Modern.az

Qocaman jurnalist Azad Şərif vəfat edib

Qocaman jurnalist Azad Şərif vəfat edib

Mədəni̇yyət

24 Dekabr 2009, 16:59

Azərbaycan jurnalistikasına ağır itki üz verib. Azad Ağa Kərim oğlu Şərifov (Azad Şərif) dekabrın 24-də ömrünün 79-cu ilində dünyasını dəyişib. Mətbuat Şurası Azad Şərifə nekroloq yazıb. Nekroloqda bildirilir:

İmzası ökə hüdudlarından da kənarda yaxşı tanınan, yaradıcılığına daim böyük hörmət bəslənilən A.Şərif  7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub. Atası Ağa Kərim Şərifov şərqdə Cəfər Cabbarlı adına ilk teart muzeyinin yaradıcısı idi. A.Şərif iki ali təhsil almışdı: Azərbaycan Dövlət Konservatoriyasını və Bakı Dövlət Universitetinin bitirmişdi.

Azad müəllimin 19 yaşında ikən «Molodyoj Azerbayjana» qəzetində alpinistliyə aid oçerkləri digər nəşrlərin də diqqətini cəlb edir. «Fizkulturnik Azerbayjana» qəzetinin demək olar, hər sayında onun yazılarına yer verilir və həmin nəşrdə işə dəvət olunur. Bir müddət sonra «Pionerskaya pavda»nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. 1956-cı ildə «Molodyoj Azerbayjana» qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərir. 1959-cu ildə qəzetin ilk azərbaycanlı redaktoru kimi tarixə düşür.

Peşəkarlığı və kollektivdəki yüksək idarəçilik xüsusiyyəti ilə seçilən A.Şərifov bir il sonra Moskvaya Ümumittifaq Leninçi Komsomol Gənclər İttifaqına nəşriyyat bölməsinə dəvət olunur. Tezliklə məhşur «Vokruq sveta» jurnalında baş redaktorun müavini vəzifəsini tutur. A.Şərifovun bu jurnalda Türkiyəyə aid oçerkləri janrın müasir jurnalistikamız üçün də dolğun nümunələri kimi sayılır. Məhz bu materiallar «İzvestiya» qəzetinin diqqətini cəlb edir. Nəşrin rəhbərliyi onu Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbir vəzifəsinə dəvət edir.

1969-cu ildən Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsinin müdiri kimi fəaliyyətə başlayan A.Şərif 1979-cu ildən Dövlət Kinematoqrafiya Komitəsində sərd vəzifəsində çalışır. Görkəmli jurnalistin doğma peşəsinə qayıdışı 1988-ci ilə təsadüf edir. Həmin il o, «Azərinform» informasiya agentilyinin (indiki «AzərTAc» Dövlət Teleqraf Agentliyi) baş direktoru vəzifəsinə təyin olunur. Azad müəllimin müxtəlif illərdə çapdan çıxmış 20-dən artıq kitabı, yüzlərlə elmi məqaləsi oxucular tərəfindən böyük maraqla qarşılanıb.

 

Azad Şərifov mediamızın ağsaqqallarından biri kimi öz dərin təcrübəsini gənc jurnalistlərə də həvəslə öyrədir, onların yetkin mütəxəssis kimi formalaşması üçün səylərini əsirgəmirdi. Məhz bu baxımdan səmimi insan, görkəmli jurnalist Azad müəllimin yoxluğu hər birimiz üçün böyük itkidir. Allah rəhmət eləsin.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi