Modern.az

Deputat Rüfət Quliyev: “Seçki günü türkmən camaatı çalır-oynayırdı...” - FOTOLAR

Deputat Rüfət Quliyev: “Seçki günü türkmən camaatı çalır-oynayırdı...”  - FOTOLAR

14 Fevral 2012, 18:05

Azərbaycan Milli Məclisinin deputatı, İqtisadi siyasət komitəsinin üzvü, Azərbaycanın MDB Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü  Rüfət Quliyev fevralın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərini izləyib. Deputat Modern.az saytına müsahibəsində qonşu ölkədə baş tutan seçkilərin gedişindən danışıb.

- Fevralın 12-i prezident seçkiləri idi. Seçkiləri MSK-nın sədr müavini Natiq Məmmədovla bir yerdə izlədik. MSk-nın daha bir nümayəndəsi də daxil 3 nəfər olaraq seçkilərdə müşahidəçi kimi iştirak etmişik. Qeyd edim ki, MDB məkanın müşahidə missiyasına ümumilikdə 63 nəfər daxil idi. Artıq 8 namizədin yarışdığı seçkidə indiki prezident Qurbanqulu Berdiməhəmmədovun 97 faizlə qələbə çaldığı məlumdur.

- Müşahidələriniz maraqlıdır, neçə məntəqədə oldunuz? Bu seçkilərin əvvəlki seçkidən fərq nədir?

- 6 məntəqədə olduq. Onlardan 3 məntəqə paytaxt Aşqabadın özündə idi, 3 məntəqə isə Göytəpə şəhərində yerləşirdi. İlk növbədə bir şeyi qeyd etmək istəyirəm ki, Türkmənistan seçkilərə çox hazırlıqlı idi. İkincisi, 2008-ci ildə orada keçirilmiş parlament seçkilərində iştirak etmişəm, baxıb görürəm ki, orada seçki sahəsində xeyli inkişaf var. Qeyd etmək lazımdır ki, hazırki prezidentin təbliğatı daha güclü və geniş təşkil olunmuşdu. Bu açıq-aydın hiss olunurdu. Həm qəzetlər, həm telekanallar ancaq Berdiməhəmmədovdan bəhs edirdi...

- Amma belə olmaz axı?

- İndi onlarda belədir. Digər 7 namizədin adminstrativ resursu, gücü yox idi. Orada Qərb ölkələrindən müşahidəçilər yox idi. Avropadan cəmi 4 ekspert gəlmişdi. Qərb bilirsiniz ki, MDB məkanında son 20 ildə ancaq Gürcüstanda seçkiləri legitim sayır. Amma mən hesab edirəm ki, bu, onların şəxsi fikridir və bu başqa bir mövzudur. Onu qeyd etmək istəyirəm ki, Qərbin həmin ekspertləri də Türkmənistanda keçirilən seçkilərə gəlməmişdən əvvəl qeyri-legitimlikdən danışırdılar.
Aşqabadda, başqa şəhərlərdə inkişaf var, böyük işlər görülüb. Amma insanların azadlığı ilə bağlı bəzi məqamları qeyd etmək istərdim. Məsələn, internet şəbəkəsi yox dərəcəsindədir. Özəlləşmə proqramı yoxdur. Türkmənistanda heç bir özəlləşdirmə aparılmayıb. Dövlət özü sahibkardır. Bir məqamı da qeyd etmək istəyirəm ki, Türkmənistana gəlmək çox çətin prosesdir. Miqrasiya xidməti çox kəskin formada fəaliyyət göstərir. Yəni ora viza almaq, xarici dövlətdən gəlmək, baxmayaraq ki, MDB vətəndaşı da olsan, çox çətindir. Təbii ki, varlı ölkədir. Büdcəsi hardasa 17 milyard dollar təşkil edir, 6 milyon nəfərə yaxın əhalisi var.
Ölkədə internetin olmamağı azadlığı çox məhdudlaşdırır. Türkmənistanda 6-7 telekanal var, hamısı da dövlətindir. Qəzetlər də bu vəziyyətdədir. Mən bu vəziyyəti Azərbaycanla heç müqayisə də etmək istəmirəm.

- Seçki komissiyalarının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Mənə elə gəlir ki, onlar seçki prosesinin özünə, yəni protokol hissəsinə çox güclü hazırlaşmışdılar. İlk növbədə bir məqamı qeyd edim ki, onlarda seçki bir bayram kimidir. Təsəvvür edin ki, Aşqabadda 2008-ci ildəki kimi hər yerdə musiqi sədaları, nəğmələr səslənir, camaat çalır-oynayırdı. Amma müəyyən qədər sünilik də hiss olunurdu. Bir çox yerlərdə biz seçki məntəqələrində yüzlərlə adamlar gördük. Hansı ki, onları məcburən yığmışdılar ora. Saat 16:00-da biz məntəqələri gəzəndə haradasa 70-80 faiz seçici artıq səs vermişdi.

- Bu yüksək fazidi. Doğurdan insanlar seçkilərə gəlirdilər?

- Əlbəttə, camaat gəlirdi, səs verirdi. Bunu gözlərimiuzlə gördük. Biz iki gün əvvəldən getmişdik, müşahidələrimizə görə, xalq da indiki prezidentin xətrini çox istəyir.
Bir şeyi də qeyd etmək istəyirəm ki, mən müşahidəçi kimi MDB məkanının bütün ölkələrində seçkilərdə olmuşam. Azərbaycanda olan qabaqcıl seçki texnologiyası, bizdəki təcrübə, bizdəki  demokratiyanın səviyyəsi heç Rusiyanın özündə, Ukraynada yoxdur. Halbuki, Rusiya, Ukrayna dünyada çalışır özünü demokratik ölkə kimi göstərsin. Amma Orta Asiya ilə biz heç müqayisə olunmaz səviyyədəyik.
Qazaxıstan və Türkmənistan zənginliyinə görə dünya miqyasında özünəməxsus yerləri tutur. Amma müqayisə aparsaq, deyə bilərik ki, onların iqtisadi inkişafı Azərbaycan iqtisadi inkişafının diversifikasiyasını heç bir pillədə ötmür. Yəni Azərbaycanda iqtisadiyyatın sahələrinin inkişafına görə onlardan bir neçə addım qabaqdayıq.

 

 

 

 

 

 

 

 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...