Modern.az

Azercell Telekom MMC 2011-ci ilin yekunlarını açıqladı

Azercell Telekom MMC 2011-ci ilin yekunlarını açıqladı

17 Fevral 2012, 16:35

Ötən il ərzində şirkət bir çox yeniliklərə, uğur və nailiyyətlərə imza atıb


2011-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransını açarkən Azercell Telekom MMC-nin prezidenti Ali Ağan şirkətin ötən il ərzində fəaliyyəti barədə danışdı. Açıqlanan rəqəmlərə görə, ilin sonuna Azercell abonentlərinin sayı 4 milyon 220 min nəfər  təşkil edib. Azərbaycanın mobil rabitə bazarının 55%-nə nəzarət edən Azercell Telekom MMC-nin şəbəkəsi əhalinin 99,8%-ni əhatə edir.

Şirkətin Maliyyə Departamentinin rəhbəri Əhməd Kərimov son rəqəmləri bölüşərkən qeyd etdi ki, Azercell 2011-ci il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 170,2 milyon dollar vəsait yatırıb. Uzun illərdir Azərbaycanın qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Azercell  15 il ərzində bu istiqamətdə 1 milyard 55 milyon dollara yaxın vəsait sərf edib.  Qeyri-neft sektorunda həm də ən böyük vergi ödəyicilərindən olan Azercell 2011-ci ildə dövlət büdcəsinə 136  milyon ABŞ dolları (15 ildə cəmi 1 milyard ABŞ dolları) həcmində vergi ödəyib. Ötən il üçün Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,85 % təşkil edib.

Fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edən sosial layihələrə 2011-ci ildə şirkət tərəfindən 1,2 milyon ABŞ dolları (15 ildə cəmi 15,9 milyon) məbləğində vəsait xərclənib. Bunlar sırasında Book Klub, “Zərif imzalar” kitabının dərci və təqdimatı; gənclərin inkişafına yönələn layihələrdən Tələbə Təqaüd Proqramı, məzunlar üçün Əmək Yarmarkası, Gənc Mühəndislərin Yay Məktəbinin təşkili, Xəzər Universitetində “E-learning” Otağının, Qafqaz Universitetində 4G (LTE) avadanlığı ilə təmin edilmiş laboratoriyanın açılması, Naxçıvan Dövlət Universiteti ərazisində 4G sınaq şəbəkəsinin yaradılmasını qeyd etmək olar. Bu sırada həm də Venesiyada nüfuzlu “Biennale 2011” sərgisində  Azərbaycan pavilyonununa dəstək, “Alış-veriş incəsənətdir” sərgisinin təşkili, uşaqlar üçün Mobil Göz Klinikasının yaradılması, “Onlar da hədiyyə gözləyirlər” layihəsinin və bir çox digər proqramları da xatırlamaq yerinə düşərdi.

Ötən il ərzində bir çox yeni texnologiyanın Azərbaycana gətirilməsi ilk olaraq məhz Azercell tərəfindən təşkil edilib. Bu sırada Unikal Naviqasiya xidməti, atmosferə ifraz olunan karbon qazının miqdarını ölçmək imkanı verən “Karbon Kalkulyatoru” layihəsinin adını çəkmək olar. İlk dəfə məhz Azercell abonentləri online müştəri xidmətlərindən yararlanmağa başlayıblar. Nəhayət, Avropa Yayım İttifaqı (AYİ) Azərbaycanın ən böyük mobil rabitə operatoru və “TeliaSonera” Qrupunun üzvü olan Azercell şirkətini Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Eurovision-2012 Mahnı Müsabiqəsinin əsas tərəfdaşı elan edib. 

2011-ci il Azercell abonentləri üçün maraqlı kampaniyalar, yeni unikal xidmətlərin tətbiqi ilə də yadda qalıb. İl ərzində Azercell rouminq qiymətlərində ciddi endirimlər elan edib. Müxtəlif istiqamətlərdə 60%-ə qədər endirimlər edən şirkət, eyni zamanda ilk dəfə olaraq Fakturasız Xətt abonetləri üçün də xaricdə olarkən SMS yazıb qəbul etmək imkanını yaradıb.
 
2011-ci ildə Azercell xidmətlərinin hesablanma sistemində abonentlər üçün çox əhəmiyyətli olan konturdan manata keçid də uğurla həyata keçirilib. Pulsuz danışıq vaxtları,  SMS və MMS-lər, internet trafiki bəxş edən “Yaz uduş”,  “Yay Kampaniyası”, “Azercell-ə gəl”, “SMS Weekend Bonus”, “Bahar töhfəsi”  kimi layihələr,  avtomobil başda olmaqla müxtəlif  bahalı hədiyyələr qazandıran “Uğurlu SMS” və digər kampaniyalar bir çox Azercelliləri sevindirdi. Bəzi şirkətlərlə birgə keçirilən kampaniyalarda isə Azercell abonentləri çox sərfəli qiymətlə yeni model telefonlar və kompüter almaq imkanı qazandılar.

Şirkət 2011-ci ildə Azercell Chat, Mobil Bələdçi, Zənglərin Filtri, Virtual İş məkanı kimi xidmətəlri istifadəyə verib. Müxtəlif kateqoriyalara hədəflənən “Mediacell” və “Tələb 1–liyi” kimi tarif paketləri abonentlərin daha əlverişli danışmasına imkan yaradıb.

Azercellin həm yerli, həm də beynəlxalq arenada qazandığı mükafatlara əsasən ötən ilin nailiyyətləri haqqında təsəvvür yarana bilər. 2011-ci ildə Azercell Telekom MMC telekommunikasiya sektorunun inkişafına verdiyi müstəsna töhfəsinə görə “Uğur” Milli mükafatına, “İlin ən yaxşı PR xidməti” mükafatına,  “İlin Şirkəti” Milli Biznes Mükafatına layiq görüldü. 2011-də Azercell həmçinin Avropa Biznes Assambleyasının (EBA) təsis etdiyi nüfuzlu Socrates mükafatına layiq görüldü və  Beynəlxalq Biznes Mükafatı (International Business Awards - Stevie) qaliblərinin siyahısında yer aldı. Şirkət həm də xidmət sahəsində nüfuzlu keyfiyyət sertifikatı sayılan EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkəti oldu.

Azercell özünün əsas kapitalı saydığı insan qaynaqlarına 2011-ci ildə 2  milyon ABŞ dolları (15 ildə cəmi 13,2 milyon) həcmində sərmayə yatırıb.  Təsadüfi deyil ki, şirkət İnsan Qaynaqlarına Yatırım IIP (Investors in People) sertifikatının 3 ildə bir keçirilən resertifikasiya mərhələsindən uğurla keçib və MDB məkanında ilk şirkət olaraq Gümüş Sertifikat əldə edib.

2011-ci ildə Azercell abonentləri üçün 3G xidmətini də təqdim etdi. Əlavə Dəyər Xidmətlər Şöbəsinin rəhbəri Leyla Məmmədova qeyd etdi ki, xidmətin tətbiqinə başlanılan bir neçə saat ərzində ondan istifadə edənlərin sayı 100 minə çatmışdı. Hal-hazırda 600.000 Azercell abonenti 3G xidmətinin imkanlarından yararlanaraq hər gün 600GB – 2.4TB arası yükləmə həcmi əldə etmiş olur. 2011-ci ilin nəticələrinə görə, danışıq müddətinin həcmi 100 dəfə, trafikinin həcmi isə 400% artmışdır. Ümumilikdə, ötən il ərzində Azercell-in əldə etdiyi uğur və nailiyyətlərin sayı kifayət qədər çox olub. Şirkət bundan sonra da  öz abonentlərini ən keyfiyyətli rabitə və qabaqcıl texnologiya ilə təmin edərək onları yeni maraqlı və sürpriz dolu kampaniyalar, əlverişli  tarif paketləri, müxtəlif layihələrlə sevindirəcək.

Mətbuat Konfransı zamanı çıxış edən şirkətin Korporativ Ünsiyyət Şöbəsinin rəhbəri, Ülviyyə Həsənzadə, şirkətin 2012-ci il üçün planları barədə danışarkən bildirdi ki, cari ilin ən böyük gözləntisi abonentlərə yüksək keyfiyyətli 4G xidmətinin təqdim olunması olacaq. Şöbə rəhbəri həmçinin qeyd etdi ki, Eurovision–2012 müsabiqəsi ərəfəsində Azercell öz abonentlərinə müxtəlif maraqlı xidmət və kampaniyalar hazırlayır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi