Modern.az

Mediada terrorçuluq məsələləri...

Mediada terrorçuluq məsələləri...

15 Fevral 2012, 16:38

“Dövlət və Din” ictimai fikir toplusunun yanvar-fevral sayı işıq üzü görüb. Bau barədə Modern.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidməti məlumat verib.
Jurnalın bu ildə ilk sayı dövlət başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki ilə açılır. “Rəsmi guşə” rubrikası ilə hazırlanan bölmədə ölkə Prezidentinin Milad bayramı münasibətilə respublikamızın Pravoslav Xristian icmasına təbriki, Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı və dövlət başçısının açılış mərasimindəki çıxışı, eləcə də Prezident İlham Əliyevin Gəncədəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olması barədə materiallar dərc olunub.

Bu sayda təqdim olunan “Gerçəklik” rubrikasında Aydın Əlizadənin “Müstəqillik dönəmində Azərbaycanda qeyri-müsəlman inanclarının yayılması və bu günkü dini duruma dair”, Elçin Cabbarovun “Mediada terrorçuluq” məsələləri” və Mehman Şabanovun “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və Heydər Əliyevin respublikamızın ərazi bütövlüyünün qorunmasındakı fəaliyyətinə dair (1969-1982)” məqalələri dərc olunub. Professor Rüstəm Rüstəmovun bu bölməyə daxil edilən “Возможные  патологические механизмы возникновения, развития  и сохранения пресловутого  “армянского вопроса”" adlı məqaləsi uzun illərdir müzakirə olunan mövzuya yeni elmi baxış kimi diqqəti cəlb edir.

Oxucular ənənəvi “Cəmiyyət və Din” bölməsində “Azərbaycanda sekulyarlıq ənənəsinə dair” (Radif Mustafayev) məqaləsi, “İslam həqiqətləri” guşəsində isə “Qəzalinin antropoloji görüşləri, yaxud “kamillik” konsepsiyası” (İradə Zərqan) yazısı ilə tanış ola bilərlər.

İctimai fikir toplusunun maraqlı rubrikalarından olan “Tarixə pəncərə” bölməsində dərc olunmuş Cabbar Cəlil Bəydillinin “Orta əsr türk-İslam mədəniyyətlərində təriqətlərin yeri” və Sakit Hüseynovun “Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və dini –mənəvi dəyərlərimizə münasibətə dair” adlı yazılar diqqəti cəlb edirlər. Şamil Nəcəfovun “Skeletsiz qəbirlər və kenotaflar (Azərbaycanın qədim sakinlərinin e.ə IV-I minilliklərə aid dəfn adətləri əsasında)”, Anar Ağalarzadənin “Cəlilabad rayonundakı Qoşatəpə orta əsr kənd tipli yaşayış məskəni haqqında” və Əfqan Şəfiyevin “Azərbaycan maddi mədəniyyət nümunələri: silahlar” adlı məqalələri jurnalın “Abidələr” guşəsində yer almışdır.

Sevinc Rəhnullanın “Qafqazda Müsəlman Ruhani İdarəsinin yaradılması və ilk şeyxülislamlar” və Şükufə Qədimovanın “Anadolu coğrafiyasında türk təsəvvüf ədəbiyyatına dair” məqalələri isə toplunun “Etüd” rubrikasına daxil edilib.

Milli mətbuat tariximizlə maraqlananlar filologiya elmləri doktoru Abid Tahirlinin “Kaspi” dalğası: dini-mənəvi dəyərlər və Ceyhun Hacıbəyli” adlı elmi-publisistik yazısı ilə də jurnalın bu sayında tanış ola bilərlər. Jurnalın bu sayında “Məhəmməd. İlk mənbələr əsasında onun həyatı” adlı monoqrafiyanın ana dilimizə tərcüməsinin davamı da dərc edilmişdir.

Nəhayət, toplunun “Sirlər Xəzinəsi” adlı rubrikasında arxeologiya, din, incəsənət, kitabşünaslıq və memarlığa dair maraqlı qısa xəbərlər, “İzahlı lüğət” bölməsində isə dini terminlərin izahı verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir