demək mümkündürmü Allah bəndəsi?(2001)

***

Ya Rəbb, verdiyinə şükr edirəm mən,
Şükranlıq - əqidəm, baxışım, dinim.

***

Bir həzin nəğmədən, bir qızıl güldən
Aldığım zövq də bəsimdir mənim.

***

İman çeşməsiylə baxırkən birim,
On olur, çoxalır xeyrim şərimdən.

***

Allahım, gözümlə görmədiklərim
Gerçəkdir gözümlə gördüklərimdən.

****

Gör məni Allahım necə yaratmış –
Zülmətdə oyağam, işıqda yatmış...

*****

Allah sevgisi ilə yanan kəslərə
Allahı göstərir gördüyü röya.

****

Məzar gömrüyündə bizdən ən əvvəl
İman vəsiqəsi istənəcəkdir.(2002)

****

Məni haqq yolundan döndərmə, Alllah!
Məni çamurluğa endirmə, Allah!(2002)

***

Tonqal yanır, atəş görünür, atəşi yakmış
Əl gizli, səbəb gizli, səbəbkar görünməz.

****

Zülmə üsyan eləmək – Tanrıya səcdəmdi mənim...

****

Dinim, imanım haqqa yetirsin məni, ya Rəbb!
Allahını idrak üçün hər kəs dinə möhtac.

****

İçimizdən göyərir qol-qola şeytanla mələk,
Xeyrimiz, həm şərimiz hər kəsin öz sağ-soludur...(2000)

****

Neçə yöndəm bilir, neçə yol bilir,
Allahın yolunu danır bu nadan.(2002)

****

Bu qədər ölməli dərdin içində ölmürük,
Buna da şükür, ay Allah!

****

Qibləsiz bir məmləkətin
Dağı düzündən aşağı.(2003)
****

Həqiqəti görməyənin
Allahı dindən aşağı.(2003)

****

Allaha ucalan  ulu bir yolun,
İlkin pilləsidir Allahu-əkbər...

***

Görünməz dünyanın var olduğuna
İnam müjdəsidir Allahu-əkbər...

****

Allahın səsidir – vicdanın səsi,
Vicdanın səsidir Allahu-əkbər.(1977, İstanbul)

****

Hər şey öz ziddi ilə aşkar olurkən binədən
Allahın ziddi ki yoxdur, görəmməzsən onu sən.

****

Ötən illərimin min günahını
Çılğın gəncliyimə əfv elə, Rəbbim.(2002)

****

İlahi, hökmünlə qaldır göylərə
İslam bayrağını, türk bayrağını!(1999)

****

Quluyam mən o kəsin ki, o da  haqqın quludur.

****

Ruha qulluq eləmək – hər kəsə cənnət yoludur.(2000)

****

“Atamın kitabı” pyesində Vahid islamçı Məmmədəliyə:”Bizim böyük dinimizi partiya çərçivəsinə salmaqla onu nə qədər kiçiltdiyinizdən xəbəriniz varmı?”

*****

Cəmiyyətin sağlam olması üçün hər bir adamın qəlbində Allah xofu olmalıdır.(1996)

****

Haramlıqla Həccə gedən adam Allahın verəcəyi dəyərin deyil, tam başqa dəyərin yolçusudur.

***

   
  VƏTƏN SAVAŞI

Ölər bizim kimi Vətən də bir gün,
Vətənçün ölməyə hazır olmasaq.

***

Min dəfə güclüdür öz imkanından
Vətən torpağının üstündə insan.

***

Vətən eşqi dağın da sinəsini dağlayar.

***

Mən vətəndən gedər olsam,
Vətən məndən gedər olmaz.

***

Cənnət edəcək amala dönmüş bir imanla
Ünvanı Azərbaycan olan yurdu Müsavat.(1977)

****

Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub üstümdən keçir.(1959)

****

Şəhriyar yaralı misralardan
Körpü salmadımı Arazın üstə?(1959)

****

Toyum burda çalındı,
Yarım o tayda qaldı.(1959)

****

Vətən xəstədirsə, onun dərmanı
Kənarda deyildir, öz içindədir.

***

Ürək alışmasa, ürək yanmasa,
İşıqsız qalacaq Vətən torpağı.

***

Məftilli çəpərlər sinəmdən keçir,
Bakıyla Təbrizin arasındayam.(1969)

***

“Vətən” deyə-deyə yazıq Vətəni
Dollara çevirib cibə dürtdülər.(iyul, 1993)

****

Nəfsinin quluna çevrilən yazıq
Dönər dəllalına ana torpağın.

***

Yaxşı tanıyıram başsız başları,
Vətəndə vətənsiz vətəndaşları.

***

Dünən bu Vətənə düşmən olanlar
“Vətən aşiqinə” çevrilmiş bu gün.(iyul, 1995)

***

Ailə namusunu çəkərmi görən
Vətən namusuyla yaşamayanlar?

***

Bir yerdə ki millətin haqqı hərrac malıdır,
O ölkədə vətən də, el də satılmalıdır.(iyul, 1993)

****

Heyhat!.. Hələ çoxdur evini vətən,
Qohum-qardaşını millət sayanlar.

****

Şəhidlər göstərdi ölümləriylə
Ölüm aşağıdır Vətən eşqindən.(1990)

****

Yad iqlimə dözə bilməz
Öz-özünü tanıyanlar.

****

Ey vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən!
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən!

***

Vətən zindan olub dövri-qədimdən
Vətənin ən böyük oğullarına.

***

Vətən  eşqindən alar Bəxtiyar öz qüdrətini,
Döyünər qəlbi kimi hər  yeni misrada Vətən.

****

Quş yuvasız ola bilməz,
Xalq Vətənsiz olarmı bəs?

****

Ömründə Vətəni düşünməyənlər
Vətən sevgisindən dərs  verir bizə.(2001)

****

Vətən uğrunda ölənlər ölümündən doğular...

***

Bu torpaqdan yaranmış can
Bu torpağa olar qurban.

***

“Dar ağacı”  pyesində Sabutay:”İnsan – gözəlliyindən,
tovuzquşu - əlvan qanadlarından, ahu – göbəyindəki ətirdən, ölkə də sərvətindən bədbəxt olur”.

****

“Dar ağacı” pyesində Akşin: “Mən öz Vətənimə qarşı vuruşanda ölü olmuşam”.

****

Vətəni daşına, torpağına, iqliminə, suyuna görə sevmirlər.
Vətəni vətən olduğuna görə sevirlər.(“Sadəlikdə böyüklük. Bakı, 1978, s.301)

****

QARABAĞ İTKİSİ. DİDƏRGİN HARAYI.

 

Qarabağ torpağı bir-birimizə
Həsədin, nifrətin  oldu qurbanı.

*****

Düşmən əlindəykən Qarabağ, mənim
Şikəstə deməyim şikəstliyimdir.

****

Kef çəkib “Qarabağ” kafesində biz,
Qarabağ dərdini çəkirik bu gün.(1998)

***

Könlündə Qarabağ dərdi olmayan,
Vallahi, bu xalqdan, bu eldən deyil.(1999)

*****

Qaçqının payına göz dikən alçaq,
Sənə hansı haqla mən insan deyim?

*****

Həqiqət budur ki, torpaqdan əvvəl
Bizim namusumuz işğal olunmuş.(1999)

***

Unutduq hökmünü Mete xaqanın:
“Namus itirməkdir – torpaq itirmək”.

***

Getdik sülh yolunu payi-piyada,
Amma soruşmadıq: son mənzil hanı?(1999)

***

Torpaq satılıbsa, hansı torpağın
Üstündə duracaq vəzifə kürsün?(iyun, 1993)

***

Evimi qəsb edib oğru -
bu dünya tutulan oğruya sübut istəyir...(1993)

***

Öz acı taleyi, öz müsibəti
Özünün başına qınaq didərgin...

 ***

Ümidsiz sabaha o ümid yapar,
Ümidi ömrünə yamaq didərgin.(1993)

****

Elsiz dağ da susar, bulaq da dinməz.
****

Vallah, inanmıram, bülbül nəğməsi
Hayastan dilinə uyuşa bilməz...

****

İndi kor tale də bizdən yan keçir,
Döyüş də qorxulu, sülh də  qorxulu.

****

Amma bir gerçək var: səngərdən keçir,
Masa arxasına keçməyin yolu.(1994)

****

Heyf dağlara da verdik göz dağı,
Bu dağı düşmənə çəkdirməliydik.

****

Düşmənin zülmünə dözən ”ərlərik”,
Doğmaca qardaşa zülm edənlərik.

***

Nifrəti düşmənə çevirməliykən
Biri-birimizə çevirdik ancaq.(1994)

*****

Didərgin ana öz körpəsinə:
Mən böyüdə bilmədim-
Qisas böyütsün səni.

****

Sülhə can atırıq düşmənimizlə -
 Düşmən axtarırırıq öz içimizdən.

****

Zora təslim olan torpaq
Qaytarılmaz zor gücünə.

***

Yurdu satmaq hesabına
Arzumuza çatan olduq.(17-18 mart, 1995

****

Çadırlarda el qırılır,
Toylardasa pul cırılır.

****

Silahla sözünü deyə bilməyən
Masa arxasında nə deyəcəkdir?

****

Səngərdə əyilib “təsliməm” deyən
Masa başında da əyiləcəkdir.( yanvar, 1996)

****

Qalxan altda qaldığımız yetər bizim,
Dədlərimiz qılınc ilə bitər bizim.

****

Rəhm eləsən əgər zalım düşmənə.
Zülm elədin həm özünə, həm mənə.

***

Biz kürt basdırırıq – yumurtamızdan
Erməni cücəsi boylanır bizə.(2000)

***

Biz öz haqqımızı başa salınca
Erməni zoruna haqq qazandırır.

***

Qarabağ dərdini bu məmləkətdə
Görən neçə nəfər çəkir,  ay Allah?!.(2003)

***

Allah elə bil ki, yaradıb səni
Bizim başımıza bəla, erməni?!.(1984)

***

Namus tapdananda bir xain kimi
Səbri asmalısan dar ağacından.(1997)

***

Aramıza düşmənçilik girməsə,
Girə bilməz yurdumuza düşmən, hey!(may, 1992)

****

Biz bir zaman çinar idik, kol olduq,
Babamızın qul etdiyi bir millətə qul olduq.

***

MILLƏT. XALQ. MILLI ŞÜUR.

İki yanağı var, amma bir üzü,
Türk öz anasından belə doğulmuş.

*******

Türkük bizi düşmənlərimiz yüz yerə böldülər,
Birləşməliyik gec-tezi qardaşlarımızla.(1974)

****

Millətin düşdüyü bu zillətlərə
Mən də günahkaram, sən də günahkar.

****

Millət sevgisiylə silahlanan kəs
Özü təkbaşına millət olurmuş.

***

Bəşərin dərdini öz dərdi bilib millətimiz,
Bizim öz ürəyimizdən doğub hürriyyətimiz.

****

Millətin yarısı yad ölkələrdə,
Yarısı doğmaca Vətənində qul. (1998)

****

Amandır qoymayın satılır indı
Millətin mənliyi qul bazarında.(1998)

****

Öz doğma, öz halal vətənimizdə
Gəlmə sahibkara əl açır millət.(1999)

***

Bizim ac fəhlənin göynərtisindən
Göyərir gəlmənin gömgöy dolları.

****

Bu xalqın öz övladı
Öz-özünü ovladı.(1998)

****

Alçalmağı heç kəsin toxunmur vüqarına.
Qol götürüb oynayır bu millət acqarına.(1998)

***

Çeçen ac olsa da, azadlıq istər,
Amma biz qəfəsdə toxluq istərik.(1996)

***

Külfətdə tirəlik – didişmədirsə,
Millətdə tirəlik – fəlakətimiz.

***

Daim bizə, yüksəl, - deyə millət yapacaqdır,
Millətdən olan hər kəsi, hər fərdi Müsavat.(1977)

****

Tacı duyğulara satandan bəri
Ağıllı bir başa biz möhtac olduq.

***

Yandı öz bağımız... Fikir çeşməmiz
Özgə bağlarını suladı ancaq.(1969)

****

“Buyur” deyə-deyə hörmətimizdən
Qonağı elədik evin sahibi.(1969)

***

Ölkələr nur aldı şəfəqimizdən
Günəş bizim oldu, səhər özgənin.(1969)

***

Xalqı tanrısına çevirənlərin
Taleyi oynayır biclər əlində.(1989)

***

Min bəlaya, dərdə tuşuq,
Amma vaxta züy tutmuşuq.(1998)

***

Millət ac, harınlar cah-cəlalında,
İlahi, qeyrət ver qeyrətsizlərə!(1999)

****

Türkün zatındadır kişilik, mənlik,
O, öz düşmənini vurmaz arxadan.

***

O qədər çəkişdik, həm firqələrə,
Həm də bölgələrə bölündü millət.(1999)

****

Köksünə dağ üstdən dağ çəkilən xalq
Bir gün dağ çəkəcək dağın köksünə.(1999)

***

Elə zaman gəlir, elə vaxt gəlir
Millətin cəlladı özündən olur.

****

Başımıza qapaz vurub həmişə
Özümüzün əlilə özgəsi.

****

Sadədillik Huh nəbidən qalmadı,
Daş atdılar, elə bildik almadı.

***

Bir qəlbi tikməyi bacarmayanlar
Millətin qəlbinə girmək istəyir.(1996)

***

Xalqa arxasını çevirənlərin
Arxası həmişə yerlə süründü.

***

Bir məqsədlə bir hədəfə döyməyən
Min zərbədən bir kəramət olammaz.

***

Xalqın şərəfini qorumyan kəs
Millətin vəkili necə oldu bəs?

****

Millətin adından danışan çoxdu,
Millətin dərdinə alışan gərək.

***

Gələni çəpiklə qarşıladıqca
Gedəni təpiklə ötürənlərik.

****

Bəy, xan qürurumuz yolçu payı tək
Paylandı didərgin çadırlarında.

***

Tülkülərin qabağından qaçmağını
Axı sənə bağışlamaz qurd babamız.(1994)

***

Biri-birimizə  atdığımız daş
Vətənə, millətə dəyir, a qardaş!..(1994)

***

Özgəyə pərəstiş, özünə rişxənd,
Bu qəsdin oduna yaman bişmişik.

***

Özünün yanlışı min pay gözəldir
Özgənin düzünü təkrarlamaqdan.

*****

“Köhnə” damğasını vurub atana,
Özgədən özünə sən ata tutma!

****

Bütün köhnələrə “bu nədir” deyə
Gülsən, nə qazanar bundan gələcək?

****

Anlaya bilmirəm nə vaxtdan bəri
Yadı yamsılamaq yenilik oldu?

****

Nəsənsə, özün ol, təzəsən onda.

***

Sən köhnə olursan yamsılayanda.

****

Dünya göz-görəsi şər atır bizə,
Biz də şər atırıq öz dədəmizə.(2000)

***

Ey kökündən ayıllıb öz kökündən qaçaqlar,
Əmin olun, sizi də bir zaman danacaqlar!

***

Tanımaq istəmir bu dünya bizi,
Təqlidə boğdurduq mənliyimizi.(1996)

****
Əcnəbi pul qırır xərabəsindən,
Bizə düşmən olub sərvətimiz də.(1961)

****

İndi “bəy” desək də, cənab desək də,
Həmən “tovarişik”, həmən yoldaşıq.(1995)

***

Millət dərədədir kürsüyə qalxan
Elə bil millətə zirvədən baxır.(2001)

***

Xalqın dərisini soyub, üstəlik,
Təşəkkür umurlar hələ bu xalqdan.(2001)

***

Küncə sıxışdırıb indi qış yayı,
Havaya sovrulur xalqın ah-vayı.(2001)

***

Yazdım dilsiz millətin
Dərdinə dil olmağa.

***

Şair mən deyiləm, xalqımdır, onun
Kamala dolmamış katibiyəm mən.

****

Hələ günahkardır şəhidlərinin
Qisası könlündə göynəyən millət.

***

Güllələyək bu milləti xəcil edən səbrimizi.

****

Düşmənimiz dostumuzdan çox ikən
Türkün türklə ədavətə haqqı yox.

***

Millətim bədbəxtsə, mən hansı haqla,
Mən hansı ürəklə bəxtiyar olum?..


(Ardı olacaq, inşallah)

Sultan Laçın

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi