Modern.az

Dəhşətdir, elə deyilmi?

Dəhşətdir, elə deyilmi?

13 Fevral 2012, 12:00

Bu günlərdə Azərbaycan cəmiyyəti dünya universitetlərinin reytinqi ilə bağlı sıralamalarla tanış oldu. Azərbaycan ali məktəbləri yüksək pilləyə təkcə Xəzər Universiteti ilə yüksələ bilmişdi. Bu da o deməkdir ki, təhsillə bağlı ciddi sıxıntılarımız var və həm də çox ciddi...

Elə bu günlərdə Modern.az-da Azərbaycanda fəaliyyət göstərən Türk liseylərinin biri ilə bağlı hazırlanmış geniş reportajı da oxudum. Hətta bu reportajı dostlarımızla qısa da olsa müzakirə etdik. Niyə də sevinməyək? Hər halda uşaqlarımızın, daha doğrusu Türk liseylərində təhsil alan  uşaqlarımızın uğurlu gələcəyini görə bilirik. Əlbəttə, Türk liseylərində təhsil pulludur. Həm də təhsil haqqı 2500-7000 AZN arasında dəyişir. Amma 7000-10000 AZN verib boş başla universitetə “qəbul olunca”, 7000 AZN verib savad alıb universitetə daxil olmaq daha məqbuldur. 

Yaxşı, bəs, bizim orta məktəblərimiz niyə normal təhsil vermir? Niyə bizim minlərlə gəncimiz hələ Məleykə xanımın testi qalsın bir tərəfə, heç Misir müəllimin “buraxılış testləri”ndən belə keçə bilmirlər. Bunun səbəbkarı kimdir? Hər halda bu yazıda qismən də olsa bu suala cavab tapmağa çalışmışam.

Belə ki, 1998-ci il 26 mart tarixinədək təhsilimizə müxtəlif insanlar rəhbərlik edib. 26 mart 1998-ci ildən etibarən isə Prezidentin fərmanı ilə təhsil naziri vəzifəsinə Misir Mərdanov təyin olundu. Əlbəttə, bu 13 ildə Azərbaycan təhsili müəyyən inkişaf yolu keçib. Təbii ki, burada təhsil naziri Misir Mərdanovun da xidməti var. Amma etiraf edək ki, təhsildə korrupsiya gündəlik həyatımızın da bir hissəsinə çevrilib. Evindən məktəbə uşaq yola salan hər birimizin yoluxduğu virusdur, onu sevə-sevə daxilimizdə inkişaf etdirir, bəsləyirik.

Cəmiyyətin, ictimaiyyətin hər bir üzvü, Azərbaycan ailəsi ölkənin hansı regionunda, şəhərində yaşamasına baxmayaraq bu acı həqiqətin bilavasitə iştirakçısıdır. Bir sözlə hər birimiz Misir Mərdanov həzrətlərinin təbirincə desək, Azərbaycan təhsil sistemində mövcud olan rüşvətin baş alıb getməsinin səbəbkarlarıyıq.

Bir gün mətbuatdan oxudum ki, M.Mərdanov üsyan edərək bildirir ki, məktəblərdə rüşvətin ayaq tutub yeriməsində müəllimlər deyil, valideynlər günahkardır. Etiraf edim ki, şoka düşdüm, bir valideyn olaraq xəcalət çəkdim, utandım. Bir-təhər özümü toparlayıb müsahibənin ardını oxuyuram və baş müəllim iddia edir ki, valideyn məktəbə, müəllimə pul verməsin... Əlbəttə, bir nazir olaraq Mərdanov həzrətləri yeni söz demir, hər zaman olduğu kimi bu gün də düz deyir. Gözəl çıxış yoludur. Açığını desəm, elə 13 ilin nazirindən bundan artığını gözləmək mümkün deyildi. Baş müəllimin məntiqinə görə, valideyn müəllimə pul vermək üçün sabahı dirigözlü açır. Sonra təngnəfəs məktəbə gedir, qapıçının könlünü alıb özünü zorla sinifə atır, müəllimin və yaxud da müəllimənin üz-gözündən öpür, pulunu verib rahatlanır. Dəhşətdir, elə deyilmi?

Baş ağrıtmadan etiraf edək ki, Mərdanov Azərbaycan təhsil sistemində nə baş verdiyindən xəbərdardır. Xüsusən də orta məktəblərdə cənab Mərdanovun iradəsindən kənarda heç nə baş vermir. Bu mümkün deyil. Mərdanov 1-2 ilin naziri deyil ki, hər hansı məktəb direktoru ona “paça” gəlsin. Sizcə, bunu 13 ilin nazirinə etmək olarmı? Hələ Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyən (1989-1992), Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru (1992-1996), Bakı Dövlət Universitetinin rektoru olan (1997-1998), 1998-ci ildən bu günədək təhsil naziri vəzifəsində çalışan, elm və təhsil sahəsindəki nailiyyətlərinə görə prezident tərəfindən “Əməkdar elm xadimi” fəxri adına (2000-ci il), "Şöhrət" ordeninə (2006-cı il) layiq görülən, 15-dən artıq kitabın, 100-dən çox elmi məqalənin müəllifinə (biri də bu günlərdə nəşr olundu, A2 farmatda iki səhifə olduğu üçün oxumadım), Yeni Azərbaycan Partiyasının Siyasi Şurası və İdarə Heyətinin üzvünə və nəhayət 3 övlad atasına bunu etmək olarmı? Dostlar deyir ki, bəs, nə edək, olanda olur. Amma vallah mən deyirəm ki, olmaz. Daha doğrusu O L A M A Z... Yəni orta məktəblərdə cənab Mərdanovun iradəsindən kənarda heç nə baş vermir.

Yarı ciddi...

Düşünürəm ki, məktəbdə müəllimi, xəstəxanada həkimi dolandırmasaq aqibətimiz çətin olar. Həm sağlamlığımızı, həm də biliyimizi vaxtından əvvəl dəfn etmiş olarıq. Necə ki, kənd rayonlarında həm məktəbdən, həm də xəstəxanalardan olmuşuq. Gəlin məsələyə ədalətlə yanaşaq. İndi kənd məktəblərində demək olar ki, dərs keçmirlər. Rayon mərkəzləri və ona yaxın bir-iki kənd istisna olmaqla məktəblər şagird, şagirdlər isə məktəb üzü görmür. Dağ rayonlarının kənd məktəblərini isə ot-ələf basıb. Deyilənə görə, bəzilərinin qapısına yekə bir qıfıl da vurublar.

Rəzalətdir, kənd yerlərində müəllimə qiymət verən yoxdur. Lətifəsi müəllimlərdən uzaq sanki “qısır inəyi bazara apardığın kimi satmadan geri qaytarırsan”.

Rayon Təhsil şöbəsi tərəfindən satılması üçün verilən gündəlik, jurnal və digər dərs vəsaitlərinin pullarını da müəllimlərdən alırlar. Bu ədalətsizlik, müəllim peşəsinə hörmətsizlikdir. Nədən ki, müəllimlər həmin dərs vəsaitlərini şagirdlərə verir, pulunu isə ala bilmirlər. Beləliklə, aldıqları əmək haqqını müxtəlif formalarda geri (deyilənə görə, bura Bakıdan, rayondan gələn vaxtsız yoxlamaların yola salınması da daxildir) qaytarırlar. Nə olsun ki, əmək haqlarını plastik kartla alırlar. Bəzilərinin kartı elə məktəb direktorunun maşınının saxlanc yerində (bardaçok) gəzir. Bəziləri isə (demaqoq müəllimlər) direktora etibar etmir. Deyir, qardaş pulu alan kimi sizdəyəm və yaxud da bizdəsən, həm oturub dərdləşərik, həm də verəcəyimi verərəm. Bir sözlə, müəllimə hörmət ürəkaçan deyil. Elə bil Avropada yaşayırsan: uşaqdan jurnal pulu almaq, fond pulu, təmir pulu yığmaq, müəllimənin 8 martını, Yeni İlini, Novruz Bayramını, Müəllimlər Gününü, Ramazan, Qurban, Dirçəliş, Qurtuluş, İstiqlal, Konstitusiya bayramlarını sözdən başqa hər hansı bir əmtəə ilə təbrik etmək olmaz, valideyn basıb müəllimin gözünü çıxarar. Belə yaşayış və yaxud da işləmək olar?

Kəndlərdə uşaq məktəbə istədiyi vaxt gəlir. Ölçü götürən yoxdur. Səbəbini soruşanda deyirlər ki, demokratiyadır, təhsil azaddır (amma bilmirlər ki, icbari təhsil məcburidir), nə bilim uşaq hüquqları beynəlxalq Konvensiyalarla qorunur və s. Belə davam etsə kənd məktəblərində işləyən müəllimlərimizi birdəfəlik itirəcəyik. Onsuz da itirə-itirə gedirik... Bu gün ali məktəbi bitirən heç bir gənc kənd rayonlarına getmir... Baxmayaraq ki, həmin gənci həvəsləndirmək üçün milyonların xərcləndiyi Dövlət Proqramları var. Ona görə ki, kənd məktəblərində müəllimə hörmət qoymurlar. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirən də müəllim işləyir, Gəncə Kənd Təsərrüfatı Texnikumunu bitirən də...

Digər tərəfdən kənd yerlərində müəllimlər gözə gəlir. Ədalət naminə qeyd edim ki, kəndlərdə iş yerləri olmadığından dövlət büdcəsindən qidalanan iki təbəqə var. Onlardan birincisi müəllimlər, ikincisi isə təqaüdçülərdir. Elələri də var idi ki, həm müəllim idi, həm də təqaüdçü. Bax, belələri artıq gözə, dedi-dediyə gəldi. Yaş məsələsinə görə, yəni məktəbdən uzaqlaşdırıldılar. Bəziləri də guya “saxta diplom” alıblar deyə “əlvida məktəb” dedilər.

Haşiyə: Maraqlıdır, “saxta diplom”, “qanunsuz ali məktəblər”, “qanunsuz evlər” və bu kimi əndrabazi şeylər Azərbaycanda geniş yayılıb. Vallah adamın bu ifadələri işlədənlərə yazığı gəlir. İnsan bu qədərmi... Nə isə.  

Bakıda isə insanlar paytaxt tərbiyəsi gördüklərindən tez tərpəndilər və məsələni elə yerindəcə həll etmiş oldular. Beləliklə, şəhər məktəbləri dağılmaq təhlükəsini yaşamadı, müəllimlərimiz bazarlarda piştaxta arxasına deyil, məktəblərdə, siniflərə sarıldılar. Elə bunun səmərəli nəticəsidir ki, indi paytaxt məktəblərində hər şey var. Hələ mən repititorları demirəm... Onlar bu gün Azərbaycanda xarüqələr yaradır. Sözün əsl mənasında müəllim-şagird əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Müəllimlərimiz bütün günü şagirdlərlə bərabər olur, gündüz saatlarında məktəbdə, dərsdən sonra isə şəxsi kabinetlərdə, evlərdə və s. yerlərdə gəncliyimizi gələcəyə hazırlaşdırırlar. Sizcə bunun nəyi pisdir? Əlbəttə, bütün bunlar M.Mərdanov və onun çoxminli müəllim və yaxud da müəllimə ordusunun “gərgin əməyi”nin nəticəsidir.

Niyaz Niftiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir