Modern.az

Erməni separatizminə gedən yol

Erməni separatizminə gedən yol

13 Fevral 2012, 23:37

Türkmənçay müqaviləsi XX yüzillikdəki ərazi iddialarında ermənilərin məskunlaşma prinsipinə söykənməsinin əsasını qoydu


Azərbaycan üçün Dağlıq Qarabağ problemi ən çətin, ən ağrılı problemdir. Ermənistan dövlətinin və erməni millətçilərinin Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə düşüb. Uzun illərdir ki, danışıqlar prosesi getsə də, əfsuslan olsun ki, bu günə qədər heç bir nəticə əldə edilməyib. Bunun da səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması və beynəlxalq ictimaiyyətin, o cümlədən problemin həlli ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun bu məsələdə qəti mövqeyini bildirməməsidir. Amma Azərbaycanın qətiyyətli mövqeyi sayəsində danışıqlarda bəzi müsbət meyllər müşahidə olunur. Bu ona gətirib çıxarıb ki, beynəlxalq ictimaiyyət məsələyə daha ədalətli yanaşmağa başlayıb. Birləşmiş Millətlər Təşkilatı Dağlıq Qavrabağ problemi ilə bağlı dörd qətnamə qəbul edib. Avropa Şurasında reallığı əks etdirən qətnamə qəbul edilib və orada açıq-aydın göstərilir ki, Ermənistan Azərbaycana qarşı təcavüz edib, etnik təmizləmə siyasəti aparıb və bu siyasət nəticəsində 1 milyon azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşüb. İndiyədək beynəlxalq təşkilatlar tərəfindən bu qədər açıq-aydın, kəskin qərar qəbul edilməyib. Artıq etiraf olunur ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır və ATƏT-in bölgədə olmuş faktaraşdırıcı missiyası da bunu təsdiq edir. Eyni zamanda, işğal olunmuş torpaqlarda ermənilərin qeyri-qanuni məskunlaşdırılması faktı da öz təsdiqini tapıb.

Ermənilərin Qarabağda yerləşdirilməsi təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb oldu 

Ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi ilk dəfə baş vermir. Onların Qafqazda mövcud əhaliyə çevrilməsini Rusiya imperatorları təmin edib. «Biz xristianlıq naminə sədaqətli erməni millətini öz himayəmizdə saxlayırıq» deyən I Pyotr 1724-cü il 10 noyabr tarixli fərmanında erməniləri «Gilan və Mazandaranda olduğu kimi, Bakıda və digər uyğun yerlərdə nəinki qəbul etsinlər, hətta yaşamaq və məskunlaşmaq üçün rahat ərazilər ayırsınlar və bundan belə hər cür şəfqətdə və təhlükəsizlikdə saxlasınlar» məzmunlu göstəriş də verib. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində,Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olduqdan (1805) sonra başlanılıb. 1813-cü ilin 12 noyabrda Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilənin imzalanması da prosesi sürətləndirib. Gülüstan müqaviləsinin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilib. “Qarabağ əyalətinin təsviri”nə görə, artıq 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olub. Bu proses XIX əsrin 20-ci illərində, xüsusilə ikinci Rusiya-İran müharibəsindən sonra daha da sürətləndi. Gülüstan müqaviləsi İranı heç cür qane etmirdi, Qafqazının əldən çıxması onun üçün böyük itki idi. Bu səbəbdən də İran Rusiya ilə yenidən müharibəyə (1826-1828-ci illər) başladı. Müharibə Rusiyanın qələbəsi ilə başa çatdıqdan sonra Türkmənçay müqaviləsi imzalandı. Bu müqavilə XX yüzillikdəki ərazi iddialarında ermənilərin məskunlaşma prinsipinə söykənməsinin əsasını qoydu və I Pyotrun təlimatının 100 il sonrakı icraatından qaynaqlandı.
Türkmənçay müqaviləsinin XV maddəsi «Azərbaycan adlanan vilayətə» ermənilərin «ailələri ilə sərbəst keçidləri üçün» təminatını rəsmiləşdirdi. Üstəlik köçürülmənin təşkili polkovnik Lazarevə tapşırıldı, ona kömək üçün «əksəriyyəti erməni mənşəli və ya bu xalqın dilini bilən» zabitlər təhkim edildi. Əlahiddə Qafqaz korpusunun komandiri general Paskeviçin 3 mart 1828-ci il raportuna görə İrəvan və Naxçıvan vilayətlərinə nisbətən Qarabağa, «bu əyalətə daha yaxın olan və daha təkidlə Qarabağ xanlığına köçürülmələrini tələb edən ailələrin köçürülməsi nəzərdə» tutuldu. Türkmənçay müqaviləsindən az sonra, 1828-ci il 26 may tarixli məlumatda göstərilir: «artıq Qarabağda 279 və İrəvan vilayətində 948 ailə məskunlaşdırılıb. Polkovnik Lazarevin təminatına görə bu rəqəm 5000 ailədən artıq olacaqdır».

Rusiyanın himayədarlığı nəticəsində sonrakı dövrdə  200 min erməni Qafqaza, o cümlədən Qarabağın dağlıq hissəsində məskunlaşdı. Onların məskunlaşması üçün 200.000 desyatindən çox xəzinə torpağı ayrıldı və ermənilər üçün müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alındı. Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi isə Azərbaycanda, o cümlədən Qarabağda çarizmin mövqeyinin möhkəmləndirilməsinə, gələcəkdə çar Rusiyasının Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə etməsinə xidmət edirdi.

Qarabağın dağlıq hissəsinə ermənilərin köçürülməsi isə bölgədə demoqrafik vəziyyətə ciddi təsir göstərdi. 1897-ci ildə əhalinin siyahıya alınması zamanı Qarabağda yaşayan 54 min 841 ailədən 29 min 350-si azərbaycanlı, 18 min 616-sı isə erməni ailəsi idi. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması isə onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb oldu. Çar Rusiyası kimi güclü bir arxa tapmış ermənilərə bu işdə kilsə də yaxından köməklik göstərirdi. Beləliklə, erməni separatizmi iqtisadi, siyasi, hərbi gücündən öncə həm də dini təmələ söykənirdi. T.Sviyetoxovskinin, erməni millətçiliyinin simvolu saydığı erməni kilsəsi əslində erməniliyin bel sütunu idi. Erməni-qriqorian kilsəsinin «Daşnaksütyun» partiyası ilə sıx əməkdaşlığı getdikcə daha çox uzlaşırdı. Kilsə zirzəmiləri partiyanın silah cəbbəxanalarına çevrilirdi. Beləliklə, erməni millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq idi. Belə ki, 1905-1907-ci illərdə ermənilər Azərbaycanın müxtəlif bölgələrində və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətdilər, 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə, həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə apardılar. 

Azərbaycan sovetləşdirildikdən sonra da ərazilərinin Ermənistana verilməsi siyasəti davam etdirildi

1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra isə “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladı. Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər olan dövrdə Qarabağda 157 kənd dağıdıldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Bu qanlı qırğınlar Azərbaycanın bir çox bölgələrində də həyata keçirildi. 

1918-1920-ci illərdə terror və azərbaycanlılara qarşı soyqırımı Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırıldı. 1920-ci ildə isə Azərbaycan və Ermənistan bolşevik Rusiyası tərəfindən işğal edilib sovetləşdirildikdən sonra da ermənilərin Cənubi Qafqazda azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi, azərbaycanlıların sıxışdırılması, əsassız ərazi iddiaları, Azərbaycan ərazilərinin Ermənistana verilməsi siyasəti davam etdirildi. Zəngəzurda 123 min 95 nəfər azərbaycanlı, 99 min 257 nəfər erməninin yaşamasına baxmayaraq, 1920-ci il noyabrın 30-da Zəngəzur qəzasının qərb hissəsi Ermənistana verildi. Sonrakı dövrlərdə isə bu ərazilərdə tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasəti daha da genişləndirildi. Həmin ərazinin verilməsi nəticəsində Azərbaycanın Naxçıvan bölgəsi ilə, Türkiyənin isə türk dünyası ilə quru əlaqəsi kəsildi. Sayca Azərbaycanda yaşayan ermənilərdən çox olmalarına baxmayaraq, Ermənistanda tarixi ərazilərində yaşayan azərbaycanlılara muxtariyyət verilmədi. Əksinə Ermənistan hakimiyyəti onları daha çox sıxışdırmağa başladı. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə isə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu. Ərazi iddiaları Azərbaycanın 1922-ci il martın 12-dən 1936-cı il dekabrın 5-dək Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibinə daxil oldğu müddətdə də davam etdi. Qazax qəzasının xeyli hissəsi, Cəbrayıl qəzasının və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının bir sıra kəndləri Ermənistanın tərkibinə qatıldı. Beləliklə, 1918-1920-ci illərdə Azərbaycanın 113895, 97 kv.km ərazisindən sovet dövründə yalnız 86,6 min kv.km qaldı. Azərbaycan hökuməti güzəştə getdikcə ermənilər daha da şirnikləşir, yeni-yeni ərazilərin Ermənistana verilməsi işini davam etdirirdilər.
Bu iddialar İkinci Dünya Müharibəsindən sonra daha da intensivləşdi. 1945-ci ildə erməni dairələri Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə əsassız iddialar irəli sürdülər. Ermənistan K(b)P MK katibi Q.Arutunov 1945-ci ilin noyabr ayında Stalinə məktubla müraciət etdi. Məktubda yazırdı ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildən Azərbaycan SSR-in tərkibinə daxildir və Ermənistan ərazisinə bitişikdir. “Vilayətin əhalisinin 153 min nəfərindən 137 min nəfəri ermənidir və Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsi ilə eynidir. Onun Ermənistanın tərkibinə daxil edilməsi inkişafına kömək edər və təsərrüfata rəhbərliyi yaxşılaşdırardı”.

Q.Arutunov Dağlıq Qarabağın Ermənistan SSR tərkibinə Qarabağ vilayəti kimi daxil edilməsi təklifini irəli sürürdü. Q.Arutunovun müraciəti əks olunan məktubu ÜK(b)P MK katibi Georgi Malenkov 1945-ci il noyabrın 28-də Azərbaycan KP (b) MK katibi Mircəfər Bağırova göndərdi və bu təklif haqqında fikrini bildirməsini istədi. M.Bağırovun 1945-ci il dekabrın 10-da verdiyi 5 səhifədən ibarət olan cavabında Q.Arutunovun əsassız iddialarını qətiyyətlə rədd edərək yazırdı ki, Dağlıq Qarabaq Muxtar Vilayəti heç bir zaman Ermənistan SSR ərazisi ilə bitişik olmayıb və bitişik deyildir. Sovet hakimiyyəti dövründə Azərbaycanda, Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişaf üzrə möhtəşəm işlər görüldüyünü faktlarla mərkəzi rəhbərliyin diqqətinə çatdırıldı. Məktubda M.Bağırov Şuşa istisna olmaqla Dağlıq Qarabağın Ermənistana verilməsinə etiraz etmirdi. Bununla belə, məsələyə baxmaq üçün komissiya yaradılmasını və DQMV-nin Ermənistan SSR tərkibinə daxil edilməsi məsələsi müzakirə olunarkən Azərbaycan Respublikası ilə sərhədə bitişik və əhalisi əsasən azərbaycanlılardan ibarət olan Ermənistan SSR-in Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə də baxılmasını ÜK(b)P MK-nın diqqətinə çatdırır, mədəni və iqtisadi cəhətdən son dərəcə geri qalmış həmin rayonların Azərbaycana verilməsinin əhaliyə maddi-məişət və mədəni-siyasi xidmət göstərilməsinə imkan verəcəyini yazırdı.

Sovet rəhbərliyi məsələyə baxaraq əsassız erməni iddialarını rədd etdi. Buna baxmayaraq, erməni dairələrinin başqa istəklərini yerinə yetirildi. 1946-cı ildə 40 kv. km meşə sahəsi, Tovuz rayonu ərazisindən 7,6 kv.km ərazi, Qazax rayonundan bir hissə Ermənistana verildi. Bundan sonra Azərbaycandan Dağlıq Qarabağı ala bilməyən Ermənistan rəhbərliyi xarici ölkələrdən ermənilərin repatriasiyası məsələsini sovet hökuməti qarşısında qaldırdı. Sovet rəhbərliyi isə həmin təklifi bəyəndi. Ancaq repatriasiya edilən ermənilərin yerləşdirilməsi üçün Ermənistanda lazımi şərait mövcud deyildi. Bu məsələnin real həlli Ermənistanda yaşayan azərbaycanlı əhalinin bir hissəsinin Azərbaycana köçürülməsində görüldü. Bu, suvarılan torpaqların və pambıqçılıq rayonlarında fəhlə qüvvəsinə ehtiyac yarandığı ilə əlaqələndirildi. SSRİ Nazirlər Sovetinin xüsusi qərarına əsasən, 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 130 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürüldü, onların evlərinə isə xaricdən gələn ermənilər (100 mindən artıq) yerləşdirildi. Sonrakı illərdə də ermənilərin Cənubi Qafqaza gətirilməsi işi davam etdirildi. Məsələn, Ermənistana 1961-ci ilin ortaları üçün 200 min, 1962-1973-cü illərdə isə 26 min 100 nəfərdən çox erməni gətirildi. SSRİ-yə köçmək istəyən ermənilər isə kommunist və ya sosialist deyil, daşnaklar, sovet hakimiyyətinə düşmən olanlar idi. Onların bir çoxu SSRİ-ni dağıtmağa çalışan xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdilər və özlərilə Cənubi Qafqaza qatı millətçilik, düşmənçilik, kin-küdurət gətirdilər.

Ermənistan isə Azərbaycana qarşı əsassız ərazi iddiaları qaldırmaqda davam edirdi. 1984-cü ildə bu ölkənin rəhbərliyi Qazax rayonunun Kəmərli kəndinin 1675 ha ərazisinə iddia irəli sürdü. Onların bu iddiaları da təmin edildi. Bu, sonrakı faciənin xəbərçisi idi.

Azərbaycanın daxili işlərinə kobud müdaxilə

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə erməni nümayəndələri qarşısında etdiyi çıxışında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə sovet rəhbəri M.Qorbaçovun razılığını aldığını bildirdi. Bu bəyanatın ardınca Ermənistanın əsassız ərazi iddiaları və Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi genişləndi. Vilayətin sosial-iqtisadi və mədəni inkişafının bərbad vəziyətdə olduğu (əslində vəziyət bunun əksi idi) qabardıldı. 1987-ci ilin noyabrında isə Ermənistanda Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı hücumlar edildi. Bunun nəticəsində azərbaycanlılar qaçqına çevrilərək Azərbaycana gəlməyə başladılar. 1988-ci ilin yanvarında artıq ölkəmizdə Ermənistandan qovulan 4 min azərbaycanlı var idi. Həmin ilin fevralında Ermənistan yenidən sovet orqanları qarşısında Dağlıq Qarabağla bağlı əsassız tələblərini irəli sürdülər. 1988-ci il fevralın 11-də isə Stepanakertdə mitinqlər və konstitusiya quruluşu əleyhinə hərəkətlər başladı. Sovet  və Azərbaycan rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı. Ümumiyyətlə, 1988-1991-ci illər ərzində (SSRİ dağılanadək) Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeyd alındı ki, bunların da nəticəsində 514 nəfər həlak oldu, 1318 nəfər yaralandı. 1992-ci ilin fevralında isə erməni-rus birləşmiş silahlı qüvvələri Xocalı əhalisini vəhşicəsinə qırdı. Qeyd edək ki, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi erməniləri narahat edirdi. Çünki, Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayın dəstəyilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi. Soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edildi. 487 nəfər şikəst oldu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü. Ermənilərin Xocalıda törətdikləri soyqrımı bütün insanlığa və bəşəriyyət qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri idi. 2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti verib: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”

Erməni qəddarlığını sübut edən faktlar dünyada da geniş rezonans yaratdı. Rusiyanın “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbiçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapdı: “Mayor Leonid Kravets: mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”. Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla subut edən Rüsiyanın «Memorial» Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta, diri adamın başının dərisinin soyulması faktı da qeydə alınıb. Bundan əlavə, Fransanın “Le Mond” qəzetinin 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqinda deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görüblər. Bu azərbaycanlıların təbliğatı deyil, reallıqdır”. 

Dövlət başçısı İlham Əliyev isə 2011-ci il fevralın 10-da Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında Xocalı soyqırımının XX əsrin ən böyük cinayətlərindən biri olduğunu bildirərək dedi: “Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərib. Amma yenə də deyirəm, hələ ki, dünyada ikili standartlar siyasəti mövcuddur, erməni lobbisi, dünya erməniliyi və onların havadarları çalışırlar ki, erməniləri bu vəziyyətdən çıxarsınlar. Biz isə bundan sonra da çalışacağıq ki, bütün dünya Xocalı haqqında bilsin. Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir”. 

Bu reallığın, faciənin dünyada tanıdılması istiqamətində isə Azərbaycan böyük işlər gördü. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Artıq Xocalı soyqrımının dünyada rəsmi şəkildə tanınmasına başlanıb. Bu gün Xocalı faciəsini Meksika, Pakistan soyqrımı kimi tanıyır.Cənubi Koreya da tezliklə bu addımı ata bilər. Bu ölkələrin sıralarının genişlənəcəyi isə şübhə doğurmur.

Şuşanın işğalı digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı

Azərbaycanın faciəsi Xocalı soyqrımı ilə bitmədi. 1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirilən vaxt Şuşa işğal olundu. Bu, Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan və təcavüzkar siyasətinə sadiq qaldığını bir daha təsdiq etdi. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi.
Laçı­nın işğalı isə müha­ri­bənin Dağlıq Qarabağ hüdudlarından çıx­dı­­ğını və Ermənistanın hər­bi işğalçılıq niyyətinin böyük ol­­­­­duğunu göstərdi. Ermənistan si­lah­lı qüv­və­lə­ri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək, Dağ­­lıq Qarabağ böl­­gə­­sinin (4,4 min km²) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Fü­zu­li, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdi. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qaldı. Dağlıq Qarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş əra­­zi­lə­rin­dən 1 milyondan çox əhalinin öz torpağında qaç­qın vəziy­yə­­tinə düş­məsinə gətirib çıxartdı. Hazırda Azərbaycan iqtisadiyyatına dəyən zərər 60 milyard dollar qiymətləndirilir. Ermənistanın hərbi təcavüzü nəticəsində həmin ərazilərdəki xalqımızın çoxəsrlik tarixi və mədəniyyət abidələrinin hamısı dağıdılıb və ya məhv edildi. Ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olundu. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak oldu, 100 000 nəfərdən çoxu yaralandı, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil oldu. Münaqişə dövründə 4853 nəfər itkin düşdü ki, onlardan 1357 nəfəri əsirlikdən azad edildi, 783 nəfəri isə hələ də Ermənistanda əsirliyindədi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölüb.

“Danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcək”

Dağlıq Qarabağ münaqişəsi isə bu günədək öz həllini tapmayıb. Bu istinqamətdə danışıqlar davam edir. Azərbaycan tərəfi  münaqişənin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirib və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini dəfələrlə bəyan edib. Münaqişənin nizama salınması üçün “Praqa prosesi” çərçivəsində işlənilən və Madrid sənədinə çevrilən baza prinsipləri hazırlanıb. Hazırda danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin 2009-cu ilin dekabr ayında təklif etdiyi yenilənmiş Madrid prinsipləri əsasında aparılır. Bu prinsiplərin bəziləri üzrə müəyyən razılaşma əldə edilib. Lakin 20 ildir ki, təcavüzkar Ermənistanın aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış etməsi, bu prosesi uzatmağa çalışması yekun nəticənin əldə edilməsinə imkan vermir. Bu ilk növbədə Ermənistanın Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması istəyilə bağlıdır. Azərbaycan dövlətinin mövqeyi isə, əvvəlki kimi birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Dövlət başçısı İlham Əliyevin apardığı danışıqlar və görüşlər də bu məqsədə xidmət edir. O bəyan edib ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bundan əlavə, Ermənistan tərəfinin aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəməsi də əsassızdır və heç bir məntiqə uyğun deyildir. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər.

“Əgər Dağlıq Qarabağın erməni icması danışıqlarda iştirak etmək istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı icması ilə danışıqlara gedə bilərlər”,-Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bundan başqa bildirib ki, Beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməli, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir.
«ATƏT-in qərarları, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, NATO-nun qərarları - bütün bu qərarlar işğal edilmiş torpaqlardan erməni qoşunlarının çıxarılmasını tələb edir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, işğala son qoyulmalı və bu məsələ tezliklə öz həllini tapmalıdır. Çünki Azərbaycan xalqının səbri tükənməz deyildir. Hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcəkdir. Eyni zamanda, məsələ öz həllini Dağlıq Qarabağda yaşayan insanların və oraya mütləq qayıdacaq Azərbaycan vətəndaşlarının muxtariyyət, özünüidarəetmə statusunda yaşamasını təmin edə biləcək prinsiplər əsasında tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da nə vaxtsa müstəqilliyin verilməsi mümkünsüzdür. Bu, danışıqlar mövzusu deyildir və olmayacaqdır», - dövlət başçısı deyib.
Dövlət başçısının sözlərinə görə, onların (ermənilərin) məqsədi işğal edilmiş torpaqları nə qədər mümkündür öz nəzarəti altında saxlamaq və de-fakto vəziyyəti gələcəkdə de-yure vəziyyətinə çevirməkdir. Bu isə mümkünsüzdür.
“Azərbaycan imitasiya, danışıqlar naminə danışıqlarda iştirak etməyəcəkdir”,- dövlət başçısı deyib. Əgər danışıqlar sülh yolu ilə həll edilməsə, müharibə də istisna edilmir. İstənilən halda Azərbaycanın işğal altında olan əraziləri düşməndən azad ediləcək. Əsas məqsəd də budur.

Pünhan Əfəndiyev

Yazı, Mətbuat Şurası və «Akkord» şirkətinin elan etdiyi “Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı yazı və publisistik məqalələr” müsabiqəsinə təqdim edilir

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır