Modern.az

Azərbaycanda Yaponiya hökuməti ilə qrant müqaviləsi imzalanıb

Azərbaycanda Yaponiya hökuməti ilə qrant müqaviləsi imzalanıb

15 Fevral 2012, 18:16

Fevralın 15-də Tərtər Rayon İcra Hakimiyyətində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Yaponiya Hökumətinin İnkişafa Rəsmi Yardımı” vasitəsilə “Ot kökləri və İnsan Təhlükəsizliyi” Qrant Proqramı çərçivəsində həyata keçirəcəyi “Tərtər Regional Peşə və Təlim Mərkəzinin (PTM) təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi” layihəsinin təqdimatı və imzalanma mərasimi keçirilib. Bu barədə Modern.az-a BAMF-ın informasiya departamenti məlumat verib.

Bu məqsədlə regiona səfər edən Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, səfirliyin nümayəndələri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və BAMF-ın sədri Umud Rəhimoğlu tərəfindən qarşılanıb və onlar əvvəlcə BAMF-ın Tərtər Regional Peşə və Təlim Mərkəzinin və PTM-in təsərrüfatının fəaliyyəti ilə tanış olublar.

Sonra  Tərtər Rayon İcra Hakimiyyətində layihənin təqdimatı və imzalanması mərasimi keçirilib. Mərasimdə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) idarə heyətinin üzvləri və PTM təsərrüfatı yaxınlığında yaşayan icma nümayəndələri də iştirak ediblər.

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Ş.Vatanabe çıxış edib. O, Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə danışarkən deyib: “Yaponiya hökuməti Azərbaycanda bir sıra layihələr həyata keçirir. “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” əsasən bələdiyyələrin, sıhiyyə strukturlarının və QHT-lərin  Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasına yönələn layihələrini dəstəkləyir.” Səfir bu cür layihələrin yoxsulluğun azaldılmasına, insanların sosial müdafiəsinə, infrastrukturun inkişafına, səhiyyə xidmətinin yaxşılaşdırılmasına və gəlirlərin yüksəldilməsinə yönəlik sahələrdə həyata keçirildiyini vurğulayıb. O, BAMF-la həyata keçirilməsi qərarlaşdırılan bu layihə də daxil olmaqla, indiyədək Azərbaycanda ümumu dəyəri   11,609,101 ABŞ dolları olan 152 layihə müqaviləsi imzalandığını qeyd edib. Səfir Azərbaycanda, xüsusən də Bərdə və Tərtər rayonlarında kənd təsərrüfatı sahəsində böyük potensialın mövcudluğunu və Yaponiya hökumətinin bu istiqamətdə işlər görməyə hazır olduğunu söyləyib.

BAMF-ın sədri U.Rəhimoğlu çıxışında Fondun Tərtərdə həyata keçirdiyi müxtəlif layihələr, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə (ANAMA) birgə əməkdaşlıq barədə ətraflı məlumat verib. O, bununla Yaponiya hökuməti ilə sayca 3-cü layihəyə imza atacaqlarını bildirdi: “Biz regionda Yaponiya hökumətinin dəstəyi ilə iki layihə həyata keçirmişik və ümid edirəm ki, bundan sonra da əməkdaşlığımız davam edəcək. Layihənin əsas məqsədi ABŞ Dövlət Departamentinin dəstəyi ilə 2009-2010-cu illərdə BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində yaradılan Tərtər Regional Peşə və Təlim Mərkəzinin təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsidir. Layihənin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə PTM təsərrüfatından daha çox müharibədən zərər çəkən insanlar və onların ailə üzvləri, qaçqın və məcburi köçkün faydalanacaqlar”.

Sonra BAMF-la Yaponiya səfirliyi arasında “Tərtər Regional Peşə və Təlim Mərkəzinin təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi” layihəsinin müqaviləsi imzalanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi