Modern.az

Azərbaycanda Xocalı soyqırımı ilə bağlı dünya birliyinə müraciət olundu

Azərbaycanda Xocalı soyqırımı ilə bağlı dünya birliyinə müraciət olundu

17 Fevral 2012, 16:59

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 17-də dəyirmi masa keçirib.

İctimai Birliyin sədri professor Nadir Abdullayev 20 il əvvəl erməni-rus silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş qətliam barəsində məlumat verib.

“Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin redaktoru Qədir Nəsirov mövzu ilə bağlı məruzə ilə çıxış edib. Tədbirdə İnsan Haqları üzrə İctimai Şuranın sədri Ənvər Qafarlı, Xocalı rayon İcra Hakimiyyətinin məsul işçisi Xəlil Vəliyev, “İnsan Hüquqları XXI əsr - Azərbaycan” Fondunun rəhbəri Şahin Camalov, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Ağsaqqallar Şurasının sədri Asif Məmmədov, “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov, Xocalı sakini, publisist Nuridə Əfqanlı, Xocalı sakini, müharibə veteranı Nazim Hüseynov, Əlillər İctimai Birliyinin sədri Məmməd Əliyev və başqaları çıxış ediblər.

Məruzə və çıxışlarda qeyd olunub ki, 1992-ci il fеvrаlın 25-dən 26-nа kеçən gеcə еrməni silаhlı birləşmələri kоmаndir hеyətinin əsаs hissəsini еrməni millətindən оlаn şəхslərin təşkil еtdiyi kеçmiş Sоvеt Оrdusunun 366-cı motoatıcı аlаyının dəstəyi ilə qədim Аzərbаycаn şəhəri оlаn Хоcаlının əhаlisinə qəddarlığına görə misli görünməmiş divаn tutublаr. О məşum gеcədə bu şəhər yаndırılmış və yer üzündən tаm silinib. Bu vəhşi hücumun nəticəsini əks etdirən qаnlı stаtistikаyа əsаsən 613 nəfər, о cümlədən 63 uşаq, 106 qаdın, 70 аhıl insаn qəddаrcаsınа, dözülməz işgəncələr tətbiq еdilməklə qətlə yеtirilib, ümumilikdə öldürülənlərin 423 nəfəri qocalar, qadınlar və uşaqlardır, 8 аilə tаmаmilə məhv еdilib, 25 uşаq hər iki vаlidеynini, 130 uşаq isə vаlidеynlərindən birini itirib; 487 аdаm, о cümlədən 76 uşаq yаrаlаnıb, əlil оlub, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Möcüzə nəticəsində sağ qalmış 5000-dən artıq sakin məcburi köçkünə çevrilərək pərakəndə şəkildə ölkənin onlarla yaşayış məntəqəsində məskunlaşıb.

Tədbir iştirakçıları göstərmişlər ki, 1988-1992-ci illərdə erməni silahlı quldur dəstələri tərəfindən Kərkicahanda, Meşəlidə, Quşçularda, Qaradağlıda, Malıbəylidə və Azərbaycanın digər kəndlərində baş vermiş qırğınlardan sonra dinc əhaliyə qarşı Xocalıda törədilmiş və bəşəriyyət tarixinə erməni faşizminin dəhşətli təzahürü kimi daxil olmuş bu misli görünməmiş cinayət planlı şəkildə etnik təmizləmə və sonradan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədi ilə törədilmişdi.

Qeyd olunmuşdur ki, Xocalı qətliamını törədənlərin bu günədək cəzasız qalması məsələsi həmişə bütövlüklə Azərbaycan xalqını həyacanlandırır və narahat edir. O fakt təəccüb və hiddət doğurur ki, bu dərəcədə ağır cinayəti törədənlərin heç biri bu günədək məhkəmə qarşısında dayanmamış və layiq olduğu cəzanı almayıb.
Təbirdə bir sıra beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlament və hökumətlərinə müraciət qəbul edilib. Müraciətdə deyilir: “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, dünya dövlətlərinin parlament və hökumətlərinə müraciət edərək onlardan erməni-rus silahlı qüvvələri tərəfindən törədilmiş və bütöv bəşəriyyətə qarşı yönəlmiş Xocalı soyqırımını tanımağı və pisləməyi, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli nizamlanması üçün mümkün olan hər şeyi eləməyi xahiş edir”.

  
Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir